Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:33

Suyun iyi


Azər QARAÇƏNLİ
("Fikir qovluğu" elektron kitabından)


Yay. Sakit, sərin yay gecəsi. Çöldə yüngülvari meh var, evimizin yel çəkən pəncərələrindən duyuram.

8-dən 9-na keçən gecə. Saat 5-ə işləyir. Bircə mən yatmamışam.

Televizor olan otaqda oturub «Karamazov qardaşları»na verilmiş şərhi oxuyuram. Necə deyərlər, romanın özünə girişməkdən, romanın özünü oxumaqdan ötrü güc toplayıram. Birdən-birə burnuma yaş torpaq iyi dəydi.

Fikirləşdim yəqin yağış damcılayıb, xəbərim olmayıb. Heç eyvana çıxıb baxmadım da. Hələ də baxmamışam.

Amma çətin ki, yağış yağmış olsun. Əvvəla bu vaxt yağmaz, ikincisi də yağsaydı, eşidərdim. Yəqin birinci mərtəbədəki qonşular torpağı sulayıblar. Amma mən bu qoxunu niyə bayaqdan duymuram?

Ola bilməz ki, indi durub sulasınlar, gecənin bu vaxtında. Bəlkə kimsə yerə su atıb? Elə olsaydı da eşidərdim.

Biz üçüncü mərtəbədə yaşayırıq. Bu sakitlikdə birinci mərtəbədən yerə bir stəkan su atsaydılar da eşidərdim.

Nəysə. Mən niyə çıxıb eyvana baxmıram? Otaqda oturub bu qədər sualı verincə?.. Bilmirəm. Mən bu qeydi yalnız ona görə başlamışdım ki, deyəm burnuma yaş torpaq iyi dəydi, amma məncə, bu, torpağın yox, suyun iyidi.

Bu mənim dünyada ən çox sevdiyim qoxudu. Get-gedə iy çəkilir deyəsən, yəqin su çəkilir, ona görədi.

Bu qeydin sonuna bir cümlə də yazmaq istəyirdim: «...Amma çıxıb eyvana baxmaq lazımdı, bəlkə elə dünyanı su basır?..». Ancaq qeydin son cümləsinə («Get-gedə iy çəkilir deyəsən, yəqin su çəkilir, ona görədi».) uyğun gəlmədiyinə görə yazmadım.

Yəni bir yandan yazasan ki, suyun iyi çəkilir, o biri yandan da ardıyca yazasan ki, çıxıb baxmaq lazımdı, bəlkə elə dünyanı su basır – bu, düz olmazdı. Məntiq yoxdu. Amma maraqlıdı ki, suyun çəkildiyini düşünə-düşünə ağlıma gələn yeganə fikir bu idi – dünyanı su basması.

Bununla belə zahiri (Məhz zahiri. Çünki bu iki fikir arasında daxili məntiq var, olmasaydı, bir-birinin ardıyca ağlıma gəlməzdi.

Bəlkə də bu iki fikrin daxili məntiqi bir hisslə (hansı hisslə?) bağlı olmasında, bir hissdən doğulmasındadı.) məntiqsizliyinə görə ağlıma gələn son cümləni yazmayıb, tarixi («9 avqust 2002») qoydum, vərəqi qeydləri yığdığım qovluğa tikdim.

Gedib özümə bir stəkan çay süzdüm, içdim, bütün bu müddətdə, bilmirəm neçə dəqiqə çəkdi, beynimdə elə hey o fikir dolaşırdı: çıxıb eyvana baxmaq lazımdı, bəlkə elə dünyanı su basır?..

Çayı içib qurtaran kimi arxa eyvana, yəni oturduğum otaqdan açılan eyvana çıxdım. Bir az o yan-bu yana boylandım.

Bu iy hardan gəlirmiş görəsən? Aşağı baxdım, yaş olsa da görmərəm. Fikirləşdim bəlkə də o biri binaların həyətini suvarıblar, o tərəfdən gəlir. Birdən... Əla!

Bayaqdan gözümün qabağında ola-ola görmürəm. Nəyi? Öz eyvanımızdan asılmış paltarları. Sən demə, su iyi öz eyvanımızdan yuyulub asılmış paltarlardan, döşəkağından, yorğan üzündən gəlirmiş.

Yəqin bayaq meh bir az üzübəri əsib, ya bərk əsib, yaş par-parçanın qoxusu məni vurub. Mən də bayaqdandı min cür sual verirəm.

Bax, ona görə «əla!» deyirəm ki, (məni eyvanda gülmək tutmuşdu) insan belədi: nəticədən qayıdanda, nəticədən başlayanda min cür səbəb «tapır». «Bəlkə yağış yağıb», «bəlkə yerə su atıblar», «bəlkə yeri sulayıbılar»...

Axırda da: bəlkə dünyanı su basır! Amma eyvana çıxırsan, görürsən ki, paltar asılıbmış, vəssalam.

Amma kim bilir, bəlkə bunu insanın (mənim) qələbəsi (qələbəm) saymaq lazımdı. Hər halda məlum oldu ki, mən o iyə «suyun iyi» deməkdə haqlıyammış.

Çünki paltarın iyi olsaydı, torpağın iyinə oxşamazdı. Deməli, doğrudan da, suyun iyidi: torpağı yuyanda da, paltarı yuyanda da eyni cürdü.

Və kim bilir, bəlkə təfəkkürün hansısa məqamda nəticədən qayıtması yaxşıdı.

Bəlkə də səbəb hərdən görünməməlidi ki, nəticədə çaşmayasan, nəticəni düzgün müəyyənləşdirə biləsən.

Mən əvvəlcədən görsəydim ki, o iy paltardan gəlir, onda indiki kimi tam əmin ola bilərdimmi ki, yaş torpaqdan gələn torpağın yox, suyun iyidi?! Mən bunu əvvəl də düşünürdüm, amma indi qəti əmin oldum.

Deməli, yuyulmuş torpaqla yuyulmuş paltar eyni iyi verir. Ancaq sən hərdən torpağın qoxusuna çıxıb paltar görməlisən ki, buna şəkk-şübhən qalmasın.

Bax, onda sən qəti əmin olacaqsan ki, düz fikirləşmisən: torpaq da, paltar da, ümumiyyətlə hər şey yuyulanda öz iyini itirir, ona görə də təmiz nə varsa, eyni cür iy verir: bu, su iyidi.
Ola bilsin, mən bu dünyada həqiqətin yerini səhv salıram.

Ola bilsin, mən torpaqda axtarıram, gedib görəcəm ki, paltardaymış. Amma bunun fərqi yoxdu. Əsas odu ki, mən suyun həqiqətini axtarırdım.

Qoy lap paltardan çıxsın, nə dəxli var, paltarın özü ki, həqiqət deyil!..

Əgər mən fikirləşsəydim ki, bu, torpağın iyidi, yəni suyun iyi deyil, onda eyvana çıxanda bilərdim ki, səhv eləmişəm.

Amma mən əslində bilməzdim ki, nədə səhv eləmişəm. Həyatda belə hallar (adamlar) çoxdu.

Nə vaxtsa bilirsən (bilirlər) ki, səhv eləyiblər, amma yenə də bilmirlər ki, nədə səhv eləyiblər. Yəni səhvin özündə də yanılırlar.

Əgər mən düşünsəydim ki, bu, paltarın iyidi, onda (eyvana çıxanda) mənə elə gələrdi ki, düz bilmişəm.

Amma mənim heç xəbərim də olmazdı ki, əslində səhv eləyirəm.

Həqiqət faktın özündə yox, havasındadı. Ola bilsin, mən faktın özündə yanılıram. Amma bu, əsas deyil.

Əsas odu ki, faktların havasında yanılmayasan, havanı düz tutasan. Qoy o, torpaqdan yox, paltardan çıxsın, nə fərqi var. Əsas odu ki, yenə suyun həqiqəti çıxsın, yenə su həqiqi çıxsın.

Ola bilsin, kainatda ilahi ədalətin olduğuna inananların cənnət, cəhənnəm haqda təsəvvürləri yanlışdı.

Ola bilsin, bütün yaxşılıqlarının, bütün əzablarının əvəzini bir gün huri-mələklərdən alacağını düşünən adam tamamilə səhv eləyir.

Ancaq əsas bu deyil axı. Əsas odu ki, onun ilahi ədalətə inamı düz çıxsın.

Hansı formada olursa-olsun, amma olsun. Qoy o, mələklərə inamında yanılsın, amma təki ədalətə inamında yanılmasın.

Əgər kainatda həqiqətən ilahi ədalət varsa, bu o deməkdi ki, nə beş min il əvvəl ölüləri yemək-içməklə, qab-qaşıqla basdıranlar yanılıblar, nə də yüz illərdi cənnəti yerdə həsrətlə baxdıqları bağ-bağça kimi təsəvvür eləyənlər yanılırlar.

9 avqust 2002-ci il

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG