Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:45

Diffamasiya qanunu jurnalist həbslərini durdura bilərmi?


Qulu Məhərrəmli
«Panorama» verilişində suallara media eksperti Qulu Məhərrəmli və «Turan» İnformasiya Agentliyinin direktor müavini Şahin Hacıyev cavab verir.

Qulu Məhərrəmli:

«OLA BİLSİN, DEDİKLƏRİM İLLÜZİYA TƏSİRİ BAĞIŞLASIN»

««Diffamasiya haqqında» qanun söz azadlığına fayda verən addımlardan biridir. Təbii ki, bunu quş qoymaq xatirinə qəbul edib jurnalist repressiyalarını davam etdirəcəklərsə, bunun elə bir faydası olmayacaq. Mən qorxuram ki, Azərbaycanda bu məhz görüntü üçün qəbul edilsin. Əvəzində jurnalistləri əzən, onları nəzarətdə saxlayan başqa metodlardan istifadə edilsin. Belə halın baş verməməsi üçün güclü media ictimaiyyəti, güclü vətəndaş cəmiyyəti lazımdır. Ola bilsin, mənim dediklərim illüziya təsiri bağışlasın. Çünki Azərbaycanda vətəndaş cəmiyyəti çox zəifdir. Taqətdən düşüb, süstdür. Buna görə də virtual dünyada, internet mediasında olan canlanmanı biz izləməliyik və özümüz də onda fəal iştirak etməliyik».

Şahin Hacıyev:

«MƏN «DİFFAMASİYA HAQQINDA» QANUNUN QƏBULUNDAN QORXURAM»

««Diffamasiya haqqında» qanun əslində müsbət bir məsələdir. Ancaq mən «Diffamasiya haqqında» qanunun qəbulundan qorxuram. Deyim sizə niyə? Bizdə mətbuatın vəziyyəti çox ağırdır. Bu qanun qəbul edilsə, Azərbaycanda çox qəzet və jurnalisti qanuni şəkildə cəzalandırmaq olar. Hakimiyyət indi olduğu kimi, mətbuatı nəzarətdə saxlamaq istəyirsə, bu qanunu qəbul etməlidir.
Şahin Hacıyev
Çünki bir çox mətbuata, televiziyalara baxsanız, tamamilə böhtan, təhqirdir. Təbii ki, hakimiyyət öz dostlarını müdafiə edəcək. Misal üçün müstəqil, müxalif şəxslər televiziyalardan təhqir olunanda, onlar məhkəməyə müraciət edəndə, həmin televiziyalar cəzalanmayacaqlar. Ancaq müstəqil, müxalif media müdafiə olunmayacaq. Sonrada hakimiyyət deyəcək ki, deyirdiniz diffamasiya, bu da diffamasiya. Məhkəmələr müstəqil, cəmiyyət plüralist olmasa, ayrıca bir qanunun heç bir xeyri yoxdur. Və yaxud bir zamanlar deyirdilər ki, bizdə ombudsman var, ancaq Avropanın bəzi ölkələrində ombudsman yoxdur. İndi ombudsman insan haqlarını müdafiə edir? Kağızda hər şey var, ancaq bu, real həyatda yoxdur. Hakimiyyət də istəyir ki, kağızda hər şey olsun, reallıqda isə heç nə».

Qulu Məhərrəmli:

«Şahin bəy bir qədər ümidsiz danışdı və hakimiyyətə bəzi reseptlər verdi. Mən istəmirəm bu resept yerinə yetirilsin. Əslində, hakimiyyət nəyi necə etməyi bilir. Gəlin ümidsiz olmayaq. Biz dünyanın bir parçasıyıq və ayrıca yaşamırıq. Əlbəttə, onunla razıyam, bir gül bataqlıqda bitə bilər, ancaq uzun müddət yaşaya bilməz...»



HƏMÇİNİN OXU

Dunya Miyatoviç: «Fikrini deyən həbsə atılmamalıdır»

Şərhləri göstər

XS
SM
MD
LG