Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:27

Əhmədağa Kərimli "Güzgüdən gələn" (Hekayə)


(FANTASTIK HEKAYƏ)

Gəlişimdən fayda görmədi həyat
Getsəm də dəyişməz qoca kainat.
Bu gəlişş-gedişin səbəbi nədir?
Eşidə bilmədim kimsədən heyhat!

(Ömər Xəyyamın müqəddəs ruhu qarşısında ehtiramla baş əyirəm).



Kef-əhvalım həmişə olduğu kimi əla idi. Kimdə “Honda” həyat onda. Bu balaca “Honda” avtomobilimi sürə-sürə Ömər Xəyyamın rübailərini hansısa muğam üstə züm-zümə edirdim. Şeir, qəzəl həvəskarı deyiləm amma, nə vaxtsa əzbərlədiyim bu beytləri...

Tutar zəmanə eybin bütün insanlar
Məgər bizdən başqa onun eybimi var?
Vücudumuzda nöqsan olduğu halda
Daim gileyliyik səndən ey ruzigar.
Zəmanə nitqə gəlib danışsa əgər
Həcv ilə bizləri məzəmmət edər.
Ki, qurd yeməsə də qurdun ətini
İnsanlar bir-birinin ətini didər.
Məkrlə bürünərək təqva libasına
Yanımıza gələn qərib, vay halına.

Artıq bu məqamdaydım ki, züm-zümə deyil zildən oxuyurdum. Birdən qarşıma cənazə aparan dəstə çıxdı. Maşını yolun sağına verib saxladım.

Dinimizdə ölü aparılarkən yeddi qədəm arxasıyca getmək tövsiyə olunur. Mən də düşüb tabutun arxa tərəfindən tutmamış “Əllahummə-səlli əla Muhəmmədin və ali Muhəmməd” deyib tabut aparanlardan birini əvəz etdim. Beş-on addım getməmiş məni də əvəz etdilər.

Adamların arasında tanıdığım yox idi. Ölənin kim olduğu ilə maraqlanmadım. Arxada gələnlərin söhbətindən belə eşitdim ki: - yazıq nakam getdi, Allah rəhmət eləsin.

Qayıdıb maşına oturanda ətrafımda heç kim olmadığı halda kiminsə mənimlə maşının güzgüsündən danışdığını görüb qorxdum.

Səsi xoflandırıcı idi. İlk sözlərini başa düşmədim, tədricən aydınlaşdı. Güzgüdən deyirdi ki, məni dəfn etməyə aparanlar özləri canlı ikən ölüdürlər. Onlar bir-birlərinin çörəklərinə bais, paxıl bir dəstədir.

Bu cür cənnət məkanda Allahın onlara bəxş etdiyi min illərlə uzana biləcək ömrü, xoş ruzigarı bir-birlərinin əlinnən çox məharətlə alaraq qısaldır və bilməyərək məhv edirlər...
Bundan sonrakı sözləri eşitmədim, qorxu hissləri öz işini görmüşdü, huşumu itirmişdim. Bu uzun çəkmədi, özümə gələndə uzaqdan “La bişeyin min alai rəbbina nukəzzib fələkəl-həmdu ya rəbb...” dəstə avazla oxuyurdu.

Gözümü güzgüdən ayıra bilmirdim. Güzgüdə əvvəl müxtəlif hərflərlə yazılar yazılır, sonra itirdi. Birdən tanıdığım hərflərlə yazı görsəndi.

Çətinliklə də olsa oxumağa başladım. Elə bil hekayə idi, ya da ki, güzgüdəkinin monoloqu idi. Yazılar oxunduqca pozulur, təzə sətirlər yazılırdı.

Məndən xahiş olunurdu ki, gördüklərimi köçürüb hamıya çatdırım. Vəd verildi ki, mənə gələcəkdə çox faydalı məlumatlar veriləcək. İstəkli oxucum güzgüdəki yazıları oxuya bildiyim kimi sizə təqdim edirəm.

“İnsanlar! Təəccüblənməyin, mən sizə bu dünyamıza necə gəldiyimi, getdiyimi nəql edəcəyəm.

Yer kürəsində insan sürüləri əmələ gəldiyi dövrdən indiyə kimi müxtəlif zamanlarda, müxtəlif məkanlarda həmin zamanın, həmin məkanın tələbinə uyğun şəkildə gəlmişəm, getmişəm. Daha doğrusu gətirilmişəm, aparılmışam. Axırıncı dəfəki gətirilməyim 40 il əvvəl qış axşamlarının birində oldu.

Uşaq həsrətli bir ailə ona sevinc gətirəcək körpənin dünyaya gələcəyini ümidlə həyacanla gözləyirdi.

Həmin günün axşamı səmanın dərinliyindəki ağ buludlar alışıb sönürdü. əvvəl isti küləklə birlikdə narın yağış səpməyə başladı. Sonra səma qaraldı, şiddətli qasırğa qalxdı.

Bu zaman mənim gələcək anamın yanında doğuşa xidmət göstərənlər qalmamışdı. Yeri daim müşahidə altında saxlayan kosmik fəzalar, yəni bizimkilər doğulmuş uşağı aparmışdılar.

Körpənin tam oxşarı kimi məni zənbildə onun yerinə qoymuşdular. Sevinclə nurlandırılmış səhər açılanda hamı özünü yaxşı hiss edirdi. Bir-birlərini muştuluqlayır, xeyir-dualar, təbriklər, diləklər deyilirdi.

Məni öz körpələri bildikləri üçün pis gözdən, bəd nəzərdən xilas etmək məqsədilə üstümdə gözmuncuğu qoymuşdular. Məni nəzərdən qorumaq üçün ancaq yaxın qohumlarına zənbildə göstərirdilər. Beləliklə, mən bu cür “göydən zənbillə” düşdüm.

O vaxt mənim şüurum sizin şüurunuzdan min dəfələrlə artıq idi. İndinin özündə də Allah sizlərə ağıldan başqa hər şey artıqlaması ilə bəxş etmişdir.

Amma verilmiş ağlın siz yüzdə birindən də istifadə edə bilmirsiniz. Bunu aşkar etməyə ixtiyarım yox idi və heç danışa da bilmirdim. Həm də verilmiş proqram üzrə olmalıydım... “ata-anama” oxşamalı, tədricən böyüyərək onlardan və ətrafdakılardan görüb-götürməli idim.

Ətrafımdakıların ağlına belə gəlməzdi ki, mən onların keçmişini, bəzən gələcəyini, hətta nə fikirləşdiklərini belə bilirəm. Üzdə bir-birlərinə səmimi, mehriban olan, daxilən bir-birinə düşmən kimi pis fikirlərlə yanaşan qohumların münasibətləri məni heyrətləndirmirdi.

Çünki bunu qədim dövrlərdə də görmüşdüm. Mənə qəribə gəlirdi ki, insanlar özlərini bir-birindən daha üstün, daha bilikli, ümumilikdə özlərini yer üzünün əşrəfi, yerin sahibi hesab edirdilər. Yerin ərazisini öz aralarında ölkə, şəhər, kənd məhəllələrə bölüşdürmüşdülər.

Nisbətən yüksək mənəvi inkişaf etmişlər də söz-söhbətləri ilə cahilləri ayılda bilmirdilər.

Xatirimə düşür ki, 970 il əvvəl insanlar arasına gəldiyim zaman böyük bir karvan dəstəsinə qoşuldum. Minlərlə adam Kəbədəki əl-ihram məscidini ziyarət etmək və müqəddəs Zəm-zəm suyundan içmək üçün Məkkəyə doğru gedirdilər.

Hava qaralmışdı. Səhrada sakitlik hökm sürürdü. Aydın bahar səmasında gecə vaxtı parlaq ulduzların sayrışmasına “süd yoluna” baxdıqca baxmaq həvəsi gəlirdi.

Gecələr səhra soyuq olduğundan dəstələrə bölünmüş zəvvarlar tonqal ətrafında söhbət edir, dincəlirdi. Başına zəvvarlar toplanmış Ömər Xəyyam rəvayət danışırdı:

-“Bu hadisənin nə vaxt baş verdiyini heç kim bilmir. Amma yəqin ki, çoxdan olmuşdur. Şərqdə nəhəng bir çay axırmış. Yüzlərlə çayın suyu oraya tökülürdü. Onun bol suyu isə okeana axırdı.

Çayın ağzından bir qədər aralı ada vardı. Bir dəfə bu adada qarışqalar göründü. Sanki ayaqlarımızın altında hiss etmədiyimiz adi qəhvəyi-qırmızı rəngli qarışqalar idi. Lakin bunlar qarışqalar fəsiləsinin qeyri-adi nümayəndələri idi.

Onlar düşünməyi və ağlın tələblərinə müvafiq olaraq hərəkət etməyi bacarırdılar. Vaxt keçirdi, axı bizim yaşadığımız bir ay qarışqa üçün bütöv həyat demək idi: ağıllı qarışqa nəslini yeni nəsil əvəz etmişdi.

Onlar öz mədəniyyətlərini, elmini yaratmışdılar, onlarda yeni din, şəhərlər, dövlət meydana gəlmişdi. Ticarət, sənətkarlıqla məşğul olurdular, taxıl və arpa becərməyə, müxtəlif heyvanlar saxlamağa başladılar. Bir-birləri ilə vuruşub barışmaqları da var idi.

Onlar bütün adanı tədqiq etmişdilər. Axı bu ada onlar üçün geniş bir sahə idi, orada bitən ən hündür ağacların başına çıxır, torpağın altına düşürdülər. Özlərinə bərabər heç kəsi tapa bilmirdilər.

Düşünən qarışqalar başa düşürdülər ki, hər tərəfi su ilə əhatə olmuş bu ada onlar üçün bütöv dünya deməkdir. Onlar bununla fəxr etməyə və qürrələnməyə başladılar.

Bu qürurlu və təşəxüslük təhsil, mədəniyyət vasitəsilə daim bir nəsildən başqa nəsilə keçir, hiss edilmədən onların dünya baxışlarının və idraklarının mühüm tərkib hissələrinə çevrilirdi.

Onlar belə güman edirlər ki, yer üzünə təsadüfi gəlməmişlər və gələcək onlarındır.

Lakin yüz ildə bir dəfə olaraq okeanda nəhəng dalğa əmələ gəlir, çaydan çox yuxarı qalxırdı.

Vaxtilə müdrik qarışqaların yaşadığı bu adanı da bu dalğa yaratmışdı. Lakin bu dəfə dalğa adanın üstünü örtdü, onu yuyub geriyə - okeana apardı. Bir neçə vaxtdan sonra çay yenidən sakitcə axırdı, amma artıq ada yox idi”.

Xəyyam susdu. Ayaqlarını altına yığaraq oturmuş, ağızları bir qədər açılı vəziyyətdə bu ağıllı söhbətlərə qulaq asan zəvvarların başının üstünü təhlükəli karvan quldurları almışdı. Qoruyucu dəstələr isə pərən-pərən düşmüşdü.

O zaman mən müdafiə məqsədi ilə mühafizə zonası yaradaraq karvan quldurlarının beyinlərindən nektron dalğaları ötürücülərini qəbul edib onlara geri çəkilmək əmrini verdim. Bunu heç kim hiss etmədi. O vaxt mənim vəzifəm dinlə əlaqədar idi.

Tanrı haqqında səhv fikirlər daha çox yayılırdı. Bu indi də var zamanı çatdıqda bu səhvlərin nədən ibarət olduğunu biləcəksiniz.
Bu dəfəki gəlişimin (gətirilməyimin) məqsədi yerdəkilərin şüurunun zaman keçdikcə inkişaf mərhələlərini öyrənmək idi. Sizə bəxş olunmuş səciyyəvi qabiliyyətlər çox pis öyrənilmişdir.

Biz sizə aşkar yardımçı olsaq yanlış qəbul edərsiniz. Sizin “kosmik sivilizasiyalar birliyinə” daxil olmağınızı arzulayırıq. Amma nə etmək olar ki, çox geridəsiniz.

Kosmik sahədəki tədqiqat işləriniz isə lap ibtidai vəziyyətdədirlər. Ölkələr, insanlar elə silahlanıb ki, biz sizdən xəbərsiz işlərinizə qarışmasaq, bəşəriyyətlə birlikdə bu gözəl Yer planetini viran qoyarsınız.

Tərkisilahdan əldə olunacaq xərcləri təbiətin bərpasına sərf etsəniz əxlaq və mənəviyyatınız da dəyişər, kosmik həqiqətlərə əsaslanan biliklərə malik olarsınız.

Amma indi siz nə qədər biliklərdən uzaq, mənən yoxsulsunuz. Hara baxırsan yalan, riyakarlıq, ikiüzlülük, hiyləgərlik, yaltaqlıq – dünyada bax bunlar hökmranlıq edir. Bunları bacarmış olsan hörmətli olacaqsan, sayılacaqsan. Əzab çəkmiş, az da olsa, insan var ki, bütün sirlərin açılacağı ümidi ilə təsəlli alır”.

Bu yerdə güzgüdəki yazılar itdi və təzələri yazılmadı, yalnız pəncərədə görünən uzaq buludlarda sanki nəsə alışıb yandı və mənə elə gəldi ki, bu mənim sirli həmsöhbətim idi ki, göylərin dərinliyində gözdən itdi.

Bərk həyəcanlı idim. Bilmirdim ya sevinim, ya kədərlənim. Amma bir şey mənə aydın idi ki, kosmik qonaq mənə hələ çox baş çəkəcək və öz nağılvari söhbətləri ilə məni çox həyəcanlandıracaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG