Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:38

Şeir kitablarını satmaq üçün neyləməli?


Əgər siz Google-da “How to sell poetry books” (Yəni şeir kitablarını necə satmaq olar?) yazıb axtarışa versəniz, bircə saniyədə gözünüz önüdə N sayda məqalə sıralanacaq.

Təkcə Azərbaycanda deyil, dünyanın hər yerində şeir kitabları çətin satılır, onları nəsr kitabları, romanlarla müqayisə etməyinə dəyməz.

Xüsusən də adı geniş kütləyə məlum olmayan şairlərin kitabları az adamın diqqətini çəkir.

İnternetdəki kitab dükanlarından biri öz satış təcrübəsinə əsaslanıb şairlərə dörd məsləhət verir:

1. Əvvəla şeirlər doğrudan da yüksək sənətkarlıqla yazılmalıdır. Ortabab və zəif şeirləri gözəl tərtibatla çap etmək şairə kömək etməyəcək.

2. Kitabın qiyməti ucuz, amma eyni zamanda tərtibatı gözəgəlimli olmalıdır.

"Oxucu soruşanda ki, kitab nə haqqındadı, çox vaxt şairin dili dolaşır, bilmir nə cavab versin".
3. Əgər kitabı on-line satışa çıxarmısınızsa, mütləq şeirlərdən nümunələr verməlisiniz.

4. Şair həm on-line, həm də İnternetdən kənarda fəal olmalı, kitabının satışa çıxarıldığı haqda oxuculara məlumat çatdırmalıdır.


Kitab dükanı bildirir ki, əgər bu zəncirin bircə halqası yaddan çıxıbsa, yaxud şair passivlik göstəribsə, onda şeir kitabı yəqin ki piştaxtada “yatıb” qalacaq.

Məsləhətlərdən biri də odur ki, şair kitab çap edəndə realist olmalıdır. Çünki dünyada hətta ən məşhur şairlərin, nüfuzlu mükafat sahiblərinin də kitabları uzağı bir neçə min tirajla satılır, orta tiraj isə bir neçə yüzdür.

Siz İnternetdə hətta belə başlıqlı yazı da tapa bilərsiz.

“How to Write Poetry Books That Sell” (Yaxşı satılacaq şeir kitablarını necə yazmaq olar?)

Bir amerikalı yazar şairlərə bir xeyli marketinq məsələtləri verir.

Irene Watson yazır ki, əvvəla kitabın ƏSAS mövzusu olmalıdır.

Oxucu soruşanda ki, kitab nə haqqındadı, çox vaxt şairin dili dolaşır, bilmir nə cavab
Rasim Qaracanın şeir kitabı
versin. Cavab “Elə həyat haqqında” ola bilər. Bu isə yayğın və darıxdırıcı bir cavabdır. Nisbətən yaxşı cavab məsələn, “Sevgi, ölüm, bağ, səyahət, Fransaya səfər haqda” ola bilərdi. Amma bu da dolaşıq bir cavabdır...

Belə kitabda oxucu üçün maraqlı bir və ya bir neçə şeir ola bilər. Amma o, əlini cibinə salıb bu kitaba pul sayarmı? Məqalə müəllifi buna şübhə edir.

Onun fikrincə, saysız-hesabsız mövzuda şeirləri bir kitaba doldurmaq onun satışına qətiyyət kömək etmir.

Kitabın “vurğusu” olmalıdır. Burada şeirlərin bir hissəsi mövzuca bir-birinə bağlı olmalıdır. Qalanları əsas temadan kənar ola bilər.

Məqalə müəllifi yazır ki, məsələn kitabın əsas mövzusu şairin ağır xəstəliklə savaşı, təbiət, ilin fəsilləri və s. ola bilər.

“Mövzu – bir qarmaqdır.

Siz “Bu kitab nə haqdadır?” sualına aydın cavab verdikdə oxucu üçün də kitabınızı alıb-almamaq haqda qərar vermək asan olar” – deyə müəllif şairlərə məsləhət verir.

Irene Watson yazır ki, kitabın quruluşu da vacibdir. Bəzi şairlərdən soruşanda ki, şeir sırası hansı prinsipə əsaslanır. Məlum olur ki, ya kitabdakı şeirlərin yazılma tarixinə, ya çap olunma tarixinə görə sıralanıb, yaxud da sıralamada ümumiyyətlə heç bir prinsip yoxdur.

Gürcüstan -- Esma Oniani-nin şeir kitabı
Amma məqalə müəllifi bu məqama fikir verməyi, mövzuca uyğun şeirləri eyni fəsillərə toplamağı məsləhət görür. Birinci şeir bir müqəddimə, sonuncu şeir isə bir yekun təəssüratı yaratmalıdır.

Məqalə müəllifi tanınmış Amerika şairi Edgar Lee Masters-in "Spoon River Anthology" kitabının quruluşunu “qarnaq”a nümunə göstərir.

Həmin kitabda hər bir şeir çayda batmış bir adamın dilindən verilir. Hər bir şeir müstəqil əsər olsa da, orada kitabın hansısa başqa şeirindəki obraz xatırlanır.

Məqalə müəllifi şeir kitablarında illüstrasiya və fotoların vacib olduğunu qeyd edir

Əgər şeirlər avtobioqrafikdirsə, niyə də kitab şairin özünün və kitabda adı çəkilən şəxslərin, yerlərin şəkli ilə “bəzənməsin”.

Əgər kitabda təbiət teması əsas yer tutursa, təbiət təsvirləri yerinə düşməzmi?
Müəllif hətta adətən poeziya ilə yaxından maraqlanmayan insanların da diqqətini şeirə cəlb etməyin yollarını təklif edir.

Deyir ki, şeir kitabını hətta “coffee table book” şəklində, yəni böyük fotolar, yaxud peyzajlardan ibarət albom kimi də nəşr etmək olar. Belə kitablar adətən qəhvəxanalarda, yaxud gözləmə otaqlarında stol üzərinə qoyulur.

Müəllif deyir ki, insanlar belə kitabları vərəqləyəndə peyzajları gözəl şeirlərin də müşayiət etdiyini görüb yaxşı mənada təəccüblənə və həmin şeirlərdən zövq ala bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG