Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:09

Dünya tarixində ən çox satılmış bədii əsərlər


Əlbəttə bədii əsərlər oxucu sayına görə "Bibliya", yaxud "Quran"la yarışa bilməz. Bu iki dini kitabın indiyəcən satılan, pulsuz paylanan nüsxə sayının milyardlarla olduğu güman edilir (əlbəttə dəqiq statistika mövcud olmasa da)

Amma statistikaya görə, məşhur ingilis yazıçısı Çarlz Dikkens-in 1859-cu ildə çap edilən "İki şəhərin hekayəti" adlı tarixi romanının dünyada indiyəcən 200 milyondan artıq nüsxəsi çap edilib.

Bu, dünya tarixində ən çox satılan roman sayılır. Əsərdəki hadisələr 1789-ci ilin Fransa inqilabı ərəfəsində və inqilab dövründə iki şəhərdə Paris və Londonda cərəyan edir.

Yazıçı təkcə fransız aristokratlarının istismar etdiyi kəndlilərin üsyana qalxmasının tarixini anlatmır, həm də idarəolunmaz inqilab dalğasının roman qəhrəmanlarının həyatına təsirini təsvir edir.

Daha sonra ingilis yazıçı Con Ronald Ruel Tolkin-in (1892-1973) fentezi janrında yazılmış "Üzüklərin hökmranı" ("Lord of the Rings") trilogiyası gəlir. Bu əsərin indiyəcən 150 milyondan çox nüsxəsi satılıb.

Adətən bu janrda yazıçılar qədim əfsanə və nağıl qəhrəmanlarından istifadə edir, hadisələr orta əsrləri xatırladan mühitdə baş verir, qəhrəmanlar fövqəladə hadisələrin iştirakçısına çevrilirlər.

Tolkin bu janrın "atası" sayılır. Əsərdəki hadisələr 17-ci əsrdə müəllifin uydurduğu qitədə baş verir.

Bu əsər incəsənətin müxtəlif sahələrində sənətkarlar üçün ilham mənbəyi olub. Əsər əsasında eyni adlı film də çəkilib.

Dünya tarixində ən çox satılan bədii əsərlər reytinqində üçüncü pillədə də Tolkinin uşaqlar üçün fentezi janrında yazdığı "Hobbit" povesti qərarlaşıb.

Günlərin bir günü - daha doğrusu 2941-ci il aprelin 28-də hobbit Bilbo Beqqinsin qapısını
Con Tolkin
sehrbaz Gendalf və 13 qnom döyür.

Onlar hobbiti qnomların oğurlanan xəzinəsini axtarmağa getməyə razı sala bilirlər. Xəzinəni əjdaha Snoq ələ keçirərək dağlardakı mağarada gizlədib...

100 milyon nüsxədən artıq satılmış bədii əsərlər sırasında 4 klassik Çin romanı arasında ən məşhuru olan "Qırmızı malikanədə yuxu" (rusca "Сон в красном тереме " ) da var.

Bir zadəgan ailəsinin düşüşündən bəhs edən əsər iki müəllif tərəfindən yazılıb. Əsərin ilk 80 fəslini Tsao Syuetsin yazıb.

Həmin fəsillər "Daş haqda qeydlər" adı altında yazarın ölümündən az əvvəl - 1763-cü ildə çap edilib. Təxminən 30 il sonra Qao adlı bir şəxs əsərin daha 40 fəslini yazaraq çap edib.

Beləliklə o, yarımçıq qalmış əsərin süjet xəttini tamamlayıb. Amma araşdırmaçılar hələ də mübahisə edirlər ki, bu sonluq doğrudan da ilk müəllif Tsaonun əsər haqda planlarına uyğun olubmu?

"Detektiv kraliçası" Aqata Kristinin (1890-1976) ilk adı "On zənci balası" romanı indiyəcən 100 milyon tirajla satılıb.

"Zənci" sözü aşağılayıcı çalara malik olduğu üçün 1940-cı illərdə əsərin adı dəyişdirilib - "Və heç kim qalmadı" adıyla çap edilməyə başlanıb.

Müxtəlif təbəqələrdən olan 10 adam bir adaya qonaq dəvət edilir və ard-arda onların adanın müxtəlif yerlərində meyitləri tapılmağa başlanır...

Ümumilikdə isə Ginnesin Rekordlar Kitabına görə, Aqata Kristi əsərləri indiyəcən dünyada ən böyük tirajla satılmış müəllifdir.

O, 80-cən əsərin müəllifidir, əsərləri 100-dən çox dilə tərcümə edilib və indiyəcən dünyada ümumilikdə 2 milyard nüsxədən artıq tirajla çap edilib.

Tiraj sayı 50-100 milyon arasında olan əsərlər arasında isə

Antuan de Sent Ekzüperinin "Balaca şahzadə" (80 milyon),
Den Braunun "Da Vinçi kodu" (80 milyon),
Paolo Koelyonun "Kimyagər" (65 milyon),
Vladimir Nabokovun "Lolita" (50 milyon),
Umberto Ekonun "Qızılgülün adı" (50 milyon)


əsərləri də var.

İngilis yazıçısı Coan Roulinqin Harri Potter haqda 7 romanı isə dünyada ən çox satılmış silsilə roman sayılır. Harri Potter haqda 7 kitab ümumilikdə dünyada 400 milyon nüsxədən artıq satılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG