Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:29

Onlar bizim gələcəyimizdir...


Mövlud MÖVLUD


İkinci dünya müharibəsi vaxtı Qırğızıstanda bir qarı dərzilik edib yetim qız nəvəsini dolandırırmış. Müharibə, kasıblıq, canım sizə desin, zülm-zillət...

Bir gün qarı evə gəlib görür ki, nəvəsi onun sifarişlə tikdiyi donu kəsib güllər düzəldib. Sifarişçiyə gül aparası deyil ki? Qarı havalanır.

Qayçıyla qızın biləklərinə döyür, döyür, döyür. Uşağın əli çıxdaş olur. Aparırlar xəstəxanaya.

Əməliyyat edirlər. Əməliyyatdan sonra “narkoz”dan ayılan qız deyir: – Nənəmə deyin, əllərimi qaytarsın, bir də elə iş tutmaram. Onlar bizim gələcəyimizdir!

lll

ANS-in “Cinayət İşi”. Qısqanclıq zəminində arvadını, sonra da şahid olmasın deyə balaca oğlunu öldürən kişi danışır. İfadədən yadımda qalanlar: “Arvadım “gəzirdi”.

Dedim, “gəzmə”, yaxşı deyil, ailəmiz var. Uşağa yazığın gəlsin. Mənə qulaq asmadı. Axırda götürdüm bıçağı, doğradım onu.

Başımı qaldıranda gördüm oğlum ağlaya-ağlaya mənə baxır. Sakitləşdirib yalvardım, dedim, heç kimə heç nə demə. Razılaşdı. Arvadımın meyitini qonşunun həyətində basdırdım.

Uşağın başını qatmaq üçün dənizə apardım. Dənizdə çiməndə dedi ki, ata, olar, nənəmə deyim, başqa heç kimə?...

Başa düşdüm ki, ağzından qaçıra bilər. Gecənin düşməyini gözləyib onu da dənizdə boğdum. Qorxdum. Başımı itirmişdim”. Onlar bizim gələcəyimizdir!

lll

Dostumla çayxanadayıq. Masamıza yaxınlaşan hörüklü, qaraşın qızcığazın əlindəki cam ağzınacan günəbaxan tumu ilə doludur. – “Semiçka” istəmirsiniz? 50 qəpik uzadıb “bir stəkan” deyirik.

Camın içindəki yüzqramlıq Rusiya istehsalı stəkanı ağzınacan doldurub stolun üstünə tökür. Xırdamızı qaytarmaq istəyəndə “qoy qalsın” deyir dostum. Razılaşmır.

Təkid edirik. Onda “semiçka” verəcəm əvəzinə” deyir. Nə qədər “lazım deyil!” desək də, razılaşmır. 50 qəpiklik günəbaxan tumları masamızda dairəvi şəkil alır.

Qız bizdən uzaqlaşır. Dostum yaş tutmuş gözlərini mənə zilləyir: –Bu ölkədə alın söykəməyə bundan gözəl möhür tapa bilərsənmi?

Onlar bizim gələcəyimizdir!

lll

Bir yazıçı dostum məni tez-tez müharibədə itkin düşmüş əmisigilə aparır.

Atalarının öldüsündən-qaldısından xəbəri olmayan uşaqlar gözlərini bizə zilləyirlər. Gözlərimi yayındırıram. İtkin əminin çərçivəyə salınıb divardan asılmış fotosunun çox aşağıdan asıldığı diqqətimi çəkir. ıxanda dostumdan bunun nədənini soruşuram.

Bəlli olur ki, ürək xəstəsi olan balaca əmiqızı hər gecə yatmamışdan öncə ayağının altına stul qoyub çıxır atasının şəklini öpməyə.

Evdəkilər uşağın yıxılacağından qorxub fotonu onun öpə biləcəyi yerdən asıblar. Bir ay sonra uşağın ürək xəstəliyindən öldüyünü eşidirəm.

Ölüm ayağında elə hey deyirmiş: “Dədəm gəlsin, dədəm gəlsin, dədəm gəlsin...” Axırda itkin kişinin qardaşı (dostumun atası) əlini dizinə çırpıb ayağa qalxır: “Gəlsin də, ay bala, qoymuruq gəlməyə?” Onlar bizim gələcəyimizdir!

lll

Bir qonşumuz var, hər gün içib evdəkiləri incidir. Bir dəfə məni evlərinə qonaq çağırdı, balaca oğluyla elə birinci dəfədən dostlaşdıq.

Uşaq mənə əməlli-başlı mehribanlıq göstərdi. Gecə olub evə dönmək istəyəndə əlimdən tutub mənə yalvarmağa başladı. –Getmə daa, əmi, qurban olum, getmə. Sən gedəndən sonra atam döyəcək anamı.

Həmişə qonaqlar gedəndən sonra anamla dalaşır atam. Onlar bizim gələcəyimizdir!

lll

Heç bilmirəm, bu yazını indidən niyə yazdım. Axı 1 İyuna hələ çox var...

"525"

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG