Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:02

H.Əliyev Mükafatına Mövlud Süleymanlının namizədliyi verilibmiş


Mayın 10-da Bakıda “Buta” sarayında mərhum prezident Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 7 illiyi münasibətilə keçirilən təntənəli mərasim həm də Heydər Əliyev mükafatının yazıçı Anara təqdim edilməsi ilə yadda qaldı.

Dövlət başçısı İlham Əliyev Yazıçılar Birliyinin sədrinə bu mükafatı təqdim edib. O, mükafata Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətlərinə görə layiq görülüb. Mükafatın məbləği isə 50 min manatdır. Qeyd edək ki, mükafat dövlət büdcəsinin vəsaiti hesabına Mükafat Komissiyasının təqdimatı ilə Azərbaycan prezidentinin sərəncamına əsasən verilir. Keçmiş prezident Heydər Əliyevin doğum günü - mayın 10-da verilən mükafat- üzərində H.Əliyevin surəti həkk olunmuş döş nişanı, diplom və pul mükafatından ibarətdir.

Gəzən iddialara görə isə yazıçı Anara verilən bu mükafatın mühüm pərdəarxası məqamları var. Bu mükafatın ona verilməsinin ciddi qalmaqala səbəb olduğu da deyilir. Verilən məlumata görə, siyahıda başqa şəxsin adı varmış və son anda qərar dəyişdirilərək Heydər Əliyev mükafatı adı siyahıda olmayan Anara təqdim edilib.

Bunun isə Azərbaycan Yazıçılar Birliyi (AYB) sədrinin könlünü almaq məqsədi daşıdığı vurğulanır. Belə ki, bu mükafatın Anarın növbəti dəfə AYB sədri seçilməyəcəyinə bir işarə olduğu bildirilir. Yazıçılar Birliyinin sədri bütün bu iddialarla bağlı "Yeni Müsavat" qəzetinin suallarını cavablandırıb.

- Heydər Əliyev Mükafatına layiq görüldünüz. Təbrik edirik. Gözləyirdinizmi bunu?

- Təbrik üçün sağ olun. Gözləmirdim. Çünki təqdim olunmamışdım.

- Sizcə, bu ali mükafatın sizə verilməsi nə ilə bağlıdır?

- Mükafatın diplomunda deyildiyi kimi, ədəbiyyatımıza xidmətimə görə.

- Deyilənə görə, bu mükafatın verilməsi ciddi qalmaqala səbəb olub. Siyahıda başqa şəxsin adı olub, son anda onu siyahıdan çıxararaq mükafatı sizə veriblər. Bu iddiaya münasibətinizi bilmək maraqlı olardı.

- Bu, növbəti uydurmadır. Müxtəlif təşkilatların təqdim etdikləri namizədlərin siyahısı qəzetlərdə dərc olunmuşdu. Mükafat Komissiyası yekdilliklə bu ödülü mənə verməyi qərara alıb.

- Həmçinin deyirlər ki, bu mükafatla sizin könlünüzü almaq istəyirlər. Yəni siz növbəti dəfə sədr seçilməyəcəksiniz, mükafat buna işarədir. Belə bir narahatçılığınız varmı?

- Heç bir sarıdan, heç bir nigarançılığım yoxdur. “Deyirlər geyirlər” qəbilindən şayiələr isə naməlum adamların qan çıxmayan yerdən qaşıyıb qan çıxarmaq təşəbbüsüdür.

- AYB sədrliyinə namizədliyinizi verəcəksinizmi?

- Bu barədə qərarımı qurultay ərəfəsində verəcəm.

- Sədr seçilməsəniz, hansı planlarınız var? Nə işlə məşğul olacaqsınız?

- Nigaran olmayın, məşğul olmağa iş tapılar. Elə sizin qəzeti oxumaq maraqlı bir məşğuliyyət deyilmi?

- AYB daxilində sədr postu uğrunda gedən gizli savaşa münasibətiniz necədir?

- Azərbaycan Yazıçılar Birliyində sədr postu uğrunda heç bir savaş getmir. Nə gizli, nə açıq. Qəzetlər belə uydurmalara nə qədər az yer versə, yazdıqlarına inam da bir o qədər çox olar.


P.S. Bir müddət qabaq Heydər Əliyev Mükafatı Komissiyasının yaydığı məlumata görə, 2011-ci il üçün aidiyyəti qurum və şəxslər tərəfindən Heydər Əliyev Mükafatına aşağıdakı şəxslərin namizədliyi irəli sürülüb:

1. “Küylərin analizi və qəzaların gizli dövrünün monitorinqi nəzəriyyəsi və texnologiyaları” tədqiqatına görə – Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, texnika elmləri doktoru, professor Telman Əliyev.

2. “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabına görə – Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri doktoru, professor Yaqub Mahmudov.

3. Azərbaycan musiqi elminin tarixinə dair araşdırmalarına görə – Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, sənətşünaslıq doktoru, professor Zemfira Səfərova.

4. Ədəbi prosesi zənginləşdirən əsərlərinə görə – xalq yazıçısı Mövlud Süleymanlı.

5. Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə – xalq rəssamı Oqtay Sadıqzadə.

6. Azərbaycan mədəniyyətinin inkişafı və təbliği sahəsində xidmətlərinə görə – xalq rəssamı Toğrul Nərimanbəyov.

"Yeni Müsavat", "Mediaforum"

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG