Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:21

AzadlıqRadiosunu «evlərə azadlıq gətirən radio» adlandırırlar


Azad Avropa Radiosu Çexoslovakiyaya ilk yayımının 60-cı ildönümünü qeyd etdi

Azad Avropa Radiosu Çexoslovakiyaya ilk yayımının 60-cı ildönümünü qeyd etdi

Bu ay Azad Avropa Radiosunun (AzadlıqRadiosu ilə birləşib Azad Avropa/Azadlıq Radioları Korporasiyası – RFE/RL adlandı – red.) kommunist Çexoslovakiyasına ilk yayımının 60-cı ildönümü mərasimləri keçirildi. Bu tədbirlərdə çex və slovak siyasiləri və mədəniyyət xadimləri radionun Orta və Şərqi Avropada kommunizmin devrilməsindəki rolunu vurğulayıblar.

«Azad Avropa Radiosu kommunist rejiminin yaratdığı informasiya baryerini dağıtdı. Həqiqət budur ki, bu radio daim bizim şüurumuzda qalacaq». Bunu Çexiyanın Baş naziri Petr Neças (Petr Necas) deyir.

KİÇİK AZADLIQ ADASI


Slovakiyanın Baş naziri İveta Radiçova (İveta Radicova) isə xatırlayır ki, Azad Avropa Radiosunun yayımları «insanların evlərinə kiçik azadlıq adası gətirib». O, deyir ki, radionun jurnalist peşəkarlığı bu gün də post-kommunist Avropasında dəyərlidir. Çünki korrupsiya məsələləri regionda demokratiyaya təhlükə yaradır.

Azad Avropa Radiosu 2002-ci ildə Çexiyaya, 2004-cü ildə isə Slovakiyaya yayımını dayandırıb.

Neças və Radiçova ötən həftə keçirilən konfransda danışıblar, radionun Çexiya və Slovakiyaya yayımının irsini təhlil ediblər. Konfrans Çex İctimai Radiosunun Azad Avropa Radiosu, Karlov Universiteti və Çexiya Senatı ilə birlikdə keçirdiyi tədbirlər çərçivəsində baş tutub.

Azad Avropa Radiosunun yayımları «insanların evlərinə kiçik azadlıq adası gətirib»
BORCUMUZU ÖDƏMƏYƏ BAŞLADIQ

«Biz çox məmnun idik ki, «Dəmir pərdə» dağılandan sonra Azad Avropa Radiosunu Praqada qarşılaya bildik və bu radionun gördüyü ciddi işə görə borcumuzu ödəməyə başladıq». Bunu isə Çexiyanın keçmiş prezidenti Vatslav Havel (Vaclav Havel) bəyanatında deyir.

«Ümidvaram ki, Azad Avropa Radiosu post-modern and siyasi cəhətdən qeyri-sabit dünyada missiyasını davam etdirir: insan haqlarını, mülki hüquqları və insan ləyaqətini müdafiə edir».

MİNNƏTDARLIQ BORCU


Azad Avropa/Azadlıq Radioları 1995-ci ildən Praqada yerləşir. Həmin ildə Almaniyanın Münhen şəhərindən bura köçüb.

ABŞ-ın Çexiyadakı səfiri Norman Eysen (Norman Eisen) Azad Avropa Radiosunun çexiyalı ev sahiblərinə davamlı qonaqpərvərliyə görə təşəkkür edib:

«Biz çex xalqına Azad Avropa Radiosunun mühüm missiyasına davamlı dəstək göstərdiyinə görə böyük minnətdarlıq borcluyuq».

Azad Avropa Radiosu yayımına 1951-ci ilin mayında Münhendə başlayıb
İlkin yayımından 60 il sonra Azad Avropa Radiosu 28 dildə və 21 ölkədə 20 milyona yaxın insanı əhatə edir. Həmin ölkələr sırasında Rusiya, Belarus, İran, İraq, Əfqanıstan, o cümlədən Azərbaycan da var.

XİLASEDİCİ ROLUNDA

Azad Avropa/Azadlıq Radiolarının vitse-prezidenti Con O'Sallivan (John O'Sullivan):

«Biz insanlar üçün xilasedici rolunda qalırıq - avtoritar rejimdə, müharibə zonasında yaşayanlar, terrorçuluq hədəsi ilə üz-üzə qalan insanlar üçün. O insanlar ki, etibarlı xəbərlər, mübahisəli məsələlərdə fikir müxtəlifliyi axtarırlar. Çox təəssüf ki, bizim tapşırığımız hələ bitməyib».

Bu tədbirlər barədə daha ətraflı bilmək istəyirsinizsə, AzadlıqRadiosunun ingiliscə saytına, yaxud bu səhifəyə baş çəkin.

Azad Avropa/Azadlıq Radioları müstəqil beynəlxalq xəbər təşkilatıdır. ABŞ Konqresinin Yayım Şurası (BBG) vasitəsilə maliyyələşir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG