Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:24

Cənub bölgəsində AIDS-ə yoluxanların sayı artır


Rəməli İbişov
Lənkəran rayon Gigiyena və Epidemiologiya Mərkəzinin HIV-AIDS Diaqnostika Laboratoriyasının müdiri Rəməli İbişov deyir ki, cənub bölgəsində bu ilin birinci rübündə HIV-ə yoluxmuş 15 nəfər aşkarlanıb. Bunlardan 3-ü Lənkəran, 8-i Astara, 3-ü Masallı, 1-i isə Cəlilabad rayonunun payına düşür. Ümumilikdə, bölgədə 370 nəfər virusa yoluxan qeydiyyatdadır. Son illərdə 90 nəfər virusa yoluxan vəfat edib.

AIDS-Ə YOLUXANLARIN SAYI ARTIR

«Cənub bölgəsində bir laboratoriya var, o, da Lənkəranda yerləşir. Bir ayda 2 min nəfər müayinədən keçirilir. Virusa yoluxanların sayı artır. 2009-cu ildə 25 HIV daşıyıcısı aşkarlanmışdısa, 2010-cu ildə bu rəqəm yarım dəfə artıb».

R. İbişov virusa yoluxma hallarının Astarada daha çox müşahidə edildiyini deyir:

«Nəzərə alsaq ki, bu virusa yoluxanların əksəriyyəti narkomandır, onda hər şey aydın olar. Astarada narkomanların sayı başqa rayonlara nisbətdə çoxdur».

«VİRUS DAŞIYICILARI ARASINDA AZYAŞLI UŞAQLAR DA VAR»

R. İbişov deyir ki, azyaşlı uşaqlarda sərbəst yoluxma yoxdur:

«Valideynlər virus daşıyıcısıdırlarsa, bunun uşağa keçmə ehtimalı böyükdür. Virus daşıyıcıları arasında azyaşlı uşaqlar da var. Onlar mərkəzin qeydiyyatındadır».

R. İbişov müayinənin artırılmasını vacib sayır:

«Bununla yanaşı, təbliğat da aparırıq. Hər bir insan sağlam həyat tərzi keçirməlidir, ətrafını da qorumalıdır. Gözəllik salonlarına gedəndə, diqqətli olmaq vacibdir. Əsas yoluxma yaşı 20-dən yuxarıdır.
«Cənub bölgəsinin 6 rayonunda 1 milyona yaxın əhali yaşayır. Bu hesabla 30-40 il lazımdır ki, əhali müayinə olunsun».
Bu virusa yoluxanların arasında hər yaşda olanlar var. Orta yaşda olanlar daha çoxdur».

Statistikaya əsasən, dünyada 40 milyondan çox AIDS-ə yoluxan var. R. İbişov hesab edir ki, bu virusa yoluxanların sayı qonşu ölkələrdə az deyil:

«Buna görə də diqqətli olmaq lazımdır. Uzun müddətə qonşu ölkələrə gedənlər qayıdandan sonra özlərini müayinədən keçirməlidirlər».

Bölgədə bu virusa qarşı mübarizənin zəif aparıldığını düşünənlər də var. Adının çəkilməsini istəməyən bir həkimin dediyinə görə, AIDS-ə yoluxanların sayı qat-qat çoxdur. Sadəcə, Azərbaycanda rəsmi statistikada həqiqət gizlədilir:

«Bölgədə bir laboratoriya bəs etmir. Laboratoriyada ayda 2 min nəfər müayinə olunur. Cənub bölgəsinin 6 rayonunda isə 1 milyona yaxın əhali yaşayır. Bu hesabla 30-40 il lazımdır ki, əhali müayinə olunsun. Lənkəran laboratoriyası köhnə binada, dar otaqlarda yerləşir. Virusa qarşı ciddi mübarizə aparılmır».

Günün bütün mövzuları

XS
SM
MD
LG