Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:34
Keçən il MKM-ə qatıldım, iyirmiliyə də düşmədim.

Bu il isə «Sonuncu» romanım onluğa düşdü. Doğrudur, bəzi anlaşılmamazlıqlar oldu.

Adım iyirmiliyə düşdü, bu münasibətlə keçirilən tədbirdə iştirak elədim, ancaq evə qayıdıb elektron poçtuma baxanda «Əli və Nino»dan məktub gəldiyini gördüm.

Romanımın iyirmiliyə düşmədiyi üçün təəssüfləndiklərini bildirir, buna görə ruhdan düşməyəcəyimə və gələn müsabiqələrə qatılacağıma əmin olduqlarını bildirirdilər.

Çaşıb qalmışdım. «Kultaz»-da və «Azadlıq» radiosunun «Oxu zalı»nda şərhlər yazıb ekspertlər şurasının bu məsələyə aydınlıq gətirməsini istədim.

Sonradan bu məktubun mənə səhvən göndərildiyi məlum oldu, amma Nigar xanımın dediyi kimi mən dörd nəfər vasitəsi ilə Nigar xanımla əlaqə saxlamamışam.

Mən belə işlərin və belə yolun adamı deyiləm. Hər şey oxucuların gözü qarşısında olub, şərh yazmışam və bu şərhlərə görə ekspertlər şurasının üzvləri Nigar xanımla əlaqə saxlayıb məsələyə aydınlıq gətirməsini istəyiblər.

Mənə məktub göndərən müxbirlərə, dostlarıma da hər şeyi olduğu kimi yazmışam, artırmadan, əskiltmədən!


Hər iki müəllif münsiflərin onlara qarşı haqsızlıq eləməyəcəklərinə əmindilər, münsifin nə cürəti var dura, Paşa Qəlbinura, ya da Natiq Rəsulzədəyə haqsızlıq eləyə!
Mən mətbuatda bəzilərinin iddia elədiyi kimi ekspertlərə nə zəng eləmişəm, nə tapşırtdırmışam, nə də onların bayramlarını təbrik eləmişəm.

Eləməmişəm, eləmərəm də! Ekspertlər də bunu təsdiq eləyə bilərlər. Bu kimi hallar söz, qələm adamına yaraşan iş deyil!

Bu günkü günə kimi də bilmirəm, əsərimi ekspertlərdən kim oxuyub, hansı neçə bal verib?

Ekspertlərin işinə qarışmaq məqsədim yoxdur, amma mənə qalarsa, Azad Qaradərəli, Kəramət Böyükçöl, Svetlana Quliyeva, Cavid Zeynallı da onluqda olmalıydılar və onda onluq daha sanballı olardı.

Onluq elan olunandan bəri mətbuatda Paşa Qəlbinurun və Natiq Rəsulzadənin münsiflərə zəng eləyib özlərini tapşırmaları barədə xəbərlər dolaşmaqdadır.

Bu günkü günə kimi bu yazarlardan hansı birininsə bunu inkar eləməməsi yazılanların həqiqət olduğunu təsdiqləyir.

Yəni həqiqət olmasaydı bunca ağır suçlamaya mütləq cavab vermiş olardılar.

Belə olurmu? Sən zəng eləyirsənsə, özünü tapşırtdırırsansa, demək, müsabiqəyə təqdim elədiyin əsərə özünün də inamın yoxdur, digər əsərlərlə rəqabətə tab gətirməyəcəyinə əminsən.

Bu yolla da başqalarının haqqına sahib çıxmaq istəyirsən!

Hər iki müəllif münsiflərin onlara qarşı haqsızlıq eləməyəcəklərinə əmindilər, münsifin nə cürəti var dura, Paşa Qəlbinura, ya da Natiq Rəsulzədəyə haqsızlıq eləyə!

Onların sərancamında Aslan Quliyev kimi arxasında dəstə, qruplaşma dayanmayan əyalət yazıçısı – yeri gəlmişkən mən bu siyahidə olan yeganə əyalət yazıçısıyam, - var, bıçaq pendirə işləyən kimi rahat, arxayınçılıqla, nuşicanlıqla işləyə biləcəkləri halda, nəyə görə də özlərini cəncələ salsınlar?

Əziz dostlar, yazıçı qardaşlarım, tarix yazılır axı. Siz bunu özünüzə necə yaraşdırarsınız? Yox, belə deyilsə, bunlar hamısı boş söz-söhbətdisə, çıxın, deyin, biz bir kimsəyə nə özümüzü tapşırtdırmışıq, nə də zəng eləmişik!

Milli kitab müsabiqəsinə rus dilində yazılmış əsər təqdim edilməsi heç bir məntiqlə izah oluna bilməz.

Bir halda milli kitab müsabiqəsidirsə, bura milli dildə yazılan əsərlər təqdim olunmalıdır.

Rusiyada Azərbaycan dilində yazılmış əsərlə hansısa kitab müsabiqəsində iştirak eləmək olarmı? Ya başqa bir ölkədə? Təbii ki, olmaz. Bəs bizdə niyə olur?

MKM-lə bağlı bəzi yazılar yazıldı, münasibət bildirdilər. Hər kəsin öz münasibəti, öz baxışı, mövqeyi.

Rasim Qaracanın «Gərək Aslan Quliyev cavanlara yol verərdi» iradı məndə nostalaji hisslər oyatdı.

Bir vaxtlar yazılarımı redaksiyalara verəndə deyirdilər, sən hələ cavansan, çap olunmağa vaxtın çox olacaq, yol ver, bunları çap eləyək, görmürsən, bir ayaqları o dünyadadır.

Görürdüm, çəkilir və yol verirdim. Lap elə o qədər də şişirtməyək, söz gəlişi deyirdilər, çəkilməsəydim də, yol verməsəydim də, nəsə dəyişməyəcəkdi, üstümdən keçib gedəcəkdilər.

İndi də deyirlər, sən artıq yaşlısan, çəkil, cavanlara yol ver. Olurmu? Mənim növbəm heç çatmadımı?

Müsabiqədən əvvəl ekspertlərin də, münsiflərin də əsərlərə neçə bal verəcəklərini açıq yazacaqlarını deyirdilər.

Ekspertlərdən heç biri bunu eləmədi, münsiflərdən isə bircə Rəşad Məcid öz ballarını açıqlayıb.

Amma necə? 13 apreldə 4 müəllifin əsərini oxuduğunu deyir, mən də bu dörd müəllifin arasındayam və mənim peşəkar yazıçı olduğumu qeyd eləyir.

Yəni 3-4 günə dörd iri həcmli roman oxuyub. Rekord göstəricidi. Bu göstəriciyə nail olmaq üçün gərək evdən çölə çıxmadan gecə-gündüz oxuyasan.

Ballarını açıqlayanda isə Pərvizlə mənim romanlarımın çətin oxunan olduqlarını yazır.

Üç romanı, üstəgəl bir də çətin oxunan romanı 3 günə oxuyasan? Həm də təkcə yazmaqla kifayətlənmir, bizim romanları oxuyarkən xeyli əziyyət çəkdiyinə görə Nigar xanımdan konpensasiya da tələb eləyir.

Allah, Allah, müsabiqəyə qatılmağa qərar verəndə işin içində bu kimi əmmalar olacağı kimin ağlına gələrdi?

Belə çıxır oturduğumuz yerdə oturmaq əvəzinə, başımıza oyun açmışıq. Kim zəmanət verə bilər ki, münsiflərdən hansı birisə bizim romanları oxuyarkən işgəncələrə və əzablara məruz qaldığı üçün Nigar xanımı məhkəməyə verməyəcək?

Bir halda biri kompensasiya tələb eləyirsə, digəri niyə məhkəməyə verməsin? Məhkəmə söhbəti olacaqsa, işin bir ucu heç şübhəsiz bizə gəlib çıxacaq. İndi gəl roman yazmaq eşqinə düşdüyün üçün saatlarla hakim qardaşlarımıza hesabat ver!

Yapışacaqlar yaxandan, sənin işin-gücün yoxmu, nə haqla roman yazıb adamlara əzab verirsən?


Allah, Allah, müsabiqəyə qatılmağa qərar verəndə işin içində bu kimi əmmalar olacağı kimin ağlına gələrdi? Belə çıxır oturduğumuz yerdə oturmaq əvəzinə, başımıza oyun açmışıq.
Nəyə görə sənin romanına görə ölkənin çox hörmətli, ədalətli, vicdanlı vətəndaşları işgəncə görməlidilər? Nə deyəcəksən?

Lap elə dedin, bir səhvdi olub, mənim özgə niyyətim yox idi, kimsəyə işgəncə vermək məqsədim olmayıb, inanacaqlarmı? Haçan deyibsən, inanıblar, indi inanalar?

Neləyəcəksən, yazıçı dostum? Romana da, romanı yazmağa başladığın günə də, ən başlıcası onu hansısa müsabiqəyə göndərmək haqda başına gic-gici ideya gəldiyi günə lənətlər yağdırmaqdan başqa əlindən nə gələcək?

Lap deyək, yalvardın, yaxardın, bağışlayın məni, öldürməyin, deyə ilan dili çıxartdın, öldürməyəcəklərmi?

Öldurəcəklər, dostum, neçə vaxtı necə qəşəng-qəşəng öldürürdülərsə, yenə də elə qəşəngcə öldürəcəklər!

Bu onluğu sıravi oxucu belə gözdən keçirsə, hər şey məlum olar.

Əslində Rəşad bəy əsərlərə yox, müəlliflərə və onların mövqelərinə neçə bal verdiyini açıqlayıb.

Bizim Azərbaycanımızda niyə belə olur axı, niyə də belə olmalıdır?

Ehtiyac içində yaşayan hansısa tənqidçi bircə qonaqlığa kimisə yıxıb sürüyürsə, ya da kimisə tərifləyib dağ başına qaldırırsa, onu hardasa başa düşmək olur.

Amma heç bir qonaqlığa ehtiyacı olmayan, kifayət qədər təmin olunmuş Rəşad Məcid niyə belə eləməlidir?

Həqiqət adına iş görsəydi nə olacaqdı? Niyə haqqın üstündən xətt çəkəsən?

Haqq Allahın adıdı axı. Əslində mən Rəşad Məciddən ayrı cür də münasibət gözləmirdim, bu haqda keçən il iyirmiliyə düşməyəndə yazmışdım da.

Sadəcə bir dəfə intervülərinin birində demişdi ki, mən hətta bəzilərinin təsəvvür eləməyəcəyi qədər ədalətliyəm. Məni çaşdıran bu idi.

Bəzilərinin təsəvvür belə eləməyəcəyi ədalət bu imiş.

Qardaş, bunun adı ədalət deyil. Əlimi ürəyimin üstünə qoyub sizi əmin eləyirəm ki, buna ədalət demirlər.

Digər münsiflər isə hələlik ballarını açıqlamırlar, çox yəqin bir qismi heç açıqlamayacaq da.

Hər şey qabaqcadan məlum olduğu halda belə müsabiqəyə qatılmağa dəyərdimi?

Hər halda dəyərdi.

Mən belə düşünürəm.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG