Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:33
«100 İL ƏVVƏLKİ KİŞİLƏRİN NƏ PULU, NƏ DƏ AĞLI İNDİKİLƏRDƏN AZ DEYİLDİ»

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına qatılan Qafqazda ilk özəl muzeyin sahibi Emil Seyid Rza söylədi.

YERALTI ÇAYLAR DƏNİZƏ AXIR

Onun sözlərinə görə, o zamanlar bilirdilər ki, Abşeron yarımadasında 4-5 mərtəbədən artıq bina tikmək olmaz. «Ona görə də, Füzuli meydanında tikilən birinci beşmərtəbəli bina bugünəcən bu adla çağırılır. Şəhərin altından- üstündən xəbərsiz insanlarsa müəyyən yollarla icazə əldə edib göydələnlər ucaldırlar. Ölkənin bütün yeraltı çayları Xəzərə axır. O evlərin özülü qoyulanda, çayların səmti dəyişir. Su da özünə yer tapmağa çalışır və başqa binaların altına dolur».

ƏŞYALAR SU ALTINDA QALDI

Özəl muzey sahibi olan Emil Seyid Rzanın başına da bu əhvalat gəlib. «O fəsadlar yaşandı. Yeraltı qrunt sular qalxdı. Oradakı əşyalar suyun altında qaldı. Mən də qaldım bu su basmış məkanda. Və çarəsizlikdən cansız əşyalarıma üz tutdum və onlara belə bir söz dedim».

ALDI, GÖRƏK, NƏ DEDİ?

Emil Seyid Rza muzeydəki eksponatlara üz tutub qəhərlənə-qəhərlənə bunları söyləyir: «Bu günə qədər mən sizi toplamışam, qoruyub saxlamışam. Bu gündən sonra məndən asılı olmayan səbəblərdən bu fəsadlar baş verir. Mənim də evtikənlər arasında nə dostum, nə tanışım, nə onlarla ünsiyyətim var. Çünki böyük evlər tikənlər balaca adam olmur. İndi siz özünüzə bir yer tapın, məni də aparın arxanızca...»

EKSPONATLAR SAHİBİNƏ NƏ CAVAB VERDİ?

AzadlıqRadiosunun bu sualını Emil Seyid Rza belə cavabladı: «Əşyalar mənə dedi ki, darıxma. Hər gecənin bir səhəri də olur. Və eksponatlar özünə yer axtarmağa başladı. Mən də buna sevindim».

ÖLKƏNİN İLK ÖZƏL MUZEYİNDƏ NƏLƏR VAR?

Gəlin, orada nələr olduğunu qonağımızın öz dilindən eşidək: «Adətimizə-ənənəmizə, Şərq dünyasına və Azərbaycana aid olan nəfis naxışlı mis qablar, palazlar, tikmələr və bir çox qeyri-adi şeylər. Orada elə əşyalar var ki, havanı dəyişmək gücündədir...»

ÖZƏL BİR MƏKAN YARATDIM

Qonağımız 30 ildir bu eksponatları topladığını dedi. «Mən o əşyalar üçün yer hazırlayanda, şəhərdə avrotəmir dəbdəydi. Amma mən daşın-divarın suvağını yerə tökdüm. Ətrafda başqa bir mühit yaratdım. Hər yandan qonaqlar gəldi, televiziya çəkilişləri oldu. Və bu üslub dəbə düşdü. Axırda onu bəsit hala gətirib saldılar. Artıq mis qablar da hər yerdə satılır. Fikirləşdim ki, insanlara fərqli şey göstərmək lazımdır».

ETNİK MUSİQİ ALƏTLƏRİ TOPLAMAĞA BAŞLADIM

Emil bəy bunun üçün yenə dostlarının köməyindən yararlanır. «Dostlarımdan xahiş etdim ki, yaşadıqları ölkənin milli musiqi alətini mənə göndərsinlər. İndi kolleksiyamda 50-yə yaxın türk dünyasına, İpək Yolunun keçdiyi ölkələrə aid alətlər var. Fərqli alətlər, fərqli səslənmələrlə. Hətta eləsi var ki, Bakıda bircə məndədir. Bax, budur, təsadüfən biri üstümdədir- xomus- türk xalqlarının aləti- Avropada buna varqam deyirlər. Çindən, Madaqaskardan gələn alətlərim var. Bu alətlərin hamısını çalmağı öyrənirəm».

MUZEYİN ANCAQ AÇARI MƏNDƏDİR

Emil Seyid Rza indi ancaq muzeyin açarının onda olduğunu söylədi. «Şəhərin mərkəzində- Mərkəzi Univermağın arxasında yerləşirdi. İndi orada olmaq təhlükəlidir. Ev qəzalı vəziyyətdədir. Yanında göydələnlər tikilib, biri də hazırda tikilir».

BİZİMLƏ DEYİL, O ADAM YOXDUR?!

Sonuncu dəfə 2005-ci ilin mayın 18- də- Beynəlxalq Muzeylər Günündə bu barədə danışan qonağımız əşyaları dost-tanışların evlərinə daşıdığını bildirdi. «Onlara da əziyyət verirəm. Heç yerə müraciət etməmişəm. Mayın 18-i –Muzeylər Günündə danışanda da kimlərsə qıcıqlanır. Başqaları bəlkə də sevinərdi ki, Qafqazda yeganə özəl muzey Azərbaycandadır. Amma bizdə deyirlər ki, o kimdir, bir-iki qab yığıb, danışır...Bizimlə deyil, demək, o adam yoxdur. Mən də, təbii ki, onlarla deyiləm. Ola bilmərəm də. Başqa məqamlar var».

XS
SM
MD
LG