Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 07:59
Bu hekayə "Ədəbi Azadlıq - 2011" müsabiqəsinə təqdim edilsə də, onluğa düşməyib. Müəllifin istəyilə onu "Oxu zalı"nda dərc edirik.


Rüfət Əhmədzadə

HARDANSA, NƏDƏNSƏ, NECƏSƏ...

Bilirsən...Hardansa, nədənsə, necəsə... Mənə elə gəlir ki, mənim heç vaxt uşağım olmayacaq. Açığı, heç özüm də bilmirəm, nəyə görə belə düşünürəm.

Yəqin ona görə ki, həmişə sübut edə bilmədiyim, heç isbatını da görmədiyim düşüncələrin ardınca qaçmışam.

Elə şeylərə də inanmışam ki, hərdən... Yox, yox, tez-tez də şübhələrə düşmüşəm. Dayanmadan, inanmadan... Qovaraq, amma bir əlimlə də tutaraq, buraxmadan.

Mənim bürcümdənmidir, yoxsa, ruhumdanmıdır, ya mənim bir müalicəyə ehtiyacım var... Bilmirəm. Sadəcə, bilirəm ki, mənim heç vaxt uşağım olmayacaq.

Çünki heç vaxt və heç kiminlə xoşbəxt ola bilməyəcəm.

Olsam belə, bu xoşbəxtlik bir orqazmdan başqasına qədər sürən boşluqda boz görünər. Yəni, anlaşılmayan. Yəni, dumanlı hava.

Sən yenə də yaxşısan, xoşbəxtliyi ilğıma bənzədirsən, qaçırsan...

Bəlkə də yanılıram, amma sənin gözlərinə baxanda elə hiss edirəm ki, hər orqazmda bir əbədilik, bitməzlik axtarırsan. Tapmasan da, bu axtarışdan imtina etmirsən.

Mən belə baxışlarda bakirə ruh görürəm. Amma səndən fərqlənirəm bir azca.

Hər nə qədər arsızlıq eləsəm də... Ruhumdakı sonsuzluğu, bəlkə də murdarlığı ört-basdır eləməyə çalışıram. Baxsana, gözlərimdən müvəqqətilik yağır! Elə ona görə də, yayındırıram öz gözlərimi, gizlədirəm özümü...

Soruşacaqsan: Kimdən? Səndənmi deyim... Sən öl, mən ölüm, vecimə deyilsən. Sən sadəcə qonaqsan. Səni zorla saxlamaq istəsəm də, yalvarıb “qal” desəm də...

Yenə özündən əvvəl gəlib-gedənləri düşünəcək, məskən salmaq arzun oyansa belə, nə vaxtsa qovulmaq qorxusuyla əsib üşüyəcəksən. Və eləcə, qucağımdakı yerindən sürüşəcəksən qapının ağzına. Niyəsini nə sən bilərsən, nə mən...

Biz ancaq onu dərk edə bilərik ki, bizim indiki birgəliyimiz heç də yenilik deyil. Həzz və nəvazişin nə qədər rəngli gəlməsindən asılı olmayaraq.

Səndən əvvəl gələnlər də belə düşündülər, belə düşündürdülər. Hələ, ilk qonağımı demirəm... Deyəsən, çox müdrik idi o qonaq. Hər şeyi lap öncədən hiss etmişdi çox güman. Hardansa, nədənsə, necəsə... Ona elə gəlmişdi ki... Mənim heç vaxt uşağım olmayacaq!

Bəli, düz anlamışdı. Qisməti. Ya da özü yazmışdı. Əlbəttə ki qisməti, taleyi, gələcəyi! Axı, falı öyrəndiyin andan başlayır sənin gələcəyin.

Ya da ki, özgəsinin – sənin öz falında görmədiyin. Hər nə olursa olsun, bir şeyi beyninə həkk etdinmi, ardınca gedəcəksən.

Bədbəxtlik də ondadır ki, insanlar xoşbəxtliyi çətinliklərdən qaçmaqda görərlər. Amma mən də görmüşəm, mən də dadmışam - əl altında olandan imtina etmək də, elə xoşbəxtlik üçün narahat olmaqdır.

Bəlkə də, belə deyil. Ya bəlkə də... Sən də, yəqin ki, nə vaxtsa rədd edilmisən. Və ya rədd eləmisən. Yaxud da, istəmədən...

Hətta nəyin yaxşı, nəyin pis olduğunu da bilmədən... Əlini çəkib boşluğa getmisən. Sadəcə, sənə elə gəlib ki, sənin heç vaxt uşağın olmayacaq. Hardansa, nədənsə, necəsə...

Seçimsiz qalanlar da nə çoxdur bu dünyada! O kəslər ki, yalnız əl altındakıyla qane olarlar, hədəfə əl uzatmaq boşluqda xətt cızmaqdır onlar üçün – sevdikləri sevgililəri olmaz.

Elə mənim də başıma az gəlmədi belə şey: Nədənsə, son zamanlar sevdiyimə “sevgilim” deyəmmədim, sevgilimi sevdiyim biləmmədim.

Bilirsən, çox çətindir... Onu demirəm ki, sevgilini onun əlindən tutub təsadüfən küçədə rastladığın bir qaraçının yanına zorla dartmaq, falçıdan əvvəlcə özünün, sonra da şübhə içində sevgilinin də əlinə baxmasını istəmək.

Çətin olanı ondan sonrasıdır. Qaraçının səni qırağa çəkib qulağına ən çox qorxduğun şeyi pıçıldadığı bir andan sonrası. Düşünməyi deyirəm, düşünməyi!

Dəhşət içində deyim, ya vəhşət içindəmi... Bəlkə də, sevgilinə qarşı kinin oyanar, müqavimət göstərmədiyinə, səni vaxtında saxlaya bilmədiyinə görə fərsiz sayarsan. Özünü isə onunla bəxtsiz.


Bəli, bu duyğuları yaşamaq çox çətindir. Anlayıram, mən bu şübhələrə tab gətirməyin necə çətin olduğunu anlayıram.

Elə ona görə də, heç kimi qınamıram. İndiyədək, məni tərk edənləri yaxşı başa düşürəm. Hamısını, bir-bir! Onlara da nə vaxtsa nəsə gəlib. Hardansa, nədənsə, necəsə....

Lap şeir deməyə bənzədi bu söhbətim! Hardan başlayıb harda qurtarmağı bilməyən, sadəcə özündə içini boşaltmağa ehtiyac hiss edən dəli şairin sayıqlamasına... Görürəm, mürgüləyirsən.

Eybi yox, başını qoy sinəmə. İstəyirsən, mürgülə. Lap xorulda özünçün! Amma mənin söhbətim də bitməyib. Əminəm ki, heç sənin marağın da.

İndiyədək, sən öz qonaqlarını uydurduğun hekayələrinlə aldatmağa adətgir olmusan. Biri üçün uşaq evində böyümüş, bir başqası üçün hansısa ucqar rayondan gəlmiş...

Bəlkə də, kiminsə ürəyi ağrayıb - sənin aldadılaraq atıldığın faciəvi nağılın təsirindən.

Amma nəsə bir təklif də etməyi bacarmayıb. Əksinə, taleyin vurduğu sillənin yarasını soyumağa qoymayıb üzünə-bədəninə tolazlanan sillələr.

Sən sadəcə acının həzzini çıxarmağa çalışmısan. Dadmısan da. Çünki sənin başqa yolun olmayıb. Çünki sənə o yolu açmayıblar. Kim istər ki, birinə yol açaraq öz yolunu bağlasın? Axı, səninki də belə gətirib... Lap mənimki kimi. Hardansa, nədənsə, necəsə...

Yəqin, sən də dadmısan. Xəyanəti deyirəm, xəyanəti! Sevdiyindən demirəm, səni sevənlərdən, sənin üçün hər şeyin ən yaxşısını istəyən adamlardan.

O adamlardan ki, heç özləri də falçı deyillər, bilmirlər ki, sənin ruhun sevmədiyinin yanında hara uçub gedəcək... Və ya sadəcə, hər orqazmda intihar edəcək. Ruhunu deyirəm, ruhunu!

Heç nəyə baxmayaraq, heç kimə inanmayaraq, səni tərk etməyən birini sənin müqəddəs saydığın bir qadın səndən uzaqlaşdıra. Olubmu belə bir şey? Yəqin ki, olar. Olmasa da, ətrafında belə hekayələrdən az eşitməzsən.

Mənimki də onlardan biri olar, tam bənzəməsə də. Görəsən, heç sən də mənim kimi düşünmüsəmi: xoşbəxtlik hərəyə bir cür görünür, amma bədbəxtlik hamıya eyni cür təsir edir və elə oxşar gəlir – axı, niyə belədir?!

Haqsızlığın hökm sürdüyü yer bədbəxtlik yurdudur. Haqsızlıq üzərində qurulan sövdə lənətə məhkumdur. Sınamışam, yaşamışam, bilirəm.

Onu da bilirəm ki, sevdiyindən əl çəkə bilməmək, onun da səndən əl çəkmədiyini görərək, nifrətini qazanmağa çalışmaq nə deməkdir. Sınamamışam, yaşamamışam, amma bilirəm.

Çünki, bunu sınayanı, yaşayanı cəzalandırmaq qərarının necə müşkül olduğunu da çox yaxşı hiss etmişəm. Sadəcə, kənardan...

Canından çox sevdiyin birini az sonra qan içində, özünü isə hardasa və necəsə öz təsəvvüründə canlandırmaq daha çətindir. Yox, qeyri-mümkündür! Bax, bunu heç vaxt yaşaya bilməzdim: əgər özümün necə mərd olduğumu isbat etmək üçün and içməsəydim. Və əlbəttə ki, andı pozmasaydım.

Hə, artıq, özün yavaş-yavaş hər şeyi anlayırsan. Bir filmə bənzədi bu. Bəlkə də, çox ucuz bir “sabun operası”na.... Zibillikdən tapılan tapançanın kiminsə həyatına son qoyması ehtimalı qədər ucuz...

Və mənasız! Sən birinin həyatını əlindən almaq və özün də bu vicdan əzabı ilə yaşamaqdan qorxarkən, öz bəlanı kiminsə seçiminə buraxırsan. O da nə vaxtsa, kimisə seçim qarşısında qoyacaq. Əgər əzabı içində daşımaq üçün çox ağır gəlməsə.

Yox, vicdan əzabı yenə də əl çəkməsə, onu başından atdığı xatanın dalınca qaytarmasa.. Ya da qaytarsa, amma bir gün əvvəl bir yaylığa büküb bir zibil qutusunun yanına atdığı silahını yenə də həminki yerində tapsa... Getdi o. Silahmı, seçimmi, cəzamı, əzabmı, sevgilimmi... Bəlkə, sadəcə mənim gələcəyim?!

Ondan sonrasını yaşamaq lazım. Özündə güc-qətiyyət hiss eləmək. Yenisinin yanında yeni həyat yaşamağa çalışmaq. Amma keçmişə tüpürmək də lazım. Çətin olsa da... Bacaran üçün.

Əlbəttə ki, insan bacarıqlıdır. Sevgisinin uğrunda hər şeyə hazır olacaq qədər. Və həm də çox fərsizdir – nəyə getdiyini ağlına gətirmədən, sevgiyə təslim olmaq. Qaçırtmaq?

O zaman, bütün gerçəklik səni qorxutmağa başlayar – çətinlik, səfillik, qınaq... Bütün bunlara da sinə gərərsən. Amma səni sevənin buna hazır olmadığını anlayanda... Sadəcə, özün qaçmaq istəyərsən.

Harasa, uzaqlara. Bəlkə də, özündən. Sadəcə başqa bir “öz”ünü axtarıb tapmaq üçün. Amma yenə də özgələriylə, sənə elə gələr ki... Sənin heç vaxt uşağın olmayacaq!

Çünki onlar onu sənin üçün doğmağa layiq deyillər. Səbəbini bilməzsən. Hardansa, nədənsə, necəsə... Mənim yerimdə olsan.

Ya da, öz yerində qal. Sadəcə, anla ki, sən kişiləri dəyişməkdən bezdiyin kimi, mən də qadınları dəyişməkdən təngə gəlmişəm. Bəlkə, biz bir-birimizin tayıyıq? Səni tale fahişəyə çevirdi, ya da ağılsızlığın..

Guya, mənmi fərqliyəm? Bilmirəm... Bilmirəm! Sadəcə, mənə elə gəlir ki, mənim heç vaxt uşağım olmayacaq.

Heç mən ona layiqli ata da ola bilmərəm. Bəlkə də, dəyişməyə qorxaram, adətimdən bezsəm belə, lənətimdən dönmək çox çətin gələr... Bəlkə, mən sadəcə çox qorxulu bir qorxağam?!

Eləcə, bir xəyanətin intiqamını min xəyanətlə almağa gücüm çatar. Bir əzabın acısını min adama əzab çəkdirməklə unutmağa çalışaram - bir qucaqdan başqa qucağa qədər. Bu düzəlməzlik deyil... Heç kimin heç kimi düzəldəcək gücdə olmamasıdır. Qorxaqlıqdır bu, qorxaqlıq! Yoluxucu, çox qorxulu qorxaqlıq!

Hamı düzlük istəyir. Deməli, biz özgələr tərəfindən qəbul edilə bilmək üçün özümüz öz gücümüzə düzəlməliyik. Heç vaxt olmayan gücü tapmalıyıq. Hardansa, nədənsə, necəsə....

Bilirsən... Nə qədər ki, sənləyəm... Nə qədər ki, mənləsən... Bizə yenə də elə gələcək ki, bizim gələcəyimiz olmayacaq.

Deyəsən, çox yordum sənin beynini. Hə... Bax, belə! Artıq, davam etməli söz də tapa bilmirəm. Uydura da bilmirəm - yaşadığım saxta həyat məndə təxəyyül də qoymayıb artıq.

Deyirəm, bəlkə, indi sən mənə öz həyat hekayəni danışasan? Həqiqisini, yaşanmışını - hansısa filmi, romanı, hekayəni və ya serialı xatırladarsa belə. Lap əxlaqsız lətifəyə oxşasın.

Amma danış, dinləməyə ehtiyacım var mənim. Aram-aram, papiros tüstüsündə köks ötürə-ötürə... Onsuz, heç nə dəyişməz. Sadəcə.. Bizə elə gələr ki, bizim birlikdə uşağımız olub.

Bir gecəlik hekayəni deyirəm, hekayəni!

Günün bütün mövzuları

XS
SM
MD
LG