Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:02

Sumqayıtda təzə təmirdən çıxan park yenə sökülür


Təmirdən yenicə çıxmış parkda təmir
Gözlə

No media source currently available

0:00 0:01:42 0:00
Direct-ə keçid
YENİDƏNQURMA № 1

Sumqayıt şəhərində yenicə təmirdən çıxan Nəsimi adına Mədəniyyət və İstirahət Parkı təzədən sökülür. Ötən ilin dekabrında Sumqayıt şəhər İcra Hakimiyyəti bu parkda aparılan işlər haqqında belə bir rəsmi məlumat yaymışdı: «Ərazidə 9500 kvadratmetr sahəyə tamet döşəmə qoyulub. Parkın işıqlandırılması məqsədilə 3480 metr yeni kabel xətti artıq çəkilib, 58 ədəd müasir tipli dekorativ dirəklər basdırılıb. 116 ədəd yeni elektrik fənərləri və lampalar asılıb. Bundan əlavə, parkda oturacaqlar və zibil qutuları yenisi ilə əvəz edilir, yaşıllaşdırma işləri aparılır».

Əvvəlki icra başçısının bu rəsmi məlumatda gördüyü işləri indi sadəcə kürüyüb, bir kənara atır, hər tərəfi təzədən qazırlar.

YENİDƏNQURMA № 2


Parka istirahətə gələnlər deyirlər ki, burada söküntü-tikinti işləri keçmiş icra başçısı Vaqif Əliyevin vəzifədən getməsinə bir az qalmış başa çatıb. Yeni icra başçısı gələn kimi başlayıblar yerə və səkilərə yeni döşənmiş bahalı daşları, mərmərləri sökməyə. Parkın ərazisində fəhlə gözə dəyməsə də, yerindən qopardılmış və sınıq-salxaq vəziyyətdə olan mərmərlərdən, daş plitələrdən, işıq dirəklərindən, yarımçıq qalmış qazıntı işlərindən hiss olunurdu ki, burada əməlli-başlı işə başlanılıb.

Parkın çayxanasına toplaşmış təqaüdçülər bildirirlər ki, «büdcədən pul ayrılıb, düzəlib. İndi yenə bunun sökülməyinə pul gedir xalqın cibindən, tikilməyinə də ikiqat pul gedir».

Sakinlər təmirdən yeni çıxmış parkın təkrar təmir olunmasını israfçılıq hesab edirlər:

Natiq Cəfərli
- «Bura çəkdiyi xərci paylasın dilənçilərə, kasıblara, qaçqınlara, Qarabağ əlillərinə».

- «Bu, xalqın sərvətidir, tək sənin, mənim sərvətim deyil. 9 milyonluq əhalinin sərvətidir, gəliridir. Biz niyə onu çölə tökməliyik?».

RESTORAN TİKİLİB, TUALET UNUDULUB


Sakinlər deyir ki, məmurlar bu boyda parkın ərazisində ayaqyolu tikməyi unudublar. Amma dəbdəbəli restoran tikmək yadlarından çıxmayıb. Deyirlər ki, parkın ərazisində tikilmiş restoranın hələ də kimə məxsus olduğunu araşdırırlar və bir tərəfə çıxa bilmirlər.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, ölkədə büdcədən pulların silinməsində icra hakimiyyətlərinin seçdiyi başlıca yollardan biri parkların, yolların tez-tez sökülüb tikilməsidir. Ekspertin fikrincə, dünya bazarında neftin qiyməti qalxdıqca, ölkədə yenidənqurma işləri yenə vüsət alacaq:

«Bu tipli işlər sürətlə artacaq. Çünki neftin də qiyməti qalxıb. Ölkənin gəlirləri, Neft Fonduna daxilolmalar artıb. Bu ay Milli Məclisdə büdcəyə dəyişiklik edilməsi və Neft Fondundan yeni əlavə vəsaitlərin büdcəyə transfer olunması gözlənir. Çox güman ki, həmin büdcədən artırılmış vəsaitlərinin böyük bir hissəsi yenə də təmir-tikinti işlərinə ayrılacaq».

Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin rəisi Məmli Abbasova gün ərzində etdiyimiz zənglər cavabsız qaldı. Məcbur olub onun mobil telefonuna yazdıq və münasibət bildirməsini xahiş etdik. Ancaq bundan sonra da M. Abbasovdan cavab gəlmədi.

Sumqayıt şəhər İcra Hakimiyyətinin rəsmi saytında isə Nəsimi parkındakı nə ilin əvvəlinə kimi aparılmış, nə də hazırda başlanan yenidənqurma işlərinə ayrılmış pul haqqında məlumat verilmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG