Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:24
İlham ÇƏRKƏZ


Sənə ölümdən danışmaq istəyirəm, dostum. Ölmüş adama ölümdən danışmağın gülünc olduğunu bilirəm, amma ölümün sən görməyən başqa tərəfi də var - biz tərəfi…

Siz tərəfdən, yəqin ki, ölümün bir adı var, biz tərəfdən isə boğulmaq, yanmaq, qəzaya düşmək, qətlə yetirilmək, şəhid olmaq...

Sən sadəcə öldürüldün, biz isə səni şəhid elədik. Sənin ölümündəki günahlarımızı ört-basdır eləmək üçün, sənnən sonra kimlərinsə sənin kimi ölməyə aldanması üçün…

Aldatdıq səni, hamımız aldatdıq.

Səni biz öldürdük - səndən sonra rahat yaşamaq istəyənlər.

Müəllimlərin, valideynlərin, şairlərin, yazıçıların, siyasətçilərin, kəndçilərin - hamımız get dedik, get öl, biz rahat yaşayaq dedik, əvəzində adını şəhid qoyub, sənə şeir yazacaq, mahnı qoşacaq, yaxşı başdaşı düzəldib ağlaşma quracağıq, sən əbədiyyətə qovuşacaqsan, Allaha tapşırmışıq, sənə cənnət verəcək dedik, get dedik, təki biz, bizim övladlarımız rahat yaşayaq dedik…

Tarix müəllimin sənə get deyirdi, şəhid olmaq şərəfdi deyirdi, çünki dörd qızı varıydı, qızlar döyüşə getmirdilər axı. İndi o qızlar böyüyüb ərə gediblər.

O vaxtkı «fərarilər»ə - indiki qızıl bilərzikli, qızıl zəncirli «Rusiyet uşaqlar»ına.

Bilirsənmi dostum, döyüşdən qaçıb ali məktəblərdə gizlənənlər böyük vəzifələrə qalxdılar, Rusiyada gizlənənlər isə qayıdıb ən hörmətli adamlar oldular.

Fizika müəllimin get deyirdi, çünki 50 yaşı varıydı, lazım olsa mən də gedərəm deyirdi.

"O gün televizorda bir xalq şairi ağlayırdı. Öz hay-huylu şeirləri ilə xalqın balalarını Qarabağa, özününküləri isə Avropaya yola salan, sonra onları gül-çiçəklə, sizi isə mərsiyəylə qarşılayan xalq şairi. Sizin qəbirlərin fonunda şeir deyib klip çəkdirməklə özünü ən böyük vətənpərvər kimi qələmə verən şair. Səndən 4 dəfə artıq yaşasa da, ölümün nəfəsini hiss eləyib uşaq kimi ağlayan şair..."
İndi domino oynayır kəndin ortasında, müharibə başlasa mən də gedərəm deyir.

Ədəbiyyat müəllimin hər gün vətənpərvərlik şeirləri oxuyurdu, ağzı köpüklənə-köpüklənə, vətən anadı, bacıdı, namusdu, babaların qəbridi deyirdi.

Özünün 40 yaşı vardı, səndən güclü, səndən sağlam idi. Bilirdi ki, sən getməsən, o getməlidi, səndən bir az kiçik olan oğlanları böyüyüb getməlidi. İndi o oğlanlar böyüyüb, gömrükdə, vergidə işləyirlər. Atalarına «Cip» alıblar. Kəndə gələndə hamı qabağına qaçır.

Onlar kənddə təkcə babalarının qəbrini tanıyırlar…

Atan get deyirdi, bizim nəsildən qorxaq çıxmayıb deyirdi, mən gədə-güdələrin yanında başıaşağı gəzə bilmərəm deyirdi.

İndi başıaşağı gəzir, dərddən beli əyilib. Toyda, yasda lap aşağıda oturur, hamı onun haqqında Allahın yazığıdı deyir, iki oğul tabutu götürdü çiyninə, deyir.

Gecələri ağlayır xəlvətə düşəndə, gündüzləri güzgü qabağına keçib, arsız adamam, yaşayıram hələ, deyir.

Özünü öldürməkdən də qorxur, Allaha xoş getməz o verən cana qəsd eləsək, deyir…

Anan oğul vətən üçündü deyirdi, mən süd verdiyim oğul igid olmalıdı deyirdi. İndi hərdən şəkilləri töküb ağlayır, "Allah erməniyə lənət eləsin" deyir. Amma hər ayın axırında sənin adına verilən pulu alanda sevinir.

Hə, dostum, çox şeylər oldu səndən sonra. Qardaşın evdən qaçıb, cəbhəyə getdi. Altı aydan sonra minaya düşüb, ayağının birini Qarabağda qoyub gəldi.

Həkimlər müalicə adına yüz hoqqa çıxartdılar. Atan evdə qalan mal-qaranı da satıb həkimlərə verməli oldu.

Əlillik dərəcəsi almaqdan ötrü çox get-gələ saldılar, axırı elə dərəcə verdilər ki, guya kənddəki əli sağ, ayağı salamat «əlil»lərlə qardaşının heç bir fərqi yoxdu.

Bilirsənmi kim idi o həkim komissiyasının sədri - bizim kəndin baytar həkimi.

Qohumu nazirlikdə işə düzələndən sonra bu da rayonun baş həkimi işləyir, rayonun yarısı pulnan əlillik dərəcəsi alıb onun hesabına.

Qardaşın xəstəxanada olanda ilk vaxtlar çox adam gedirdi yanına, sonradan hamı yaddan çıxardı, istədiyi qız da.

Nə qədər sifariş yollasa da, qız görüşmək istəmədi, guya anası qoymurmuş. Anası elçiləri də rədd elədi, mənim qızım ömrü boyu şikəstə baxmayacaq, dedi.

Ağdamın xarabalıqları
Qız ərə gedəndən sonra qardaşını birtəhər, evlənməyə razı saldılar, özündən 4 yaş böyük bir qızla. İlk vaxtlardakı sakitlik çox çəkmədi, qardaşın gecələr ağrıdan qıvrılanda, arvadı paltar, şərait davası eliyirdi, kimin arvadından əskiyəm deyirdi.

Qardaşın ev tikməyə yer almaq üçün aylarla uzun zaman kənd sovetinə ayaq döydü, o boyda kənddə guya yer yoxdu deyirdilər, kəndin lap kənarında, yaşayış olmayan yerdən torpaq ayırmaq istəyirdilər.

Amma Rusiyadan gələnlər mərkəzdə üçmərtəbə evlər tikirdilər.

Bir dəfə kənd sovetinin qəbulunda olanda qardaşın əsəbiləşib kənd sovetini söyüb, qoltuğundakı əsanı ona tolazladı, o da əvəzində qardaşını kəndin ortasında, hamının gözü qarşısında 4 nəfərə döydürdü, nə polis, nə də qohumların heç kim yaxın durmadı.

Həkimlərə getməkdən, lazımsız dərmanları yeməkdən, gördüyü sifətlərdən qardaşının əsəbləri də pozuldu.

Həkimlər anlamadılar ki, qanqrena dedikləri qardaşının ürəyinin qara qanıdı, çıxır ayağına, səhv aparılan müalicədən qardaşının ayağı daha iki dəfə kəsilməli oldu.

Bədəni kimi ruhu da parçalanmışdı, bir gün hər şeydən bezib, özünü asdı. Bir oğlu qaldı özündən sonra, sənin adını qoymuşdu, indi oğlu böyüyüb: atasına yox, dayısına oxşayır.

Əgər doğrudan da intihar eləyənlər cəhənnəmə, şəhidlər cənnətə düşürsə, onda siz orda da görüşməyəcəksiniz və bütün bunlardan xəbərin olmayacaq…

Qardaşın öləndən sonra arvadı kəndin söz yeri oldu, dedilər ki, kəndin uçastkovusuynan gəzir.

O, uçastkovu sənin sinif yoldaşın olmuşdu, atası saxta sənəd düzəltmişdi ki, guya böyrəkləri xəstədi, gecələr altını isladır. İndi kənddə ağalıq eləyir, kəsdiyi başa sorğu-sual yoxdu, atanı görəndə də ələ salıb keçir.

Bacın kəndin axundunun nəvəsinə ərə getdi. Bu həmin axund idi ki, səni Quranın altından keçirib, boğazına qırmızı bağlamışdı, öz balalarının Ərəbistana, sənin kimilərinin isə Qarabağa getməsinə xeyir-dua vermişdi.

İndi kəndin yarı torpağı onunkudu, camaatdan torpağı alıb, özlərini də nökər işlədir.

Bacın qara çadrada gəzir. Əri onnan başqa iki arvad saxlayır, bacının ən böyük dərdi də indi bu arvadlardı. Hər gün ağlayıb, qardaşlarım sağ olsaydı sən belə eləyə bilməzdin deyir ərinə.

Hə, dostum, mən çox şeylər gördüm səndən sonra. O gün televizorda bir xalq şairi ağlayırdı. Öz hay-huylu şeirləri ilə xalqın balalarını Qarabağa, özününküləri isə Avropaya yola salan, sonra onları gül-çiçəklə, sizi isə mərsiyəylə qarşılayan xalq şairi.

Sizin qəbirlərin fonunda şeir deyib klip çəkdirməklə özünü ən böyük vətənpərvər kimi qələmə verən şair. Səndən 4 dəfə artıq yaşasa da, ölümün nəfəsini hiss eləyib uşaq kimi ağlayan şair...

Səndən çox yaşadım və anladım ki, müharibə əclafların kəşfidi.

Yaxşı adamların axırına çıxmaq üçün, onları ucdantutma yox eləməyin ən rahat yoludu, qalan gurultu, hay-küy də saf insanları tora salmaq üçündü.

Anladım ki, sənin Qarabağda öldürdüyün - yaşıdın olan o erməni də öldürməli olduğun erməni deyilmiş…

Ölümün çox çəkdi dostum, səni nə ölülərin, nə də dirilərin siyahısına qoya bilirəm. Amma onu bilirəm ki, beynimizə yeritdikləri kimi də deyil: sən guya Allahdan sizin üçün sifariş olunmuş yerdə də deyilsən.

Yəqin ki, Allahın nəzərində torpaq üstə bir-birini öldürən insanların elə bir fərqi yoxdu, sən də haradasa, elə öldürdüyün o həmyaşıdınla bir yerdəsən.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG