Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:59

Şəhriyar Hacızadədən şeir kitabı gəldi


Gənc yazar Şəhriyar Hacızadənin "Özünü payızdan asan qadın" adlı şeirləri kitabı çapdan çıxıb.

Yeni kitabın təqdimatı M.Ə.Sabir adına dövlət kitabxanasında baş tutub. Tədbirə şairin qələm yoldaşları ilə bərabər tələbələr də qatılıblar.

Ş.Hacızadənin kitabda yer alan şeirlərindən ikisini "Oxu zalı"nda dərc edirik.


hardasa... necəsə... bəlkə də...

yoxluğunu
içməyə qədərmiş
səni unutmaq.
bir səndən keçənəcən
özümdən
yüz yol keçdim.
keçə bilmədiyim
yolmuş darıxmaq.
hələ də
nağılların sonundakı
üç almaya inanıram,
hələ də...
almaya qədərdi
bütün nağıllar!
sığala aldanan
uşaq kimiydim,
o boyda yalana
ehtiyac yoxuydu.
ikimiz də eyni çöldə,
torpağın üstündə,
bir tanış
qəbir də yoxdu
girməyə.
sənə gedən
bütün yollarda
azmışam.
adsız küçələrdən
xoşum gəlir.
çata bilmədiyim
ünvandaymış
çatılmazlar.
döyülməmiş
qapılardaymış
səadət.
dilənçi uşağın kirli gözlərindəymiş
nağılların
əvvəlindəki
“...biri yox”
süpürgəçi qadına
bətnindəki uşaqdan daha
qiymətlidi
küçədəki
zibil qalıqları.
bu da son.


mən şansız Azərbaycanın
milsiz ruhlu
şairi.
üzü neftlə
qaralan
vicdansız
vətəndaşı.
Şuşada əsirlikdə zorlanan
qızın atası,
qardaşı.
sən məni
tanımayan
Allah,
o,sənə inanmayan pişik balası.
bu da
hər gün
vağzal
pilləkənində
onu yemləyən xristian babuşka.
yavaş-yavaş
yaxınlaşır
uzaqlar.
səssiz-səssiz
ölür payız
Şəhriyar bağındakı
yetim iydə ağacının yarpaqlarında.
bir yorğun
boşluq
keçir
bu şəhərdən.
o boşluqda bir sən,bir də elə sən özün
varsan.
boşluğu
keçməyə
qədərmiş
səni unutmaq.
ən böyük ümidi parçalamaqmış həyatla
barışmaq.
hələ də
nağılların
sonundakı
üç almaya
inanıram,hələ də...
almaya qədərdi bütün nağıllar...!


A...A...A

Afrika, Tripoli, 1922,sentyabr
...........+58C
Antraktida, Vostok Elmi Stansiyası, 1983, iyul
...........-89C
Azərbaycan, Bakı şəhəri, 2008,dekabr
............Sən!
2010... 30 noyabr,
biz hələ də Vostokdayıq,
həm də 1983-ün iyulunda.
nə qədər cütlüklərsə Tripolidən bezib.
gedirəm İmişliyə,
gəl,
2 dekabr 2010
saat 21:00
dəmiryol vağzalı...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG