Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:21
Qapısının üstündə solğun rənglərlə «Atelye-kişi-qadın sifarişləri» yazılıb. Bakıda, Nizami metrosunun yaxınlığında yerləşir bu atelye. Qapını döyüb içəri keçirəm. 20-30 kv.-lıq otaqda 4-5 nəfər var.

Bir tərəfdə iki qadından biri tikiş maşınını işlədir, yaşlı qadın isə pəncərədən düşən gün işığında əlindəki qara parçada sabun parçası ilə işarələr qoyur. Danışmağa heç meyl göstərməyən Suğra xanımın 76 yaşı var. Bircə kəlmə deyir ki, zəmanə çox dəyişib, əvvəllər dərzilərə çoxlu sifariş olardı, amma indi daha çox yaşlı qadınlar onlara sifariş verir:

- Yaşlı adamlardı, mağazalar da əcaib şeylərlə doludur. Neyləsinlər?

«Adamı yoran işdimi dərzilik?», qocaman dərzidən soruşuram, başını işindən ayırmır, zorla eşidiləcək səslə deyir: «Mənim üçün yox. Həmişə həvəslə tikmişəm».

«ƏVVƏLLƏR MAĞAZADA BU QƏDƏR PALTAR OLMURDU»


20 ildi gününü tikiş maşınının arxasında keçirən Lyuda Hüsenyova da həmkarının sözünə qüvvət verir ki, gənclərin paltar tikdirməyə elə də marağı yoxdur:

- Əlbəttə, çox fərq var. Əvvəllər bu qədər paltar satmırdılar, amma indi mağazalar paltarla doludur.

16 yaşından dərziliklə məşğul olan Lyuda Hüseynova deyir ki, az saylı sifarişlər arasında həm gündəlik, həm də mərasim geyimləri olur. Danışır ki, bəzi müştərilər hansısa brend mağazada paltar bəyənir, amma onu almağa gücü çatmır. Həmin modelin şəklini çəkib ona gətirir. Ya da internetdən, moda jurnallarından model seçirlər:

Lyuda Huseynova
- Elə də olur ki, əlində parçası gəlir üstümə, nə istədiyini, nə tikdirəcəyini bilmir. Onda məsləhət verirəm ki, bu parçadan ətəkmi, ya donmu yaxşı çıxar və bu xanıma hansı stildə yaraşar.

Qiyməti isə paltarın modelindən, sadə və ya mürəkkəbliyindən asılı olur. Məsələn, 30 manata sadə bir don tikdirmək mümkündür.

«HEÇ AĞ-QARA SAP DA TAPILMIRDI»

Bu dərzi otağının bir hissəsində də kişi ustalar çalışır. Üç nəfərdilər, Vidadi dayı heç söhbətimizə qarışmadı. Müasir, buxarlı ütülərlə işləyə bilmir.

45 ilini bu peşədə keçirən Yaşar Abbasov deyir, vaxt vardı, sifarişlə tikilən geyim sahibi olmaq şöhrət göstəricisi idi. Amma onu da xatırlayır ki, o vaxtlar dərzinin imkanları az olardı:

- Parça «defisit» idi, adi sap nə idi ki, onu tapmaq olmurdu. Hələ ağ-qara sapı deyirəm ha... rəngli saplardan danışmıram. İndi müasir ütülər, maşınlar... işləməyə hər imkan var.

DƏRZİNİN İŞİ EKSKLÜZİVDİR

Əlövsət Quliyev
Ustalardan soruşuram ki, onlar niyə zamanla ayaqlaşıb işlərində yenilik eləmirlər, məsələn, sifariş gözləməkdənsə, özləri tikib bazara təklif etmirlər? Yaşar dayı deyir ki, bu iş üçün maliyyə vəsaiti lazımdır. Əlövsət Quliyevin sözlərinə görə, sənətkar dərzi fərdi sifarişlə işləyir və onun yaratdığı hər bir iş eksklüzivdir.

Bəlkə elə bu eksklüzivliyə görə, türkiyəli Mərdan hər dəfə vətəninə yolu düşəndə ordan parça alıb Əlövsət ustaya tikdirir? Mərdan bəy ustanın işini bəyəndiyini, fərqli geyinmək istədiyini deyir.

Əlövsət dayı danışır ki, əsasən kostyum tikdirənlər ya toya hazırlaşan gənclərdi, gedib bəyəndikləri bahalı smokinqlərin şəklini çəkib onun modelində tikdirirlər, ya da bazarda ölçüsünə uyğun paltar tapa bilməyənlərdir:

- Kasıblar ucuz mal arxasınca gedir, varlılar da bahalı markalardan geyinir. Aşağını bəyənməyən, yuxarıya əli çatmayan orta təbəqə təmsilçiləri də dərzi sifarişindən istifadə eləyə bilər. Amma Azərbaycanda bir kasıblar var, bir də varlılar.

Yaşar Abbasov onu da əlavə edir, müştəri qıtlığı üzündən onlar yer haqqını, kommunal xərcləri ödəməkdə də çətinlik çəkirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG