Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:56
Biri var idi, biri yox idi, bir Amerika şpiyonu var idi. Biz ona casus, kəşfiyyatçı da deyə bilərdik.

Amma belə deyəndə həm dilə asan yatır, həm də dil zənginləşib varlana bilər, zibil-ləməsə, əlbəttə.

Bəli, həmən bu şpiyon çox yaxşı şpiyon idi, hərçəndi, ilanın ağına da lənət, qarasna da, amma hər peşənin bir yaxşı sənətkarı olmamış olmaz, elə deyilmi? Bu şpiyon da təcrübəli, insaflı, mürvətli və mədəni bir şpiyon idi.

Day qapı dalından qulaq asan, telefon ilə zəng edib adamı qızışdırıb diktafona yazan, sonra da aparıb harasa verən arvad kimi kəşfiy-yatçıların, casusların tayı deyildi. Özü də Şərq ölkələrini beş barmağı kimi bilirdi.

Təqaüdə çxmağına az qalmışdı. Sonuncu iş yeri kimi Bakıya gəlmişdi. Hərdən Dağüstü parka, Qız qalasına çıxar, şəhəri seyrə dalar, qədimi binalara, təzə tikilənlərə, yellənən bayraqlara baxdıqca baxar və ləzzət alardı.

Üzdə "Nyu York Tayms" qəzetinin müxbiriydi, xırda-para məqalələr də yazırdı. Əslində buralar qaynar-qaynar xəbərlərlə dolu idi. Şpiyon kişi öz şpiyonluğuna tüpürüb elə bu xəbərlərin ucundan-qulağından dartışdırıb yazsa idi, dədəsinə də bəs edərdi, babasına da...

Məsələn, bütün şərqdə məşhur, bütün dünyada öz hazırcavablığı ilə bəlli azərbaycanlı iş adamı, biznesmen İbad Məşədinskinin yolu ilə getmək istəyərək divara dırmaşan gənc müxbirin bağda əsir düşməsi, nazir bəyin oğlunun və qoçuların onu döyməsi, sonradan nazir qızının o qəhrəmana aşiq olması, birgə qaçışları yağlı bir roman süjeti idi.

Hələ bu hadisəyə protesto kimi nazir xanımının yapon nindzası ilə bu quldur yuvasınından qaçışı bir yana.

Nindza səmrimiş koppuş xanımı hündür qala divarları kimi hasardan dartanda kəndirin qırılıb hər ikisinin üst-üstə düşməsi, onların rus blini və yağlı azərbaycan fəsəlisi kimi üst-üstə yastılaşmağını isə etik səbəbdən açmayaq.

Bunu ancaq rus vodkası ilə, milli xan arağı ilə həmsöhbət olub etmək olar.

Nazir qəzəbinin gələcəkdə Yaponiyanı sunami dalğasına qərq edəcəyini də milli sir kimi saxlayaq. Amma şpiyon da öz xəlvəti şpiyon işləri ilə məşğul olurdu.

Hərçəndi şərqə şpiyonçuluğa gələnin ağlı yoxdur. Buranın öz şpiyonlarına nə gəlib ki?! Ucuz və keyfiyyətli.

Düzü, onun nə iş gördüyünü bisək də aça bilmərik, çünki öz başımıza da iş açmış olarıq, adama deyərlər ki, əşi, siz bunları hardan bilirsiniz, yəqin əlbirsiniz.

Və zatən haqlı da çıxarlar. Ona görə də yaxşısı budur hekayəmizə keçək və öz şpiyonumuzu izləyək.

Həə... Görürdün ki, həmən bu şpiyon durub hərdən bir muzeyə gedir, məsələn Tarix mu-zeyinə.

Diqqətinən eksponatlara baxır, divarın-otağın bəzək-düzəyinə fikir verir, öz spiyon ağlıynan bu binanı tikdirən Hacı Zeynalabdin kimi kişilər haqqında gizli məlumat toplayır və əlüstü nə isə götür-qoy edirdi.

Amma buralarda ağlı kəsən bir adam və vitrinlərdə qiymətli sayılacaq bir eksponat gözünə dəymirdi. Ona görə də hələlik hesabatlarında yalan-palandan uydurub bir təhər yola verirdi. Düşünürdü ki, bunlar yəqin onu qabaqlayırlar.

Hər hərəkətini şahmat oyunu kimi əvvəlcədən hesablayıb at gedişi ilə bunu eşşək yerinə qoyurlar, yəni qəsdən ondan kənar qaçır, eksponatları da gizlədirlər. Araşdıranda gördü ki, doğrudan da yarısı belə-dir.

Yəni, bəzi qiymətli eksponatlar elə ağlagəlməz bir yerdə, məsələn, Amerikanın özündəki şəxsi muzeylərdə, kolleksiyalarda gizlədilib, day ona heç cürə əl də çatmaz.

O səninçün banan ölkəsi deyil ki, deyəsən ver bura bu eksponatı, aparıram bizimdir, tədqiq edəcəyəm, sonra da başına daş salasan...

Onlarınkı şəxsi muzeydi, xəlvəti ilişsən, təpənə bir güllə vurub atarlar balıqların ağzına, aşkara ilişsən, iş məhkəmələrə, lap Haaqa məhkəməsinə qədər gedib çıxar, qəzetçiləri də səni çeynəyib elə günə salar ki, heç bir tikən də ələ gəlməz...

Həmən bu şpiyon dayı bir gün Tarix muzeyindən əli boş, ətəyindən uzun halda çıxıb gəldi İncəsənət muzeyinə.

Gördü ki,... ədə bunların nə qədər incə sənətləri var imiş! Şəkillər alışıb-yanır elə bil, rəngin biri o birisindən gözəl, kompiozisiyalar, işləmə texnikası, mövzusu, fəl-səfəsi, mənası, incəliyi hər şeyi var, bircə tamaşaçısı yoxdur.

Heykəllər də ki, elə bil canlı adamlardır, oturub xəyala dalıblar. Ha fikirləşdi, baş aça bilmədi. Təcrübəli qoca şpiyonun başında olan-qalan tüklər də töküldü və güzgüyə baxanda onu ağlamaq tutdu.

Gördü ki, qrimsiz-zadsız olub Vladimir İliç Lenin və bu bədbəxti nəinki Bakıda, bütün dünyada tanı-yacaqlar, heç belə də şpiyonçuluq olar? Hər şey zibilə döndü.

Qara eynəyini çıxarıb qırmızı eynək taxdı, gördü onda da lap pis oldu, bu elə o deməkdir ki, partbiletini gözünə taxıb, yaxud soxub də! Bütün dünyanı yorub-yortmuş şpiyon qaldı Bakının düz ortasında başına döyə-döyə.

Elə bil İran şiəsi idi, özü də qətil sındırırdı.

Bu əhvalatdan sonra Şpiyon bir-iki dəfə kinoteatra, hətta kinosuz, elə xalis, təmiz teatra da gedib öz aləmində ziyalı, bilikli, alim, vəzifəli, intelektual adamlarla tanışlıq qurub faydalı əlaqələr yaratmaq fikrinə düşdü. Amma hamısı boşa çıxdı.

O, buralarda da belə adamlara rast gəlmirdi. Bu hində ağlına bir fikir gəldi... düşündü ki, day elə əliboş tutulub ələ keçib rüsvayi-cahan olunca, özü getsin xətir-hörmətilə təslim olsun.

Sonra da allah kərimdir, ya qurtarıb gedər, ya da qalıb məsləhtəçi-filan kimi çalışar. Həm də daha üz-gözü də buralara öyrəşmişdi, yeməklər dadlı, hava mülayim, mədəni yerlərin hamısı basabassız, seyrək, su da ki, maşallah, sollardan bulaq kimi sellənib gəlir. Amma son dəfə bir də təşəbbüs etməyi qərara aldı.

Bəli, həmən bu qocaman amerika şpiyonu, adam üçün darıxmışdı, o səbəbdən saqqal buraxıb, papaq qoyub adamların tünlük olduğu məscidə getdi.

Bu dəfə az qalmışdı ki, İran-dakı köhnə dostunu qucaqlayıb öpüşə, bircə tikəsi ofsanata düşdü, İran mollası burda özünü elə mötəbər aparırdı ki, nəinki “Əmrikalı” dostunu, heç doğmaca dədəsini də saya salıb tanımazdı. Bu dəfə dəli şeytan şpiyona dedi ki, o da keçə mollalığa, iki surə, bir əhvalat bir də bir təsbeh, vəssəlam, şüttəmam.

Kimdir səni imtahana çəkib dərinə gedən, testdən keçirən. Amma qorxdu ki, Ben Ladenin adamlarının əliylə gönünü soydurub suya verəcəklər. Deməli etibarlı bir yerə özünü təslim etməli idi.

Düşünə-düşünə, gəzə-gəzə gəlib çıxdı bir binanın qabağına. Gördü elə axtardığını tapıb. Bura Dövlət Təhlükəsizliyi İdarəsidir. Hə, bax o KQB-nin binasının qabağında bir o yana keçdi, bir bu yana keçdi, şübhəli-şübhəli baxdı, heç kim buna fikir-zad vermədi.

Düşündü ki, “bravo!”, kişilər öz işləri ilə məşğuldular və hər boş-boşuna o yana, bu yana avaralanana da fikir vermirlər.

Düşündükcə başı şişirdi və hava qızdıqca düşünmək də zülmə çevrilirdi. Bəli, həmən bu Leninə bənzəyən, başı keçəl, gözü qara eynəkli, ağ şalvarlı, gen balaqlı, qulağı telefonlu şpiyon nəhayət özünü cəmləyib qapıdan içəri girdi. Səhv elədi, səhv yox, lap qələt elədi! Çünki içəri girəndə fikir verən görərdi ki, sol ayağını qabağa atdı, o səbəbdən işi tərs gələcəkdi! Gəldi də!

İki hündürboy, idmançı görkəmli, üzüqırxılmış, səliqə-sahmanlı, kondisioner-sərinkeşin sərinliyində sərinimiş-səmirimiş cavan oğlan qarşısına çıxdı. Şpiyon ədəblə salam verib xalis azərbaycan ləhcəsiylə dedi:

- Cənablar, mən şpiyonam, özüm də Amerika şpiyonuyam!- Əvvəl istəmişdi ki, "kəşfiyyatçı" deyə, tez başa düşdü kü, bunlar bunu anlamaz. Amerikalı şpiyon ədəbi dildə danışdığından danışığı gözətçilərə sərxoş bir adamın sayaqlamağı kimi gəldi. O, özü də bunu duydu. Bütün əski sovet məkanında kəşfiyyatçıların rus məktəbi keçdiyini və rusdilli olduğunu xatırlasa da şəstlə əlavə etdi: - Ay əm from Se -Er-Uu! - Bazburutlu oğlanların heç tükü də tərpənmədi. Şpiyon boğazını arıtlayıb əlavə etdi: - Ay əm e, Amerikan şpay!
Bazburutlu cavanın biri o birisinin üzünə baxıb hırıldadı:

- Ala, bu nə deyir ala, deyəsən gün başını xərəb eliyib ala! - O birisi bir az fərasətli çıxdı:

- Ala, bu nə isə bir pay istəyir. Xırdan var, məmməddən, şirvandan bir şey verək getsin, deyə-sən azmış turistdir, - deyərək ciblərini eşələdi. Hamısı yekə pullar idi. Şpiyon kişi dedi:

- Diyə ser, ay əm amerikan spay, pliz...- Birinci qapıçının hövsələsi daraldı:

- Ala, türkcə znayeş?

- Evet, evet! Men Amerkan şrpiyon, burda geldi.Teslim ister! Böyük reise, paşa var, men onunla konuşmaq ister!

- Bay sənin evin yıxılmasın, ala bını bayaqdan belə de də! Hə, nə istiyirsən? Türkiyəyə getmək istiyirsən!

- Yok! Ben Azerbeycanda qalmaq istər, teslim olmaq istər!

- Ala bunun başı xərəbdirki, nə var ala Azərbaycanda, istidən pişə-pişə! Hələ bəlkə müharibə-zad da oldu!

- Doqru! Müharibe için bende çok güzel haber var. Bahalı, şok haber!

- Neçiyə deyirsən alə, o xəbəri!

- Yok! Yüksek paşa gelsin, reis gelsin!

- Deyirsən, bahalı xəbərdi? Bəri bax, neçə paçkaya verərsən?Allah bilir, bəlkə hələ arvadın da ermənidi?

- Yes, karım da ermeni, evet, Bakudan!

Bazburutlu oğlanın biri o birisinə göz basdı:

- Ala bu səninlə bacanağdı ki?

- Yaxma görək ala, mənim neyimlə bacanağdı ki? Məndə bir tikə erməni qanı var idi, o da sünnetdə rətd oldu getdi, sən özündən bəri bax!

O biri qədeş xoruzlandı:

- Mənə erməni deyənin Ətağa cəddi, əbəjdadının ağzını filan edərəm! - deyib əlini belinə tərəf tapançasının qoburuna atdı.

- Kəs səsüvü ala, qatıxladun deyəsən! - qədeş qızışıb onun üstünə şığıdı. Süpürüşmə başladı. Qoca Şpiyon bütün dünyanı gəzmişdi, belə şey görməmişdi. Süpürüşmə hər an atışmaya keçə bilərdi və yaylımı güllə kimi desən o dünyaya göndərə bilərdi. Amma qoca şpiyonun təqaüd vaxtına az qalırdı və o qalan ömrünü rahatca yaşamaq istəyirdi.

Canısulu və gümrah Şpiyon özünü tələsik bayıra atdı. İçəridən atışma səsləri gəlirdi. Bir azdan iri çaplı silahlardan atəş səsi eşidlirdi. Atışma güclənərək bütün binanı bürüməkdə idi, pəncərələrdən qalın qara tüstülər çıxırdı. Şəhərin harasındansa yanğısöndürən maşınların hə-yacanlı fit səsləri eşidilməkdə idi.

Uzaqdan, küçələrin başından zirehli avtomobillər və tanklar görünürdü. Ala-bula hərbi vertalyotlar havada çöl arısı kimi uçuşurdular. Qoca şpiyon qara-nəfəs qaçıb yaxınlııqdakı parka girdi, dondurma köşkünün arxasına qısıldı. Tələsik bir don-durma alıb əsəbdən acgözlüklə yeməyə başladı. Soyuq dondurma boğazını ağrıda bilərdi, amma şpiyon risqə getməyin peşəkarı idi.

Dondurmanı aşırıb kağızını zibil qabına tulladı, sonra yaxındakı zirzəmidəki bara cumdu. İçi buzlu viski sifariş verdi, sümürgə çöpünü kənara atıb birnəfəsə gillətdi. Başı dumanlandı və rahatlaşdı. Barın küncünə qoyulmuş kiçik tele-vizorda "Tom və Cerri" cizgi filmi göstərilirdi. Barmen pultu basdı, bu dəfə "Madaqaskar" başladı.

Boğuq atəş səslərindən zirzəminin tavanından asılmış qəndillər yelləndikcə işıqlar titrəyirdi. Qoca şpiyonun televizora zillənən gözləri yaşarmışdı, keçimişlərini yadına salırdı, ya bu gününü, kim bilir, bəlkə də yaxından tanıdıqca sevdiyi yad bir xalqın halına ağlayırdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG