Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:57













Əsəd Qaraqaplan

DƏLİLİYİN “DE”-ŞİFRƏSİ

göyüzünün buludları çəkilmişdi
ulduzlar birər-birər axıb tökülmüşdülər
Ay tərs sifətiylə mənə əl sallayıb uzaqlaşıb
gecəydi üstüm-başım
kölgəydi Allahın altda
rahat idim bu ayrılıq sonrası..

durub getmək zamanıydı
ama hansı zamanıydı – bilmədim
neçənci il.. hansı aydı..
nə günüydü.. saat neçə..

durub ətrafıma baxdım - ətrafım yox idi daha
əllərimi qaldırmağa çalışdım
əllərim də yox idi
ayaqlarımı hiss etmədim
bədənimi.. başımı heç..
dilimdə söz tutammadım danışmağa
görəcəyim yox idi.. eşidəcəyim yox idi..
soyunmuşdum adamlığı
adamlarda qoymuşdum adamlığımı..

siqaranın yeri gəldi – siqaram da yox idi
içmək istədim bu gecə
bir səs dedi – sərxoşsan sən.. dəlisən sən
adam deyilsən – dedi..

bir qız sevmək istədim
belini qucaqlamaq.. dodaqlarından öpmək
ürəyimin döyüntüsü torpağın altından gəldi
torpaq ürəyimlə nəfəs alırdı
torpağın canı məndim
mənim canım torpaqdaydı..

aynadakı üzümü xatırlamaq istədim
bircə alnımdakı çapığa düşən işıq yadımdaydı
3 yaşımda şüşə parçasının kəsib yaratdığı çapığa
o bir parça işıq məndə mən idi
bir parça işıq vardı
gözlə görünməyib də.. əllə tutulmayacaq..


Çəkmək İstəmədiyim Acıların Manifestosu

boş ver Xan
mən içimi kağıza tökdüm
mən içimi sənə açdım
mən Allaha əyildim – mən torpağa diz çökdüm
yanımdan keçənlərsə öz adına çıxdılar
bir insanın diz çökməsin istədilər
bir insanın diz çökməsin..

boş ver Xan
bir uçurum var dağlardan üzü bəri
keçmək zor – keçməmək çox zor
mən nə xalqam – nə dövlətəm
ama balıq olmasam da..
kiminsə dilinə zəhər
kiminsə əli yetməyən
kiminsə sevdiyi Xan..

boş ver Xan
bir gün gələcək bir gün
hamının üzünə çırpacam
etdiyi oğraşlığı – etdiyi fahişəliyi
linç məhkəməsi quracam
söz tapa bilməyənlər yaxama əl atacaqlar
(bu yaxa yırtılmaz ya
bu yaxanın altında bir aslan ürəyi var)..
sən özünü qoru dostum
məncə heç bir insanı heç bir dəyər birləşdirmir
sevgi birləşdirir Xan
bir də nifrət..

boş ver Xan
bir gün mən olmasam da
boş ver Xan..


Sabahkı Ayrılıq

Sultan xanıma

hə.. sabah gedirsən Sultan
qatarlar yalnızlığa götürmür adamları
qatarlar adamlara götürür adamları
gedəcəyin düşmənin olsa belə
gedəcəyin biri var..

pəncərədən zaman daha yaxşı keçir qatarda
pəncərədən ayrılıq da daha hüzünlü olur
hələ bir yağış yağıb göy üzünü qapasa
hələ ağlaya da bilməsən – uşaq yatıb yanında..

hə.. sabah gedirsən Sultan
qatarlar yalnızlığa götürmür adamları
qatarlar adamlara götürür adamları..
mənim nə gedəcək yerim
nə görəcək adamım.. nə minəcək qatarım var.
“uzun incə bir yoldayam”
uzun incə.. kimə.. hara
gedəcəyini bilməmək daha uzun yol imiş
hələ zaman da sürətli keçmirsə dörd divarda
hələ bir yağış yağıb göy üzünü qapamırsa
otağımda hələ körpə nəfəsi də duyulmursa
otağımda.. ağlamaq da mənə kömək etmirsə
anlayıram – həyat seviləcək qədər kədərli
anlayıram – sən özünü sevməlisən
anlayıram..
anlayıram..
qatarlar yalnızlığa götürmür adamları
qatarlar adamlara götürür adamları..


Sevgilər Heç Vaxt Bitmir

sevgilər heç vaxt bitmir - sevgilər
olur qısa zamana bir-birindən uzaq düşür
axşam günəş batıb səhər çıxdığıtək
sevgilər də qayıdır - sevgilər
günəşin işığını da sevgilər gətirir özüylə
insanların qocasıyla-cavanıyla yaşasa da
sevgilərin yaşı olmur - sevgilərin
.. sevgi odur – o qədərdir - sevgilər..


Burax Ağıllı Olmağı


məni sevdiyini burax əllərimə
dodaqlarını uzat - dodaqlarıma uzat
əllərini sinəmdə gəzdir biraz
əyil bir az aşağı yenilmə iyrənməyə
yum gözünü gözlə görünən hər şeyə
əllərini uzat mənə əllərini
qollarını boynuma sar qollarını
belimə sar qıçlarını belimə sar
ağır-ağır nəfəs al ver
bir şeir də sənə yazsın dəli şair
tüpür ağıllı olmağa
keç günahımdan bu gecə günahımdan
istəyini ağlına bağlama daha
burax ağıllı olmağı..

aç məndən qollarını aç qollarını
burax əllərini burax əllərini
burax məni burax burax
dur - gün çıxan tərəfə bax
ehramların arasında köynəksiz bir qul görərsən
əlləri qabar-qabar - qabar-qabar əlləri
qolları daş qolları daş qolları
gözləri qan qırmızı qan qırmızı
son ehramın son daşını
yerinə qoymağa gəldi son ehramın
tarix bitdi zaman bitdi tarix bitdi
günəş doğdu mən doğmamış günəş doğdu
susuz dodaqlarım çatlaq dodaqlarım
qollarını sar mənə sar qollarını
ələrini uzat mənə əllərini..

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG