Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:39
«KÜNDƏSİ ELƏ ORDA QALDI»

«Biz Laçından çıxıb Şəkiyə düşdük. Kimsə dedi ki, bir həftəyə qayıdacağıq. Qoca bir kişi bikef- bikef dedi ki, hələ bir həftə burdayıq? Bir həftə illər kimi gəlmişdi bizə...»

Söhbət boyu qəhərini zorla saxlayan, arada susub boğazını arıtlayan Baxşeyş Ağayev Laçında son günlərini xatırlayır:

«Anam xəmir yoğurmuşdu. İmkanı da olmadı ki, çörək bişirsin. Elə kündəni evdəcə qoydu, gecə ilə kənddən çıxdıq».

İbtidai sinif müəllimi Baxşeyş Ağayev Laçının Oğludərə kəndindəndir. İndi Bakıda Binə qəsəbəsində məskunlaşıb. Deyir, Laçını anmadıqları, xatırlamadıqları bir gün olmayıb.

İŞĞALDAN 19 İL KEÇİR

Laçın rayonu 1992-ci il mayın 17-də işğal olunub. İşğal zamanı 333 nəfər laçınlı həlak olub, 225 nəfərin qismətinə isə əlillik düşüb.

Laçının işğalı nəticəsində 127 yaşayış məntəqəsində 13745 fərdi ev, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 217 mədəni-maarif, 101 məktəb, 5 məktəbdənkənar tərbiyə müəssisəsi məhv edilib. Bundan başqa 142 səhiyyə, 460 ticarət obyekti, 30 rabitə qovşağı və o cümlədən peşə məktəbi, teatr binası, tarix-diyarşünaslıq muzeyi yerlə yeksan olunub. Ümumilikdə rayona külli miqdarda ziyan dəyib. Laçının 58229 nəfər əhalisi məcburi köçkün düşüb.

TƏBİƏTİN ÜVERTURASI

«Siz bizim yerləri görsəydiniz, deyərdiniz ki, kaş burda ölüb-qalaydım, amma bu yerləri tərk etməzdim. Qar əriyirdi, çay daşırdı, o daşların səsi dağlarda nə cür əks-səda verirdi? Elə bil, təbiət Üzeyir bəyin Koroğlu üverturasını çalırdı».

Baxşeyş Ağayev deyir ki, 1980-ci illərdə Bakıda ali məktəbi bitirəndən sonra paytaxtda işləyib-yaşamaq təkliflərini rədd edib. Üz tutub doğma kəndinə. Amma tale onu yenidən bura gətirib, o isə hər gün Laçına dönəcəyi günü səbirsizliklə gözləyir.

LAÇINI MÜDAFİƏ ETMƏK OLARDIMI?

Müharibə dövründə Laçın özünü müdafiə batalyonunun komandiri olan Arif Paşayev deyir ki, olardı. Əgər siyasi ixtilaflar, siyasi xəyanətlər olmasaydı:

Rəhim Qazıyev
«Azərbaycanı Rusiyanın tərkibində görmək istəyənlərin yeritdiyi siyasətin nəticəsi oldu. Hər bir rayon öz taleyinə buraxılmışdı. Amma görəndə ki, bu cür çətinliklər də yerli müdafiə qüvvələrinin mübarizə əzmini qıra bilmir, onda aprelin 30-da Laçındakı hərbi hissəni ləğv elədilər. Ora yeni rəhbərlik göndərildi».

O vaxt müdafiə naziri olmuş Rəhim Qazıyev isə AzadlıqRadiosuna bildirir ki, onlar ölkədə yeni müdafiə nazirliyi qururdular və əmr də həmin hərbi hissənin yenidən qurulması ilə bağlı olub:

«Heç o əmr yerinə də yetirilmədi»

«LAÇINI NECƏ QAYTARMALI?»

Arif Paşayev isə deyir ki, o günlərlə bağlı onların hərbi hesabatları var. Bu hesabatda onların döyüş planlarından tutmuş minalanmış sahələrə qədər hər şey detallı göstərib. Keçmiş komandir deyir ki, o, artıq «Laçın niyə getdi» sualına cavab axtarmağın tərəfdarı deyil. Fikrincə, artıq bu mövzuya baxış dəyişməli və «Laçını necə qaytarmalı» əsas sual olmalıdır.

Arif Paşayev hesab edir ki, əgər Qarabağda müdafiə döyüşləri olmasaydı, işğal rayonların sayı daha da çox olardı.

LAÇIN VƏTƏN HİSSİNİN BÜTÖVLƏŞMƏSİNƏ KÖMƏK EDƏRDİ

Azər Qaraçənli
«Ay Laçın» yazıçının müəllifi, jurnalist Azər Qaraçənli isə deyir ki, azərbaycanlıların vətən hissi təkcə Azərbaycanla məhdudlaşmır. Onun fikrincə, işğal olmuş torpaqların geri qaytarılması vətən hissini bütövləşdirmək üçün atılmış bir addım sayılacaq.

«DANIŞIQLARDA LAÇIN STRATEJİ ƏRAZİDİR»

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyir ki, Qarabağla bağlı beynəlxalq danışıqlarda erməni tərəfi Laçını strateji region kimi qiymətləndirir. Onun sözlərinə görə, Laçında əzəldən ermənilər məskunlaşmadığı üçün bu rayonun gec-tez Azərbaycana qaytarılacağını gözləmək olar. Elxan Şahinoğlunun fikrincə, Azərbaycanın danışıqlarda ən böyük güzəşti ondan ibarət ola bilər ki, erməni tərəfə Qarabağla Ermənistan arasında Laçından dəhliz versin.

«Azərbaycan dəhlizin təhlükəsizliyini qorumaq üçün beynəlxalq sülhməramlı qüvvələrə imkan yarada bilər. Amma bu o demək deyil ki, erməni tərəfi bu güzəştdən yararlanıb Qarabağa silah-sursat daşısın. Münaqişənin nizamlanmasınada bütün bu detallar yəqin ki, öz əksini tapacaq»

Şərhləri göstər

XS
SM
MD
LG