Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:25
Fond pulu, süpürgə pulu, bayramlar...bəs deyildi, indi də uşağımızı məcburi sığorta edirlər, deyə düşündüm. Sığorta polisini əlimə alanda isə, lap özümdən çıxdım:

- Bu ki, əsl sığorta polisi deyil.

- Necə yəni? Polis nədir?- səkkiz yaşlı qızım ehtiyatla soruşdu.

- Qızım,sığorta olunanda adama verilən sənədə sığorta polisi deyirlər. Amma bunu kseroksdan çıxarıblar. Görmürsən, möhürü? Qara rəngdədir. Əsl möhür belə olmur.

- Ana, axı...

Başa düşürdüm ki, onun sinif yoldaşlarının qarşısında pərt olmamaq istəyi məni anlamaq imkanından üstündür. Amma qızıma pul vermədim. Onun göz yaşlarına qıymayan atasının da pul verməsinə razı olmadım.

Ertəsi gün redaksiyadan zəng vurub həmin sığorta şirkətinin yerini öyrəndim və ora getdim. Məni yaxşı qarşıladılar, şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı şirkət haqqında bir qədər məlumat verib suallarımı cavablamağa hazır olduqlarını bildirdi. Təşəkkür edib çantamdan uşağa verilmiş sığorta polisini çıxardım.

- Bununla sığorta məbləğini almaq mümkündürmü? – deyə müsahibimdən soruşdum.

- Əlbəttə, yox, sığorta məbləğini almaq üçün sənədin əslini təqdim etməlisiniz, cavabını aldım.

- Bəs sənədin əsli bizə verilməyibsə?

- Bu necə ola bilər? Siz övladınızı bədbəxt hadisələrdən sığorta etdirmisinizsə, sizə sənədin əsli verilməlidir.

- Məsələ ondadır ki, sığortanı mən etdirməmişəm. Oxuduğu orta məktəbdə ona bu “sığorta polisini” verib, pul gətirməyi tapşırıblar.

- Nə? Ola bilməz. Doğrudur, biz orta məktəblərlə, müxtəlif təhsil ocaqları ilə işləyirik. Amma bu qaydada yox. Valideynlərin razılığı ilə onların övladlarını bədbəxt hadisələrdən sığorta edir və onlara sığorta polisinin əslini təqdim edirik. Bəzən bu iş müəllimlərin vasitəçiliyi ilə də olur...

Müsahibim məndən məktəbin nömrəsini soruşdu, rəhbərliklə məsləhətləşib ora getmək istədiyini bildirdi. Bilmirəm, qızımı təzyiqlərdən qorumaq istəyimi, yoxsa məsələni tək araşdırmaq eqoistliyimi mənə güc gəldi. Məktəbin nömrəsini sığortya şirkətinin əməkdaşlarına demədim. Məktəbə özüm gedəcəyimi bildirdim.

Məktəbin direktoru əvvəlcə, problemin nədən ibarət olduğunu anlamadı. Mənə övladımın bədbəxt hadisələrdən sığorta olunmasının nə qədər önəmli olduğundan, bir jurnalist kimi bunu daha yaxşı anlamağımım gərəkliyindən danışmağa başladı.

- Mahirə xanım, dedim, doğrudur, sayənizdə sığortanın faydaları haqqında daha çox məlumat aldım, amma sizin şagirdlərə payladığınız sığorta sənədi etibarsızdır. Allah eləməmiş, uşağımızın başına bir iş gəlsə, bu sənədlə bizə heç kim kömək etməyəcək.

- Nə? Siz nə danışırsınız? Bizim əməkdaşlıq etdiyimiz sığorta şirkəti etibarlı və...

- Mahirə xanım, bilirəm, sığorta şirkətində də olmuşam, onun qanuni fəaliyyət göstərdiyini də bilirəm, uğurları ilə də tanışam. Amma söhbət ondan gedir ki, siz uşaqlara kseroksda çoxaldılmış sığorta polisi paylamısınız.
Çantamdan qızıma verilmiş kağız parçasını çıxarıb onun qarşısına qoydum. Mahirə xanım kağızı görəndə onu tər basdı. Boynuna bağladığı yaylığı əsəbi-əsəbi fırlatmağa başladı. Çətinliklə dilindən bu sözlər çıxdı:

- Bu necə ola bilər? Əminsiniz ki, sizin uşağa bu sənədi veriblər?

- Mahirə xanım, hər halda ikinci sinifdə oxuyan uşaq ona verilən kağızı dəyişdirib mənə surətini gətirə bilməzdi. Birincisi, bunu niyə eləsin? İkincisi də, başqa şagirdlərdən soruşmaq olmaz?

Bu fikrim Mahirə xanımın çöhrəsində bir işıq yandırdı sanki. Daxili telefonun düyməsini basıb katibəsini çağırdı.

- Qızım, get, bax gör, bu üzbəüzdəki sinif otağında hansı sinfin dərsidir, sinif nümayəndəsini bura çağır. Ya da çağırma, elə gör kimdəsə dünən payladığımız sığorta polislərindən qalıbsa, al bura gətir.

Katibə “baş üstə” deyib getdi. Mahirə xanım nəyi isə yadına salmaq istəyirmiş kimi düşünürdü.

- Mən sığorta agentindən polisləri bir-bir sayıb qəbul etmişəm. Hamısı möhürlü sənədlər idi.

Elə bu sözləri deyirdi ki, katibə əlində iki ədəd sığorta polisi kabinetə qayıtdı.

- Mahirə müəllimə, qalanları evdə qoyub, - dedi.

Mahirə müəllimə sevinclə:

- Eybi yox, elə bunlar da bəsdir, baxın, görürsünüz, bunlar surət deyil. Sığorta polisinin əslidir.

Mən katibənin gətirdiyi sığorta polislərini əlimə götürüb diqqətlə baxdım. Doğrudan da hər şey qaydasında idi. Bəs onda...

Mahirə xanım onları katibəyə qaytarıb təşəkkür etdi. Katibə getdi. O isə, qalib ifadəsi ilə mənim üzümə baxmağa başladı. Çaşıb qalmışdım. Belə çıxırdı ki, sığorta polisinin surətini çıxaran ya mənim qızımdır, ya da mən. Qızım kiçik olduğundan, həm də niyə etsin ki sualına cavab olmadığından şübhələr mənim üstümdə cəmlənirdi. Qızımın oxuduğu sinifdə dərs çoxdan bitmişdi. Uşaqlar da, müəllimə də artıq məktəbdə deyildilər. Odur ki, məktəb direktorunu məni sensasiya axtaran jurnalist hesab etməkdə qoyub məktəbi tərk etdim.

Evdə hər ehtimala qarşı qızımı sorğu-suala tutdum ki, həqiqətən də müəllimənin ona verdiyi kağızın onun mənə verdiyi kağız olmasından əmin olum. Qızımla söhbət edəndə birdən ağlıma gəldi ki, qonşu binada yaşayan, qızımla bir sinifdə oxuyan Leylanın anasına zəng vurum. Leylanın anası da elə bil dərdini deməyə adam axtarırmış. Məktəbdə hər gün pul yığlırlar, uşaqlara 1 üstəgəl 1 əvəzinə, manat üstəgəl manat öyrədirlər və s. Nəhayət, macal tapıb ondan övladına verilən sığorta polisinin əsl olub-olmadığını soruşdum.

- Mənim başım çıxmır axı, nə bilim?

- Möhürə bax, dedim, əsl möhürdür, yoxsa kseroksdan çıxıb?

- Qaradır, dedi, deyəsən sən deyəndir.Görürsən, sığorta şirkəti də fırıldaqla bizdən pul yığır.

- Dayan, dedim, sığorta şirkəti fırıldaq eləmir. Mən gedib onlarla söhbət etmişəm.

- Ay qız, ərinmirsən e? Yaxşı bəs fırıldaq eləyən kimdir?

- Bilmirəm, mən də elə onu axtarıram. Sabah o kağızı qoy Leylanın çantasına, mən bir də məktəbə gedib o məsələni aydınlaşdırmağa çalışacam.
Qızımın başqa sinif yoldaşlarının telefonunu bilmirdim. Elə bir sübut da bəsdir, deyib, səhəri gözlədim.

Ertəsi gün məktəbdə məlum oldu ki, qızımın müəlliməsi Çimnaz xanım xəstələnib, işə gəlməyib. Leyladakı sığorta polisini Mahirə müəlliməyə göstərməyin nəyi isə sübut etməyəcəyini düşünüb məsələyə qayıtmadım.

Redaksiyada mənə sığorta şirkətindən zəng vurduqlarını dedilər. Təbii, onlar da narahat idilər. Amma mən hələ də məsələnin əslini bilmirdim. Readaktorumuz isə, son günlər bu məsələyə çox diqqət ayırdığımdan başqa işlərin tökülüb qaldığına dair mənə bir eyham vurdu.

Axşam evdə oturmuşduq. Qızım Çimnaz müəllimənin məni telefona istədiyini dedi. Öz-özlüyümdə yaşlı qadındır, gərək mən zəng vurub onun səhhəti ilə maraqlanaydım, deyə dəstəyi götürdüm. Çimnaz müəllimənin səsi isə, titrək olsa da, xəstə səsinə oxşamırdı. Görünür, onun bu gün işə gəlməməsinin başqa səbəbi vardı. O, bir neçə gün bundan qabaq dərsdən sonra Mahirə müəllimənin ona verdiyi sığorta polislərini evə gedəndə yolda itirdiyini, buna görə də, başqa sinfin müəlliməsindən bir nüsxə sığorta polisi alıb çoxaldaraq şagirdlərə payladığını dedi. Yalvardı ki, bu məsələnin üzərinə çox getməyim, bu haqda yazı yazmayım. Müəllimə bunun nə qədər əhəmiyyətli olduğunu bilmədiyini etiraf etdi. Mən Çimnaz müəlliməyə yazı yazmayacağımla bağlı söz vermədim. Onu ertəsi gün dərsdən sonra mənimlə sığorta şirkətinin ofisinə getməyə dəvət etdim. İstəyirdim ki, o, əhəmiyyətsiz hesab etdiyi məsələnin nə qədər əhəmiyyətli olduğunu anlasın. Və şagirdlərinə və valideynlərə qarşı etdiyi haqsızlığı aradan qaldırsın.
Sığorta şirkətində məsələnin üstünü vurmadan mənə sığorta haqqında geniş və hərtərəfli məlumat vermələrini, misallar göstərmələrini xahiş etdim. Son aylarda baş vermiş sığorta hadisələri, avtomobil qəzalarına, bədbəxt hadisələrdən sonra insanların müalicəsinə, ziyan dəymiş əmlaklarının bərpasına görə sığorta şirkətinin ayırdığı vəsaitlər haqqında faktları eşitdikcə Çimnaz müəllimənin çöhrəsindəki dəyişikliyi müşahidə etmək xoşuma gəldi. Müsahibə bitəndən sonra Çimnaz xanımın bəzi sığorta növləri ilə bağlı əlavə suallar verməsi, sanki bu dəqiqə bütün sığorta növləri üzrə sığorta olunmaq istəməsi isə, mənə qələbə təsiri bağışladı. Ürəyimdə kaş ki, danışdığım hadisə kimi hadisələrdən (ona ad qoymaq istəmirəm) də sığorta olunmaq mümkün olaydı, deyə düşündüm.
Bir neçə gündən sonra qəzetdə bu hadisə sayəsində yazdığım geniş məqaləm çap olundu. Sığorta, onun tarixi, növləri və əhəmiyyəti haqqında yazmışdım.

Günün bütün mövzuları

XS
SM
MD
LG