Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:56

«Amnesty International»: «Hədə-qorxular, təzyiqlər davam edir»


Bakıda mitinqlərdən birində müxalifət fəalı saxlanan zaman, 12 iyun 2010

Bakıda mitinqlərdən birində müxalifət fəalı saxlanan zaman, 12 iyun 2010

«Jurnalistlər və vətəndaş cəmiyyəti fəalları hədə-qorxulara məruz qalıb. Hakimiyyət Bakının mərkəzində etiraz aksiyalar keçirilməsinə qadağa qoymaqda davam edir. Qeyri-hökumət təşkilatları və dini qurumlar qeydiyyatdan keçməkdə çətinliklərlə üzləşirlər».

Dünyada insan haqlarının vəziyyəti haqqında «Amnesty International»ın yaydığı hesabatın Azərbaycana aid hissəsində belə deyilir.

Hesabatda bildirilir ki, jurnalistlərə və vətəndaş cəmiyyəti üzvlərinə qarşı hədə-qorxular, təzyiqlər və zorakılıq aktları cəzasız qalıb. Bu da özünüsenzuranı artırıb.

Tənqidi susdurmaq, jurnalistləri həbs, cərimə etmək üçün cinayət və mülki diffamasiya qanunvericiliyindən istifadə olunub.

«ATƏT 7 noyabr parlament seçkilərinin dinc keçirildiyini, lakin ölkənin demokratik inkişafında əhəmiyyətli tərəqqi təşkil etmədiyini bildirib. Seçki vaxtı bir neçə jurnalist səslərin sayılması prosesindən zorla kənarlaşdırılıb» - deyə sənəddə qeyd olunur.

Avropa Parlamentinin mayın 12-də qəbul etdiyi qətnamə də xüsusilə gənc fəalların həbsi pislənilir. Qurum Azərbaycan hakimiyyətini qanunsuz ittihamlardan imtina etməyə, ölkədə jurnalistlərin müdafiəsinə təminat verməyə çağırır.

YAP HƏR İKİ SƏNƏDİ QƏRƏZLİ SAYIR

Hakim Yeni Azərbaycan Partiyası (YAP) isə hər iki sənədi qərəzli sayır.

YAP icra katibinin müavini Mübariz Qurbanlı AzadlıqRadiosuna deyib ki, Avropa parlamenti qətnamə qəbul edərkən Azərbaycandakı faktları kifayət qədər araşdırmayıb və demokratiya sahəsində əldə edilən uğurlar nəzərə alınmayıb:

Mübariz Qurbanlı
«Hesab edirəm ki, sənəddə göstərilən tənqidi məqamlar həqiqəti əks etdirmir, obyektiv deyil. Ona görə ki, Azərbaycan ölkədəki demokratik prosesi daim dərinləşdirir».

M. Qurbanlı qətnamədə seçki və azadlıqlarla bağlı deyilənlərin də əsasız olduğu qənaətindədir:

«Sərbəst toplaşma azadlığı, vicdan azadlığı, söz azadlığı, mətbuat azadlığı ölkədə tam təmin edilir. Azərbaycanda hansısa şəxsi siyasi baxışlarına, siyasi mövqeyinə görə təqib etmirlər. Avropa Parlamentinin qətnaməsində göstərilən faktlar da yalnız və yalnız həmin prosesi dərindən bilməyən və subyektivliyə söykənən şəxslərin gəldiyi qənaətdir».

«Amnesty International»ın hesabatına gəlincə, YAP icra katibinin müavini deyir ki, bu qurum da dəfələrlə Azərbaycanla bağlı qərəzli məlumatlar yayır və onun açıqladığı son hesabatda Azərbaycanla bağlı qeyd olunanlar tam qərəzlidir. Mübariz Qurbanlının deməsinə görə, rəsmi qurumlarla razılaşdırılmayan mitinqlərin, aksiyaların qarşısı Avropa ölkələrində də alınır. Bu baxımdan o hesab edir ki, həmin aksiyaların qarşısının alınması ilə bağlı hakimiyyətin atdığı addımları antidemokratik addım
İsa Qəmbər
adlandırmaq düzgün deyil.

«BUNLARI NECƏ İNKAR ETMƏK OLAR?»

Müsavat başqanı İsa Qəmbər isə hakim partiya nümayəndəsindən fərqli olaraq beynəlxalq hesabatların reallığı əks etdirdiyini deyir:

«O qətnaməni tənqid edənlər, onu qərəzli sayanlar oradakı müddəaların hər hansı birinin həqiqət olmadığını necə sübut edə bilərlər? O qətnamədəki bütün cümlələr həqiqəti əks etdirir. Jurnalistlər, siyasi fəallar həbsdədir, mitinqlərin qarşısını alırlar, adamları həbs edirlər, vicdan məhbusları var artıq, bunların hansını inkar edə bilərlər?».

«BAŞ VERƏNLƏR GİZLİN DEYİL, HƏR ŞEY GÖZ QABAĞINDADIR»


Səidə Qocamanlı
İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı da həm qətnaməni, həm də hesabatı obyektiv sayır. Hüquq müdafiəçisi hesab edir ki, əslində hər iki sənəd Azərbaycanda baş verənlər hadisələrin aradan qaldırılması istiqamətdə bir xəbərdarlıqdır:

«Aprel ayında nə qədər adamlar işgəncəyə məruz qalıblar, həbsxanaya atılıblar. Bu ki, gizlin deyil, hamısı göz qabağındadır. Həmin mitinqləri həm də beynəlxalq təşkilatlarının nümayəndələri monitorinq ediblər, bu hamısı onların gözü qarşısında baş verib».

S. Qocamanlının fikrincə yaxşı olar ki, Azərbaycan Avropa Şurasının Monitorinq Komitəsinin ölkədə siyasi məhbuslarla bağlı gözlənilən hesabatı üstələmək üçün 2 aprel aksiyasında həbs edilənləri və siyasi məhbusları azadlığa buraxsın.

Şərhləri göstər

XS
SM
MD
LG