Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:40

Susdur bu əclaf səssizliyi


Nərmin HÜSEYNZADƏ

***

Bilirəm,
Sevgililərim nə zamansa kitaba dönəcək rəfimdə
Cəmi bir kitab qədər iz qoyacaqlar həyatımda
Elə dostlarım da
Bircə sən, Əsmər, bircə sən...

Bir az danış, Əsmər,
susma
darıxıram.
Çək qara bəbəklərini kitab rəfinədəki tozdan
Şikayətlənmə otağımın töküntüsündən
Qaldırma yerdən paltarları
Hoppanma da üstündən
Ayaqla keç
Susma
Sən susanda
Darıxıram

“Biz Ahmet Kaya cocuqlarıyız” deyib
Üsyan edən dostumdan
hüzünlü məktub aldım
gecədən bir az keçmiş
köhnə şəkillərə baxıb üzüldüyünü yazıb
mənə..
Xəstə və yorğun halda
siqaretə söykəmişəm çənəmi
sənsə susqunluğunla
qorxudursan məni
evimizdəki sükut
evimizdəki anasızlıq
atasızlıq
bəzən yorur məni...
dostlarım məni atıb, Əsmər
darıxıram
heçolmasa sən danış...
danış lütfən
susdur bu əclaf səssizliyi...

Bilirəm,
Sevgililərim nə zamansa kitaba dönəcək rəfimdə
Cəmi bir kitab qədər iz qoyacaqlar həyatımda
Elə dostlarım da
Bircə sən, Əsmər, bircə sən...


Sevimli dovşanıma...

Bilirəm məndən əvvəl öləcəksən
Itgilərə dözümüm yox
Insana çevrilmisən evimizdə
Səninlə adam dilində danışıram
əzizləyirəm uşaq əzizlərmişcəsinə
gülümsəyirəm iki ayaq üstə durub
yemək bəkləyişinə
Kədərlənirəm baxışlarından
Bilmirəm dilini
Bilmirəm nə istədiyini
Acmısan, toxmusan
Susuzmusan
Mən qərar verirəm əvəzinə
Özüm azadlıq dəlisiykən
Gömmüşəm səni qəfəslərə
Yeməyini bol, yerini geniş etsəm
Bağışlarsanmı məni?.
Necə məsumsan,
Necə sevimlisən,
Necə sevilirsən bir bilsən.
Bilirəm darıxırsan təklikdən
Bezirsən insanlardan
Bağışla ki, səninlə qatıram başlarını qonşu cocuqların
Bağışla ki, sənə danışıram bütün olanları
Çünki
Susaraq dinləməyi bacaran
Yeganə varlığımsan
Bağışla ki səni insanlara məhkum etmişəm
Bağışla ki mən də bir insanam...


Bığlı kişilər


Yenə dünyanın sonu haqqıda gəzir xəbərlər

Daşqınlar, sellər, zəlzələlər

Yenə səhərlər açılır anamın telefon zəngiylə

Yorğun səsiylə

Səhər açıldı, günəş çıxdı “dur” müjdəsiylə

Yenə qırmızı sabundan

Ağ köpüklər çıxır…

Bir qurtum qaynar çay

Dəyişir bir andaca əhvalımı

Yandıra–yandıra, cıza-cıza, ağrıda-ağrıda canımı

Nitsşenin şəklini asmışam otağıma

Mənə bir hadisəni xatırladır bığları

Gülməlidir…

Bəlkə də elə budur filosof ola bilmənin

səbəbi.

Nədənsə tanıdığım bütün filosoflar

bığlı kişilərdi

Mən çox şey bilirəm.

Əminəm ki bığlı olsaydım

Həm də kişi olsaydım

mütləq filosof olacaqdım

Amma nəyimə lazım?

Kim kimdən yarandı, yoxdan var olan nə, vardan yox olan kim?

Bu deyil əsas məsələ

Əsas olan qırmızı sabundan ağ köpüklərin

Çıxması da deyil

Bilmirəm nədi əsas olan…

Bütün bilmirəmlərisə, bütün heçlərisə

Bütün var olmayanlarısa

Yenə o bığlı kişilər bilər… mənə nə?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG