Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:41

Nazilə Gültac "Qan" (Hekayə)


İş saatı çoxdan qurtarmışdı. Gülayə isə hələ evə getməyə tələsmirdi. Son günlər oğlunun evdəki dözülməz münasibəti onu çox pərişan etmişdi.

Xalatını soyunub, şkafdan asdı. Ağır addımlarla xəstəxanadan çıxarkən dəhlizdə gecə növbəsində çalışan Akif həkimlə qarşılaşdı.

Həkim onunla salamlaşanda Gülayənin rənginin avazımasından halının yaxşı olmadığını yəqin etdi.

Axır vaxtlar onun fikirli, qayğılı hərlənməsi iş yoldaşlarının diqqətindən yayınmırdı.

Gülayədən nə baş verdiyini soruşsalar da, o, heç nə olmayıb, - deyərək, həqiqəti gizlədirdi.

Xəlvət bir yerə çəkilib için – için ağlayırdı. Axı, onlara nə deyəydi?

Oğlu Famil əsgəri xidmətdən qayıtdıqdan sonra bir müddət işsiz qalsa da, axır ki, dülgər yanında işə başlamışdı. O, işdən gələn kimi yeməyini yeyib , dərhal da bir bəhanə ilə evdən çıxırdı.Son günlər o, çox qaradinməz olmuşdu.

Anası ilə bəzən heç kəlmə belə kəsmirdi. Yazıq Gülayə onun bu hərəkətini yorğunluqla əlaqələndirirdi. Hətta ürəyində dülgərin qarasınca deyinirdi də, - “Zalım oğlu, yəqin balamı çox işlədir, uşağın heç heyi olmur danışmağa.”

Famil evə gecəyarı sərxoş halda gəlirdi.Anası duyuq düşməsin deyə sakitcə yatağına uzanır, birtəhər yuxuya getməyə çalışırdı.

Bir gün Gülayə işdən qayıdanda evinin qapısı yanında qonşusu Xalidə ilə qarşılaşdı.Gülayə hiss etdi ki, nəsə Xalidə sözlü adama oxşayır.Ayaq saxlayıb onunla hal-əhval tutdu.

-Xalıdə nə baş verib? – deyə sual dolu nəzərlərini onun üzünə dikdi.

Xalidənin əri Qədir yaxınlıqdakı yeməkxanada çalışırdı. Bir neçə gün bundan qabaq arvadına qonşusu Gülayənin oğlu haqqında qəribə şeylər danışmışdı.

Familin aşağı məhəllədə yaşayan, iki dəfə həbsxanada yatan, hamının narkoman Güləli deyə çağırdığı kişi ilə yaxınlıq etməsi onun bir qonşu kimi narahatlığına səbəb olmuşdu.

Dediyinə görə, onlar birlikdə hər axşam yeməkxanaya gəlir, orada içib sərxoş olur, bəzən ətrafdakılarla dava–dalaş da salırdılar. Çox vaxt isə birlikdə aradan itirdilər.

Bütün bunları seyr edən Qədirin Gülayəyə yazığı gəlirdi. Qonşuların hamısı çox yaxşı bilirdi ki, Gülayə əri öləndən sonra Famili min bir əziyyətlə boya başa çatdırmışdı. Xəstəxanada tibb bacısı işləyən ana oğluna atasızlığını hiss etdirməmək üçün əlindən gələni etmişdi, gecə-gündüz çalışmışdı.

Xalidə ərinin söylədiklərini bircə-bircə, yana-yana ona çatdırdı. Eşitdiklərindən dəhşətə gələn Gülayənin ürəyi az qalırdı ki, sinəsindən çıxsın. Qonşu qadın xahiş etdi ki, bu məlumatların kim tərəfindən deyildiyini Famil bilməsin. Qorxurdu ki, Güləli əri Qədirin iş yerində qalmaqal salar, qanqaraçılıq yaradardı.

Gülayə sarsılmış vəziyyətdə sağollaşıb həyətə keçdi. Əlləri əsdiyindən qapını çətinliklə aça bildi. Zorla özünü otağa saldı. Hərəkətsiz halda divana çökdü.Xeyli düşündü,dağı arana, aranı dağa daşıdı.Fikirlərini cəmləşdirə bilmədi. Özünü bir təhər ələ alıb ayağa qalxdı. Əynini dəyişdi, mətbəxə keçdi.

Çay qaynatdı. Familin son bir neçə ayda müəmmalı davranışlarını, kobudluğunu bir-bir xatırladı. Gözləri doldu. Pərişan halda pəncərədən görünən uca çinar ağacına baxdı.

Sanki çinar da onun kədərinə şərik olduğunu bəyan edirmiş kimi, astaca gümüşü yarpaqlarını tərpətdi. Özünü çox bədbəxt, kimsəsiz sanan Gülayə hönkürüb yanıqlı- yanıqlı ağladı.

Famil doğulanda necə də sevinmişdi. Özünü dünyanın bəxtəvəri sanmışdı. Oğlu körpəlikdə çox məsum, şıltaq idi. Gülayə bütün günü onu nazlandırır, şirin laylalar deməkdən usanmırdı. Oğluna necə də güvənmişdi. Əri Fərhad avtomobil qəzasında vəfat edəndə , heç belə sınmamışdı. Oğlu ilə təsəlli tapmışdı. Yadındadı Famil balaca ikən Gülayəyə bir şer də yazmışdı. Yadına salmağa çalışdı. "Şeir" gərək ki, belə idi:

Anacan, sən mənə hər şey alırsan,
Sənə heç kim heç nə almır.
Böyüyəndə mən də səni sevindirrəm, anacan...

Qadınlar bayramında ona hədiyyə etmişdi bu şeiri. Famil böyüdükcə o da qol-qanad açıb pərvazlanmışdı. Oğlu heç vaxt heç kimlə savaşmazdı. Ürəyi mərhəmətli, kövrək olan balası bu cür olmamalıydı.

Familin işləyərək, ona yardım edəcəyini , pul yığıb ailə quracağını, çəkdiyi əzab - əziyyətləri unutduracağını sanmışdı. Nə qədər yanılmışdı. Ha istəsə də sakitləşə bilmirdi ki, bilmirdi.

Sanki qəlbindəki bulağın tutulmuş gözü açılmışdı. Axır ki, bir təhər özünü ələ aldı, düşündü ki, şər vaxtı ağlamaq , bədlik gətirər. Bəlkə də bu deyilənlər bir şaiyədir.

Durub əl – üzünü yudu. Axşama yemək hazırlamağa başladı. Yenə də ümidini itirmədi. Oğlu evə gələndə hər şeyi açıqca danışıb, aydınlaşdırmağı qərarlaşdırdı..

Nəhayət ki, Famil işdən gəldi. Həmişəki kimi qaşqabaqlı və hirsli görünürdü. Anası ilə ağızucu salamlaşdı Gülayə heç nə bildirmədən ona yemək çəkdi. Çay gətirdi... Həmişəki adəti üzrə Famil qalxıb getmək istəyəndə Gülayə onun haraya gedəcəyini soruşdu.

- Uşaqlarla söhbət etməyə .

- Ananla niyə söhbət etmirsən? De, görüm, işlərin necə gedir, usta yanında bir şey öyrənə bilirsənmi?

- Pis deyil, niyə soruşursan?

- Necə yəni, niyə? Ana olaraq haqqım çatır. Daha şükür allaha böyümüsən. Mən evi tək dolandıra bilmirəm. İşlə, əl- ələ verək evimizi təmir elətdirək, rəhmətlik atanın təmir etdirdiyi evdir. Əyin-başımızı təzələyək. Güzaranımızı yaxşılıaşdıraq. El adəti ilə evimizə gəlin gətirək...

- Darixma, ay ana, düzələr, - deyərək, Famil onun sözünü axıra qədər dinləməyib, tələsik otaqdan çıxdı.

Gülayə pərt halda onun dalınca boylana-boylana qaldı... Bir müddət nə edəcəyini bilmədi. “Yox, bu işi belə qoymaq olmaz"– deyə fikirləşdi. Oğlunun taleyi uçuruma yuvarlanırdı. Onu bu yoldan qaytarmaq lazım idi. Nə qədər ki, gec deyil, oğluna kömək etməliydi.

Axşamdan yatmağa adət etsə də bu gecə yatmamağı qərara alıb, Familin yolunu gözlədi. Gündüzdən yarımçıq qalan söhbəti davam etdirəcək, onun kimlərlə dostluq etdiyindən xəbəri olduğunu oğluna bildirəcəkdi.

Qapı səssizcə açıldı. Famil idi.Gülayə yataq otağının azca aralı qalan qapısından oğlunu izləməyə başladı. Familin yerişindən onun sərxoş olduğunu gördü.

Otağına yenicə keçmişdi ki, Gülayə astaca onun yanına gəldi. Famil anasını görüb dik atıldı.

- Sən sərxoşsan? Deməli, deyilənlər doğrudur. Mən səni bunun üçünmü böyütmüşəm? Gör, nə günə düşmüsən, kimlərə qoşulmusan?

- Eh, ayy anaaa, rahat burax məni, - deyə o, əlini yellədi.

Gülayə bərk əsəbiləşdi. Oğlunun bu cür hərəkəti ona yaman yer elədi. Yaxınlaşıb Familə bir şillə çəkdi.

Heç gözləmədiyi halda Famil də qəfildən sağ əli ilə onu möhkəm itələdi. Gülayə bu zərbədən dalı – dalı gedib stola dəydi. Stolun üstündəki güldan diyirlənərək yerə düşüb çilikləndi. Gülayənin heyrətdən gözləri böyüdü.Famil bütün bu olanlara ani bir nəzər saldı., ildırım sürəti ilə otaqdan çıxdı.Bayıra çıxan Familin ağzından gələn kəsif qoxu onun ürəyini bulandırdı.

İlan vuran yatdı , Gülayə yatmadı. Famil səhərə yaxın qayıtdı. O gündən ana–bala arasında həya pərdəsi götürüldü. Famil getdikcə həyasızlaşırdı. İşdən də qovulmuşdu. Anasından hər gün pul tələb edirdi. Verməyəndə zorla alırdı.

Gülayə xəcalətindən camatın üzünə baxa bilmir, dərdini heç kəslə bölüşmürdü.

Bir gün o işdən qayıdanda evin qapısını açıq gördü. Ürəyinə qara şübhələr doldu.Tələsik içəri yüyürdü.

Dolabdakı paltarlar yerə tökülmüşdü. “Qızıllarım"–deyə dolabı alt-üst etdi. Zinət əşyalarını parçaya büküb dolabın orta rəfində paltarların arasında saxlayırdı. Zinətlərini göz bəbəyi kimi qoruyurdu ki, gəlilininə versin. Ən çətin anlarında belə satmağa əli gəlməmişdi.Çaşıb qalmışdı.

Dəli kimi gah o otağa , gah bu otağa keçir bir qərara gələ bilmirdi.İstədi ki, polisə xəbər versin. Tərəddüt etdi.Qonşusu Xalidə yadına düşdü, onunla məsləhətləşmək istədi.

Cəld qapını örtüb qonşuya tələsdi. Xalidə evdə idi. O, qapının ağzında rəngi ağappaq ağarmış , bədəni tir- tir əsən Gülayəni görüncə anladı ki, nəsə pis bir şey baş verib.

- Ay bacı, içəri gəl. Nə olub? Niyə belə həyəcanlısan?

Gülayə dil-dodağı əsə-əsə gördüklərini Xalidəyə danışdı. Xalidə bu işdə Familin əli olduğunu bildirdi;

- Dünən ərim onun Güləli ilə söhbətini eşidib. Qızıl- qızıl deyirmiş.Yəqin sənin qızıllarını nəzərdə tuturmuş. Çox güman narkotik maddə almaq üçün bu oğurluğu edib. Güləli onun axırına çıxacaq. Narkoman adamdan heç kimə fayda olmayıb. Yadındadırmı, o vaxt arvadını narkoman yoldaşına o zəhrimara qalmışa görə satmışdı. Həbsxana da onu ağıllandıra bilmədi. Bacı, bəlkə Famili zorla xəstəxanaya yerləşdirəsən? Bax, ərim də bir neçə dəfə ona öyüd-nəsihət verib, danlayıb lakin əvəzində Famil ona daha salam vermir.Onu həbs etsələr vəziyyəti bundan da betər olacaq.

Gülayə əlləri yerdən–göydən üzülmüş halda evə döndü. Gecə yenə onlardan səs-küy, hıçqırıq səsləri gəlirdi. Artıq Famil anasına əl qaldırmaqdan belə çəkinmirdi. Dərmanı gətirib evdə vururdu.

Gülayə gecə-gündüz nalə çəkirdi. Fikir, dərd onu çox qocaltmışdı. Getdikcə Familin səhhəti də pisləşməyə başlamışdı. Arıqlayıb, bir dəri, bir sümük olmuşdu. Rəngi sapsarı saralmış, iştahdan kəsilmişdi.Son günlər ayağının biri də axsayırdı. Gülayə, onun iynəni bud venasına vurarkən damarını zədələdiyini anlamışdı.

Bir neçə ədət büllur qabı gənclik xatirəsi kimi əzizləyirdi. Bir gün bu qablar da yoxa çıxdı. Həyat getdikcə Gülayə üçün öz mənasını yavaş- yavaş itirirdi. Yaşamaq dözülməz olmuşdu ona. Saatlarla əlləri qoynunda pəncərə önündə heykəl kimi dayanır, batmaqda olan günəşi qəmli- qəmli seyr edirdi.Cavabsız sullar onu məngənə kimi sıxırdı.

Gecəyarı zarıltı səsinə oyandı. Səs oğlunun otağından gəlirdi. Dözməyib ayağa qalxdı. Xalatını əyninə keçirib , oğlu yatan otağın qapısını açdı, gördüyü mənzərədən dəhşətə gəldi. Oğlu bir əlində şpiris yerə uzanmışdı. Sağ budundan qan axırdı. Al-qırmızı qan onun ətrafında gölməçə yaratmışdı. Demək, arteriyasını zədələyib deyə, ağlından keçirtdi. İstədi ona yaxınlaşa, qanını dayandırmağa çalışa, lakin yaxın gedə bilmədi. Ayaqları yerimədi. Bir xeyli dayanib onun axan qanına tamaşa etdi. Famil başını qaldırıb xəcalətli, yalvarış dolu baxışlarla anasına baxdı. Sifətində qan qalmamışdı, kağız kimi avazımışdı.

-Anaaaa, anaaaaaa, mənə kömək et, - deyə zarıdı, göz qapaqları titrədi.

Gülayə sanki bu səsdən ayıldı.

-Gec dedin, oğlum, çox gec..! Niyə belə etdin? – pıçıldadı. Səsi özünə yad gəldi. Ona yaxınlaşdı. Əyilib başını sinəsinə sıxdı. Bir müddət beləcə dayandı. Oğlunun getdikcə soyuyan bədənini oxşayaraq, həzin- həzin lay-lay deməyə başladı...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG