Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:07

Bəxtiyar Hidayətin onluğa düşməyən hekayəsi


Bu hekayə "Ədəbi Azadlıq - 2011" müsabiqəsinə təqdim edilsə də, onluğa düşməyib. Müəllifin istəyilə onu "Oxu zalı"nda dərc edirik.


Bəxtiyar Hidayət

TABUTDAN CANLI YAYIM

Dünən usta Sərkar çox yalvarıb-yapışmışdı Məhərrəmə ki sən canın bu tabutu Arançı kəndində Rüstəmə çatdırarsan.

Rüstəmin arvadı rus idi və elə rus kimi də ölmüşdü. Di gəl ki müsəlman qəbristanlığına basdırılacaqdı.

Və yenə di gəl ki müsəlmanlardan fərqli basdırılmağını vəsiyyət etmişdi-məni tabutda basdırın.

Sanki zalım qızı o dünyada müsəlmanlardan bu taxta tabutla qorunacaqdı. Əslində buna da haqqı vardı o rus qızı rusun.

Çünki Rüstəmə qoşulub gəldiyində elə birdi ki bu dünyada Azərbaycan deyəndə bir “Baku” var və orda da diksoteka, restoran əlindən tərpənmək olmur.

Hardan biləydi ki bunun Arançısı var, acımasız kənd həyatı var? Hardan biləydi ki bunun saçı qaynana əlində qalmağı var, baldız danlağı var, toxası var, yabası var?

Hələ bu harasıdı eey, gör özü nə deyirdi o rus qızı rusun:

-Musurman ölənəcən pulunu daşa verir, qalan pulu da elə baş daşına gedir.
Hə, o rus qızı rus elə bilmişdi ki gəlib “Baku”-da gün görəcək.

Amma ölənəcən pulunu daşa-quma verib ev tikməklə məşğul oldu-qonşudan geri qalmamaq üçün.

Indi də ölüb canını qurtarmışdı və tabutda dəfn olunmaq kimi önəmli bir vəsiyyət etmişdi.

- - - - -

Şofer Məhərrəmin kəndindən 2 km aralıda 30 evli Dumanlı kəndi binələşmişdi. Bu kənd 30 evlik olsa da çox adam heç Səmədi tanımırdı.

Əksər adam onu dilənçi zad hesab edirdi kənddə. Yöndəmsiz saqqalı, pırpız saçları və Nikolaydanqalma üst-başı onun bu kəndə dəxli olmadığını reklam edirdi sanki.

Ilin cəmi 5-10 gününü kənddə olardı Səməd. Qalan vaxt nə yerini bilən vardı, nə yurdunu.

Yaşı 50-ni keçsə də hələ evlənməmişdi. Amma onun ki bir belə “Ruset staji” vardı yəqin ki bir xeyli də evlilik macəraları olardı. Hər halda kənddə belə deyirdilər.

Səməd yenə kəndə gəlmişdi və köhnə dostları harda tapsa yaxşıdı, məktəb direktorunun evində. Bəs köhnə dostlar məktəb direktorunun evində nə iş yapırdılar?

Noolacaq, səhərə qədər araqdan döşəmişdilər. Bəs nə münasibət?

Belə ki bu direktor yenə əndirabadi bir ad almışdı- “Nurlu qələm mükafatı laeuratı”
Harda axmaq qəzet, jurnal vardı bu direktor axtarıb tapırdı onları.

Və yaxud da onlar axtarıb tapırdılar bu direktoru. Elə bir qonaqlıq idi bir diplomun canı idi.

Sonra da bir az benzinpulu, vəssalam. Direktor oldu “Nurlu qələm mükafatı laeuratı”. Və yaxud da “İşıqlı qələm mükafatı laeuratı”. Ya da ki “Əməkdar xalq müəllimi”.

Axşam da Dumanlıya bu məqsədlə bir-iki qəzetçi gəlmişdi və məlumdur ki düşmüşdülər direktorun evinə.

Cəmi dörd sinifi olan Dumanlı məktəbinin direktoru da səhərə qədər qəzetçilərə qonaqlıq vermişdi. Səhər də onlarla birlikdə gedəsi idi rayon mərkəzinə. Orda Qarpız Bayramında çıxış edəsiydi.

Və əlbəttə ki söz ona veriləndə bütün mükafatları və bütün adları sadalanacaqdı.

Səməd isə bu direktorla uşaqliq yoldaşı idi. Onun da Allahından idi ki rayon mərkəzinə direktorla birlikdə getsin.

Hər halda orda da bir qonaqliq verəcəkdi direktor. Amma di gəl ki Səməd biletin o vaxta qalmayacağından ehtiyat edib səhər tula talvardan düşməmişdən çıxdı Cinni Qayanın ətəyinə.

- - - - - -

Şofer Məhərrəmin maşının kabinəsində yer yox idi. Səməd özünü verdi kuzaya. Bir müddət tabutun üstündə oturdu. Ehh dedi- Bu tabutların səbəbinə o qədər vurmuşam ki. Hayıf deyil kopolun rusları?

Zalım uşağının dirisi gözəl olan kimi ölüsü də gözəldi. Tabutunu birtəhər quyla getsin, sonra da nə qədər vurursan vur.

Sonra da direktorun adları barədə düşünməyə başladı:

-Bu zalım da eynən oxşayıb elə şahənşah həzrətlərinə. Ona da o axmaq təşkilat qalmayıb ki ad verməsin- ay nə bilim ilin adamı, ilin iqtisadçısı, əsrin nurlu siması və sairə. Ehh daş oturub kəsəyin gününü ağlayır.

Yuxusuzluq Səmədə əldən salmışdı. Bir istədi ki tabutun içinə girib gözünü aldatsın. Amma fikrindən çəkindi ki birdən ayılmaram tabut kiminsə evinə çatana qədər. Camaat da himə bənd. Ayə qoymayın cin gəlib deyə hərə bir dərəyə qaçacaq.

Amma birdən ki şairrəmə yağışın ağzı açıdı, Səməd məcburən girdi tabutun içinə. Və elə orda da yuxuya getdi.

- - - - - -

Suqovuşan kəndində maşının kuzasına beş-on qalstuklu-malstuklu adam dırmaşdı. Əyin-başlarından məlum idi ki onlar da Qarpız Bayramına gedirlər.

Həmçinin əllərində də şah və şahənşahın portretləri vardı.

Amma Səmədi tabuta girməyə məcbur etmiş şairrəmə yağışdan Suqovuşanda əsər-əlamət yox idi. Sanki bu da demokratiya idi-Gürcüstana aid olurdu Azərbaycana yox.

- - - - - -

Səmədin bu tədbirə gedənlərdən xəbəri olmamışdı. Bir də yuxudan ayıldı və xatırladı ki şairrəmə yağışın ucbatından girib bu tabuta.

Fikirləşdi ki əlini tabutdan qırağa çıxarıb yağışın kəsib ya kəsmədiyini öyrənsə bu daha sərfəli olar. Yoxsa onsuz da nazik əyin-başı təzədən islana bilər.

Bu vaxt qalstuklulardan bir ürəklisi tabutun üstündə oturmuşdu. Qalanlarda kəc-kəc tabuta baxırdılar.

Səməd güc verdi və gördü ki tabut açılmır, əməlli-başlı qorxuya düşdü. Axı kim bağladı tabutun ağzını bu dar macalda?

Tabutun üstündə oturan o qalstuklu adam birdən hiss etdi ki tabutdan nəsə səs gəlir və tabutun içində nəsə qımıldayır.”Vaay” deyərək elə dik atıldı ki bayaqdan tabuta gəc-kəc baxanlar da mat qaldılar.

Maşın sürətlə getdiyindən və o tabutun üstündə oturan qalstulklu adam çox dikinə tullandığından bir başa yerə düşdü, başı qarpız kimi paralandı.

. Elə bu anda da tabutdan bir əl çıxdı. Artıq “Allah özün saxla” deyib hoppana bilən hoppanmişdı maşından.

Hələ də şok keçirən bir-iki qalstuklu qalmışdı ki onlar da tabutdan çıxan əlin əvvəlcə göyə açıldığını gördülər. Sonra da o əl çevrilib yerdə sanki yazı yazmağa başladı.

Bu lap məmləkət şahının tabutdan fərman yazmasına oxşayırdı.
Səməd əvvəlcə yağışın kəsib-kəsmədiyini yoxlamış, sonra da maşının kuzasının çoxmu, azmı islandığını yoxlamaq istəmişdi.

Sonra o şok keçirənlər də “Allah özün saxla” deyib maşından hoppandılar.

- - - - - -
Səməd də xeyli qorxmuşdu. Tabutun gec açılamğı və bəzi qəribə səslər onun onsuz da bilinməyən rəngini daha da bilinməz etmişdi.

Tabutdan çıxanda gördü ki maşının kuzasında şahın və şahənşahın portretləri var.

Arxada isə bir-iki qan içində adam çabalayırdı. Əvvəl heç nə anlamayan Səməd məmləkət üçün, Vətən üçün xeyirli bir iş görürmüş kimi bu portretləri tabuta qoydu səliqə ilə.

-Şairrəmə yağış yenə başlayar, hayıfdılar, islanmasınlar.

Sonra da maşının dayanmasından hiss etdi ki burda bir xata var. Portretlərin zəhmi də onu basmışdı onsuz da.

Tələsik cibini yoxladı. Direktorun evindən oğurladığı “çibuş” orda idi. Tez “çibuş”u da əlinə alıb maşından hoppandı. “Çibuş” cibindən düşüb qırıla bilərdi.

Və özünü yaxınlıqdakı meşəyə verdi. Bilet almaq yadından elə çıxmışdı ki.

- - - - - - -

Artıq bura Arançı kəndi idi. Məhərrəm baxdı ki maşında heç kim yoxdu. Çox qorxdu- deyəsən hamı özünü maşından atmışdı. Maşını döndərib arxaya sürdü. Qastuklu adamlar zarıyırdılar.

-Nooldu sizə , haayh? Allah evinizı yıxsın, niyə yıxırsınız evimi? Düşmək istəyirsiniz düşün də adam kimi?

Bayaq tabutun üstündə oturan adam cavab verdi:

-Cin, qardaş, cin. Tabutdan cin çixdi.

-Ayə nə cin, hansı cin?

Digər qalstuklular da tabutda cin olduğunu zarıya-zarıya təsdiqlədilər.

Bu vaxt bayaq Səmədin maşından hoppanıb özünü meşəyə verməsini öz gözləri ilə görmüş bir Arançı sakini dilləndi:

-Qardaş öz gözlərimlə gördüm, canını da butulkaya alıb qaçdı meşəyə. Off bir iynə ilə onu tuta biləydim. Yay uzunu ota basıb işlədərdim. Ya da öz yerimə göndərərdim Olimpiya kompleksinin tikintisinə pulsuz işləməyə.

-Ayə nə cin, onu mən özüm götürmüşdüm Dumanlının CİNNİ QAYA deyilən yerində?

-A başına dönüm, Cinni Qayanın cinlərindən imiş dəə

Qarpəz bayramına gedərkən başı qarpız kimi paralanan qalstuklu adamlardan biri ded:

-A kişi booy, bu cin yox ee, div imiş. Şüşədə divin canı olur. Cinin canı çıraqda zadda olur-çıraq da daha hökumətimizin uğurlu siyasəti nəticəsində öz ömrünü başa vurub.

-Booy Allah, sənə qurban olum, salamat qurtarmışıq. Allah Sərkarın evini yıxsın. Andır qara pişik çıxmışdı qabağıma. Sərkarın andır tabutu olmasa gözləyərdim yoldan başqa bir maşın keçsin, sonra yolu keçim. Dedim gözləyən var tabutu, bu günah qara pişiyin günahından daha böyük günahdı. Bu da başıma gələn. Şükür yaxşı qurtarmışıq- bunu da Məhərrəm bilmək olmadı kimə dedi.

Sonra da əlllərini göyə açdı:

-Sənə qurban olum a gözəgörünməz, özün saxladın məni. Yoxsa o Cinni Qayanın cini məni aparmışdı o dünyaya.

- - - - - - - -

Artıq hadisə yerinə təcili yardım maşınları gəlmişdi. Hamı tabutdakı divdən danışırdı. Hətta öz canını butulkada Ana Vətən kimi qorumağından da danışırdılar divin.

Rus qızı rusun əri Rüstəm kişi artıq öldürsən də tabuta yaxın getməzdi. Ona da söyürdü camaat ki-xalxın evini yıxdı kopolu. Nə tabutbazlıqdı?

Beləliklə o rus qızı rus da son arzusuna çatmadı.

- - - - - -

Hadisə göz qırpımında məmləkətə yayıldı. Telekanallar rəqabətə girmişdilər. Həmin gün hamı divdən danışırdı ölkədə.

ANS bir az da irəli gedib canlı yayım hazırlamaq istədi. Onsuz da qorxusundan tabuta yaxın gedən yox idi.

Beləliklə ANS tabutdan canlı yayım hazırladı. Tabut xalq qarşısında açıldı və bütün ölkə şok keçirdi.

Divdən, cindən bir əsar əlamət yox idi tabutda-şahın və şahənşahın portretləri vardı sadəcə.

ANS ömürlük bağlandı ondan sonra. Elə Səmədin də ayağı bu yerlərdən ömürlük kəsildi.

Həmin gün rayonda Qarpız Bayramı baş tutmadı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG