Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:30
Bu hekayə "Ədəbi Azadlıq - 2011" müsabiqəsinə təqdim edilsə də, onluğa düşməyib. Müəllifin istəyilə onu "Oxu zalı"nda dərc edirik.

Aslan Quliyev


BIR YAY GÜNÜ

Bir yay günü, demək belə, anam qolumdan yapışıb məni Həsənəligilə apardı.

Dedi, gəlmişəm, qızını oğluma alam. Həsənəli yaralı şir kimi nərildədi, dedi, öləm, öləm, qəbrim üstən bir qarış ot çıxa, yenə qızımı bu qan çanağına vermərəm.

Sonra Hüsənəligilə getdik, bu da göyərdi, gömgöy oldu, dedi, yalnız mən öləndən sonra meyidimin üstündən keçib qızımı istəməyə gələ bilərsiz.

Deyirəm, ay ana, bu gillik kimidi, ölüb eləyən deyil, niyə gözləyirik, əbləhi öldürüm, meyidinin üstündən keçək, meyidinə bir-iki təpik də vurub, gedək qızını istəməyə.

Anamsa belimin ortasından ağacla ilişdirib, məni evdən qovdu, dedi, sənə bu kənddə heç kim qız verməz, get, qonşu kəndlərə, axtar, soraqlaş, bəlkə qızından beziyib eləyən oldu.

Mən, demək belə, bürkülü və tozlu yollarla gedib bir kəndə çıxdım. Evlərinin divarları əyilmişdi, ağacları qocalmışdı.

Cavan bir oğlana nəzakətlə qız axtardığımı deyirəm.

Oğlan nəzakətsiz cavablar verir. Qulağının dibinə şaplayıram. Adamlar gəlir və demək belə, qulağımın dibinə şaplayırlar. Bütün istiqamətlərdən bütün istiqamətlərimə yumruq, təpik yağışı yağır.

Məni döymək üçün növbəyə dayanıblar, növbənin sonu görünmür. Yekəpər birisinin yazığı gəlir, məni adamların əlindən alır.

Deyir, bizə ityeməzlər deyərlər, nahaq gəlibsən, kəndinizdə sənə qız vermirlərsə, burda heç verməzlər. Sən deyir, yüz faiz pişik cinsindənsən, bu qədər döyülürsən, amma ölmürsən.

Mən, pişik cinsi? Boylanıb baxıram, əlim qulağımın dibinə çatmaz, başqa əzalarına vurmaq isə mənasızdı. Neyləməli, udmağa məcburam.

Məni evlərinə aparır. Balaca otaqda kətilləri balaca stolun yanına çəkir. Çörəyi, dolma qazançasını, şor xiyarı, bir şüşə arağı və taraş stəkanları stolun üzərinə qoyur.

Yeyir, içirik. Yekəpər ityeməzlərin sağlığına içir. Mənsə öz sağlığıma içirəm, az əzişdiriblər, gərək əbləhlərin sağlığına da içəm.

- Araq necədi? – soruşur.

- Əla! – deyirəm.

- Bəs dolma?

Yanıb yaxılıram. Sən bu iyrənc zəqquma dolmamı deyirsən? Bu dolma-filan yox, it yeməyidi, heç it də bunu yeməz.

Elə buna görə sizə ityeməzlər deyirmişlər! Yerindən qalxmadan qolaylanıb necə vurursa, uçub divara dəyir, qayıdıb, kətilin üstündə otururam.

Havam çatmır, sudan çölə atılan balıq kimi ağzımı açıb yumuram. Taraş stəkanı araqla doldurub başıma çəkir, bunun anasını üzünə söyürəm.

Ağzını ayırır, gözləri heyrətlə açılır və qəşş eləyir. Kətili başına vururam, döşəməyə necə yıxılmasına baxıb, otaqdan çıxıram.

Kəndin küçələriylə əsən tüfeyli küləklər tayaların, samanlıqların, qoca ağacların saçını-başını yolur.

Bir həyətdən orta yaşlı birisi məni səsləyir. «Vətəndaş! – nəzakətlə deyir, kimsə mənə belə müraciət eləmədiyindən, məni ağlamaq tutur. - Mən xəstəyəm, evdə səs verməliyəm.

Deyə bilərsizmi, necə səs verməliyəm?» «Sizin üçün qutu gətirəcək, bülleten verəcəklər, - deyirəm. - Bülleteni alıb şey elərsiz». «Qutuya şey elərəm, ya bülletenə?»

Demək belə, şey eləmək istəyir!

Bəs birdən xarici müşahidəçilər gördülər, vətəndaşımız səs vermək əvəzinə şey eləyir,- indi qutuyamı, bülletenəmi, elə də önəmli deyil,- onda necə olar?

Çəpərin üstündən sıçrayıb xəstə seçicini salıram yumruq altına. Adamlar gəlirlər. Belə olmayacaq, deyirlər, bir dəfə döyək, amma fər döyək. Fər döyürlər və huşumu itirirəm.

Ayılanda özümü çayın sahilində görürəm, bədənim sızıldayır. Çayda üz-gözümü yuyuram. Vah bə, aşağıda bir qız paltar yuyur. Segah üstə; gəl, gəl, ay elimin gözəl qızı, gəl, qoy açsın bağçamızda bahar gülləri, deyirəm, sonra Şirvan şikəstəsinə keçirəm, demək belə, sonra də nəyəsə keçirəm. Elimin gözəl qızı isə, gəlmərəm, gəlmərəm, deyir, heç vaxt dünyanın ən həyasız adamına ərə getmərəm. Ağzım açıla qalır.

- Hardan bildin dünyanın ən həyasız adamı olduğumu? – soruşuram.

- Alnındakı yazıdan, - deyir.

- Sən alın yazısını oxuya bilirsən?

- Bilmirdim, - deyir, - amma sənin alın yazını oxuya bildim.

Anam yalnız mələklərin alın yazısını oxuya bildiklərini deyirdi. Deməyinə görə xeyir və şər mələkləri iş-güclərini atıb, hərəsi bir çiynimdə oturmuşdu, neylədimsə, hamısını yazırdılar.

Həm də xeyir mələyi əlini ağdan qaraya vurmurdu, bütün günü bekarçılıqdan ağzını açıb əsnəyirdi, əsas güc şər mələyinə düşürdü.

Yazmağa çatdıra bilməyən, yorulub əldən-dildən düşən şər mələyi də mənə nifrət eləyirdi. Əslinə qalarsa, heç mənim də ondan ötrü ürəyim getmirdi. Yorulursan, yazma, hökməndi cikinə-bikinə kimi yazasan? Yəqin bu qız da mələkdi.

Qıza deyirəm, məyər sən mələksən? Qız isə gülür, deyir, səndə beyin də yox imiş. Sən çayda paltar yuyan mələyi harda görübsən?

Sözün düzü, mələklərin paltarlarını harda yuduqlarını bilmirəm, amma hər halda gəlib bizim çayda yumazlar. Bura gəlsə-gəlsə divlər, əcinnələr gələr, necə ki, gəlirlər.

Neyləyə bilərəm, çayla üzüyuxarı gedir və dağ yolunda meşə armudu kisəsini arxasına şələləmiş oğlanla rastlaşıram. Kisə ağırdır, oğlan dilini bir qarış çölə çıxardıb ləhləyir. Mənə baxır və gözünü qırpmadan deyir:

- Sən dünyanın ən həyasız adamısan!

- Hardan bildin? – heyrətdən donub qalıram.

- Alnında yazılıb.

- Sən də alın yazısını oxuya bilirsən?

- Bilmirəm, - deyir, - amma sənin alnındakı yazını hamı oxuya bilər.

Bu yüzə-yüz mələk deyil, mələyi vurub öldürsən də tozlu payız yolunda dilini bir qarış çölə çıxarıb ləhləməz, armud kisəsini isə arxasına heç şələləməz.

Oğlanda güzgü var, alıb baxıram. Alnıma göy tuşla iri hərflərlə yazılıb: «Dünyanın ən həyasız adamı!» Lənətə gəlmiş ityeməzlər, döyməklə ürəkləri soyumayıb, alnımı da yazıblar.

Yaxınlıqdakı bulaqda alnımı yuyuram, yazı çətinliklə də olsa gedir. Oğlan məni tələsdirir, güzgümü ver, gedim, deyir. Alnını görmək üçün suya baxarsan.

Su güzgü deyil, bunu başa salmağa çalışıram, su güzgü olsaydı, adamlar özləri ilə su gəzdirərdilər. Başa düşmür.

Güzgünü, demək belə, daşa vurub çilik-çilik eləyirəm. Armud satan məni bir əliylə yuxarı qaldırır, o biri əliylə də vurur, havaya qalxıb uçuram.

Bir alacəhrə mənimlə yanaşı uçur, havada uçan insanı görəndə heyrətdən özünü itirir, qanad çalmaq yadından çıxır və daş kimi yerə düşür, canı çıxır. Sonda mən də yerə düşəsi oluram

Daha nələrsə olur və gedib sıldırım qayaların, sal daşların arasına pərçimlənmiş dağ kəndinə çıxıram.

Kəndin girəcəyində məni başdan xarab, ikinci qrup əlil olan it qarşılayır. Adamları tanımaqda bəsirətim yoxdu, amma it sərrafıyam, itin gözünün içinə baxdımmı, hansı yuvanın quşu olduğunu bilirəm.

Bizlər qonaqpərvəik, itlər haqda isə bunu demək olmaz, şəxsən bu başdan xarab itdə qonaqpərvərlikdən əsər yoxdu.

Çinar ağacına dırmaşmalı oluram, amma orda dayanmaq məsələsi də var, yapışmaq olmur, tutmaq olmur. Sürüşüb, demək belə, itin ayaqlarının altına düşürəm, başdan xarab it pəncələrini sinəmə qoyur.

Hə, dost, deyir, dırmaşırdın, dırmaşa bildinmi? Sən, deyir, canını mənim əlimdən qurtaracağınımı zənn eləyirdin? Eləmirdim, deyirəm, mən canımı itlərdən qurtara bilmirəm.

İtin sahibi gəlib çıxır, sənin burda nə işin var, soruşur. A kişi, deyirəm, fikrin nədi, itin pəncələri altında tərcümeyi halımı danışım?

Bu başdan xarabı rədd elə, sonra tanış olaq.
Tanış oluruq, kişi məni kəndlə də tanış eləyir.

Kənddə kişili-qadınlı hamı qəlyan çəkir. Qəlyan çəkməkdən imtina eləyirəm, araq içirik, kefim kökəlir.

Mən evlənməliyəm, deyirəm, kimsə mənə qız vermir, çünki əlimdən-başımdan bir iş gəlmir, dava çanağıyam, küpünə qədər vurdumsa, çaş-baş oluram. Boş şeydir, deyirlər, bizim adamsan, vur, getsin.

Mən də vururam. Sonrasını xatırlamıram. Yarıqaranlıq otaqda ayılıram, pəncərədən içəri sübh şəfəqləri süzülür. Ayağa qalxıb geyinir, kənddən çıxıram. Başım çatlayır, gözlərimin önündə kölgələr oynaşır.

Arxamca qarabaqara kimsə gəlir, elə bilirəm başdan xarab itdir, məni yenə də çinar ağacına dırmaşdırmaq istəyir, dayanır, gözləyirəm. Əlində bağlama olan bir qızdır.

- Kimsən? – soruşuram.

- Arvadınam, - astadan dillənir.

- Nəyim? - qulaqlarıma inanmıram.

- Arvadın.

- Mən haçan evləndim, arvadım da ola?

Yəqin məni qara basır, hamısı içkidəndir, özümü söyürəm, sənə kim deyib get, qəlyançəkənlərlə axıra qədər vur? Sən onlarla ayaqlaşa bilərsən? Qız isə deyir, gecə dostların gəlib məni atamdan istədilər, atam da verdi. Gecəni bir otaqda yatdıq, səhər sən oyanıb gələndə, mən də arxanca düşdüm.

- Barı sifətdən… gözəlsənmi?– tərəddüdlə soruşuram.

- Özün görmürsən?

- Küpünə qədər vuranda, bir ay əməlli görmürəm, - deyirəm.

- Deyirlər, gözələm.

- Qəlyan çəkirsən?

- Yo..ox.

- Necə yəni yox? Sizdə hamı çəkir, bircə sən çəkmirsən?

- Çəkmirəm, amma istəsən çəkərəm.

Sözə bax, istəsən! Ay qız, mən ölməyə həvəslə razı olaram, nəinki arvadımın qəlyan çəkməyinə! Sən bir də mənim yanımda qəlyan adı tutsan, qəbrstanlığı də gözlərin önünə gətir, özü də hansı qəbirstanlığı istəyirsən. Çünki səni öldürəndən sonra harda basdırmağın mənim üçün heç fərqi yoxdur.

Yolun kənarında çoban çomağına söykənərək daş üstə oturub. Ona deyirəm, bax gör, bu qız gözəldimi?

- Özün niyə baxmırsan?

- Görmürəm, ona görə.

- Korsan?

- Yox, - deyirəm, - amma vuranda, gözlərim əməlli görmür.

- Canın çıxsın, vurma! - deyir.

Qulağının dibinə şaplamaq istəyirəm, amma çomağa baxıb fikrimdən vaz keçirəm. Qız düşür üstümə, deyir, utanmırsan, çobandan arvadının gözəl olub-olmadığını soruşursan! Deyirəm, çobandan başqa burda bir ins-cins yoxdusa, başqa kimdən soruşa bilərəm. Bəlkə sən, meymuna oxşayırsan, onda necə olsun? Deyir:

- Sən mənə meymun deyə bilməzsən!

- Meymun-filan nədi, - deyirəm, – bizdə kişilər bekarçılıqdan darıxanda arvadın əngini də əzirlər.

- Çox da havalara girmə, - qız deyir. – Sizin kişilər bizim kənddən qız almayıblar, ona görə bərk gedirmişlər.

Gəlirik kəndə. Anama deyirəm, buyur, bu da sənə gəlin, amma bax, gör, gözəlmi qızdı? Bunlar nəsillikcə qəlyançəkəndilər.

Sabah gəlib ocağının başında oturub, qəlyanlarını tüstülədəndə, evi-eşiyi tənbəki tüstüsünə verəndə sənə deyərəm. Məni evləndirməyə yaman tələsirdin, evlənməsəymişəm, dünya dağılacaqmış.

Hər nədi, qəbulumdu, anam deyir. Guya qapımızda qızlar növbəyə durublar, kimi istədik, onu da seçəcəyik?

Amma qız doğrudan da gözəl qız imiş.

Əng əzməyə gələndə isə… Bu artıq bəxt məsələsi, mən hər halda həmən yay günü normal bir kəndə də gedib çıxa bilərdim.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG