Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:05

Vəkillərə təzyiqlər artır


Əlayif Həsənov
Əlayif Həsənov
Gənc fəal Bəxtiyar Hacıyevin hüquqlarını müdafiə edən vəkil Əlayif Həsənov ailəsinin təzyiqlərə məruz qaldığını bildirir. Mayın 5-də keçirilən məhkəmə iclasında vəkil hakimə deyib ki, Bəxtiyarın hüquqlarını müdafiə etdikdən sonra həyat yoldaşı işdə, oğlu isə təhsil aldığı müəssisədə sıxışdırılır.

«HEÇ BİR ƏSAS GƏTİRMƏDƏN OKLADI KƏSİBLƏR»

Əlayif Həsənovun həyat yoldaşı Mənzər Aslanova 15 ildən çoxdur ki, Zərdab rayon Mərkəzi Xəstəxanasında sahə həkimidir. Vəkil iddia edir ki, 10 ildən artıqdır 1.5 okladla pediatr işləyən həyat yoldaşının mayın 2-də 0.5 okladını kəsiblər:

«BU, MƏNİM MÜDAFİƏ FƏALİYYƏTİMLƏ BAĞLIDIR»


«Xəstəxananın rəhbərliyi yeni bir həkimi təqdim edib ki, sənin işlədiyinin 0.5 oklad bu həkimə verilir. Hesab edirəm ki, izah, rəsmi sənəd verilmədən, xəbərdarlıq edilmədən həyat yoldaşımın birdən-birə işinin azaldılması səbəbsiz deyil. Bunun bir səbəbi Mənzər Aslanovanın YAP-ın üzvü olmamasıdır, ikinci səbəb isə mənim müdafiə fəaliyyətimdir».

Zərdab rayon Mərkəzi Xəstəxanasının Baş həkimi Ruslan Nemətov isə sahə həkimi Mənzər Aslanovanın işinin azaldılmasını belə izah edir:

YENİ HƏKİM...

«Həkim çatışmazlığına görə Mənzər həkim 1.5 oklad işləyirdi. Uşaq həkimi yox idi deyə, ona 0.5 oklad əlavə vermişdik. İndi təyinatla uşaq həkimi gəlib, ona görə də o əlavə 0.5 okladı kəsmişik».

Əlayif Həsənov isə baş həkimin fikirləri ilə razılaşmır:

Anar Qasımov
«Əvvəla Mənzər həkim 10 ildən artıqdır 1.5 okladla işləyir. Əlimizdə bunu sübut edəcək sənədlər, əməkhaqqı haqda məlumatlar var. Xəstəxanaya yeni həkim yerləşdirmək zərurəti varsa, bunu o sahəyə aidiyyəti olmadan həmin sahədə 1.5 okladla işləyən həkimlərin hesabına etmək lazımdır. Məsələn, doğum şöbəsinin həkimi qeyri-ixtisas sahəsi üzrə 1.5 okladla çalışır».

Əlayif Həsənov həyat yoldaşının hüquqlarını məhkəmə yoluyla bərpa edəcəyini deyir:

«Azərbaycanın hüquq sistemi batan bir gəmiyə bənzəyir. Vəkilin geri çəkilməsi isə kapitanın həmin gəmini birinci tərk eləməsi kimidir».

DAHA BİR VƏKİLİ İSƏ POLİS RƏİSİ HƏDƏLƏYİB


Mayın 4-də Sumqayıt şəhər Polis İdarəsinin rəis müavini, Cinayət-axtarış şöbəsinin rəisi Azər Cahangirov məhkəmənin həyətində jurnalistlərin gözü qarşısında vəkil Anar Qasımovu hədələyib. Cabbar Savalanın həbsinə gənclərin etiraz etməsində onu günahlandırıb:

«Bunları sən təşkil etmisən, sən dövlətçilik əleyhinə işləyirsən, barəndə kompromatlarımız da hazırdır».

Anar Qasımov məhbus jurnalist Eynulla Fətullayevin, AXCP üzvü Cabbar Savalanın hüquqlarını müdafiə edir.

Zəfər Quliyev
Vəkil məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Vəkillər Kollegiyasına müraciət göndərib.

«HÜQUQ MÜDAFİƏÇİLƏRİNƏ QARŞI BASQILAR ARTIR»


Politoloq Zəfər Quliyev Azərbaycan hakimiyyətinin siyasi davranışını daha çox avtoritar və diktator rejimləri ilə müqayisə edir:

«Neçə illərdir media, QHT-lər basqı altındadır. Son zamanlar isə hüquq müdafiəçilərinə, vəkillərə qarşı basqılar artmaqdadır. Çünki Azərbaycanda pozulan insan haqlarının, həbs olunan insanların hüquqlarının müdafiəsi ilə birbaşa onlar məşğuldurlar. Onların əl-qollarını bağlamaq üçün bu təzyiqlər artır. Avtoritar rejimlər çox sadə siyasi davranış modelini seçir. Ən sadə yol isə qapaz vurmaq, ya tutmaq, ya da təzyiq etməkdir. Bu baxımdan, bütün diktator rejimlər bir-birinə oxşayır. Azərbaycan da bu yolu seçdiyindən getdikcə Belarus, Özbəkistan, İrana oxşarlığı artacaq. Bu, reallıqdır».

Zəfər Quliyev düşünür ki, hakimiyyət öz siyasətini dəyişmək əvəzinə bu cür ölkələrin təcrübələrindən yararlanmaqla özünü beynəlxalq aləmdə daha çox biabır edir.
XS
SM
MD
LG