Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:26

Oliqarxların neft sövdələşmələri, H.Əliyevin Klintona hədiyyələri və...


Mətbuat icmalı

Mətbuat icmalı

«NEFT PULLARI OLİQARXLARIN ARASINDA BÖLÜNÜR»

«Bizim Yol» qəzeti Dövlət Neft Şirkətinin kimlərlə müqavilə imzaladığını araşdırıb və belə bir nəticəyə gəlib ki, «ARDNŞ offşor zonalarda yaradılan məmur firmaları ilə müqavilələr bağlayıb».

«Həmin şirkətlərin bir neçəsi ilə bağlı axtarış apardıqda, onların əcnəbi deyil, azərbaycanlı oliqarxlara məxsus olduğunu öyrəndik. Hətta həmin məmurların adları da bizə məlumdur. Sadəcə olaraq, bu barədə kifayət qədər sübut əldə edə bilmədiyimizdən, onların adlarını göstərmirik. Neft sektorundakı gəlirlərə şərik olan bu məmurların şirkətləri ilə müqavilələrin müddətsiz bağlanması o deməkdir ki, ölkədə neft olduqca onların da payı olacaq.

Müqavilələrin pərdə arxasında daha dəhşətli məsələlər yatır. Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı deyir ki, müqavilələrin əksəriyyəti bir-birini təkrarlayır, eyni işləri görür:

«Bağlanan müqavilələrdən korrupsiya iyi gəlir. «Lancer S.A. Services» ilə birgə müəssisə yaratmaqla pul silirlər. Bu şirkət offşor zonada yaradılan və özlərinə aid şirkətdir. Neft Şirkətinin ekologiya idarəsi ola-ola onunla müqavilə bağlamağa nə ehtiyac var...».

DEPUTATINI TANIMAYAN, SUYU OLMAYAN ŞOFERLƏR KƏNDİ

«Biz unudulmuşuq. Ən böyük problem bu qəsəbədədir. Amma nə gəlib baxan var, nə də yazıb-pozan. Allahın ümidinə qalmışıq. Gözümüz yolda qalıb ki, bəlkə prezident yolunu bizim qəsəbədən də sala. Elə olsa, çox yaxşı olar. Bütün dərdimizi ona deyərik. Bəlkə əlac etdi...».

«Yeni Müsavat» qəzetinə danışan Bakının Digah kəndinin sakinləri belə deyib.

Yazı müəllifi qeyd edir ki, «əslində, Bakının hansı kəndinə gedirsən get, sakinlərin sözü bu olacaq:
Digah kəndi
«Biz unudulmuşuq, bizim kəndi yaddan çıxarıblar»:

«Qəsəbənin çox hissəsinə yayda su gəlmir. Məcbur olub suyu maşınla alırıq. Kimə şikayət ediriksə, deyirlər demaqoqluq edirsən. Səsimizi nə bələdiyyə eşidir, nə də yuxarılar. Çox çətin şəraitdə yaşayırıq».

«ONUN HƏYATININ ƏSAS QAYƏSİ MÜSTƏQİL AZƏRBAYCANDIR. BU İSƏ ƏBƏDİDİR!»


«Azərbaycan» qəzeti İTAR-TASS agentliyinin baş redaktorunun birinci müavini Mixail Qusmanın mərhum prezident Heydər Əliyevə həsr olunmuş «Lider formulu» adlı məqaləsini yerləşdirib:

«Arkanzasda Bill Klintonun prezident kitabxanasında bir kabinet var, orada onun rəsmi şəxslərdən qəbul etdiyi hədiyyələr saxlanılır. Kitabxananın sahəsi böyük deyil və Klintonun hakimiyyətdə olduğu iki prezidentlik müddətində ona verilmiş minlərlə hədiyyəyə, əlbəttə, burada yer çatmır. Bu kitabxanada Klinton üçün ən dəyərli hədiyyələr sərgilənir. Heydər Əliyevin ona bağışladığı iki hədiyyənin görməli yerdə olması dərhal diqqətimi cəlb etdi. Klinton mənimlə söhbət zamanı etiraf etdi ki, Azərbaycan prezidenti ilə görüş onun xatirində dərin iz qoymuşdur. Heydər Əliyev həm sadə insanlarda, həm də dünya liderlərində tamamilə fərqli təəssürat yaratmağa müyəssər olurdu».

«AVROPA PARLAMENTİNİN QƏTNAMƏSİ REALLIĞA UYĞUN DEYİL»

«Yeni Azərbaycan» qəzeti
belə yazıb. Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova qəzetə bildirib ki, Azərbaycanda söz, ifadə azadlığı tam təmin olunub və bunu inkar etmək mümkün deyil:

«Təəssüf ki, bəzi beynəlxalq təşkilatlar Azərbaycanda həyata keçirilən islahatları, gerçəklikləri düzgün dəyərləndirə bilmirlər, hansısa qanunazidd hərəkətlərə dəstək nümayiş etdirməyə çalışırlar. Amma nəzərə almaq lazımdır ki, hüquqi dövlətlərdə bütün məsələlər qanunauyğun şəkildə həll olunur və hər kəs qanun qarşısında bərabərdir».

Avropa Parlamenti Azərbaycanı tənqid edən qətnaməni qəbul edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG