Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:34
«Cabbar dilini farağat qoysaydı, yaltaqlıq etsəydi, camaatla ayaqlaşsaydı, onu tutmazdılar».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında narkotik saxlama ittihamı ilə 2 il 6 aylıq həbs cəzası almış Cabbar Savalanlının anası Təravət Əliyeva deyib.

«Cabbarla görüşəndə, dedim ki, niyə belə etdin? Mən 12 ildir səni təkbaşına saxlamışam. Heç kimin qarşısında əyilməmişəm. Məni niyə polislərin qarşısında əydin? Dedi ki, ana, bilməzdim məni belə şərləyərlər. Məni yuxarıdan tutdular».

T. Əliyeva deyir ki, Cabbar sözünü boğsaydı, deməsəydi, tutmazdılar:

- AXCP üzvü olmasının qarşısını ala bilmədim. Dedim cəbhəçi olma, sözün gəldi ud. Dedi ölsəm də, uda bilmərəm, deyəcəm. Dedim bəs səni birdən tutdular? Dedi ki tutarlar, tutarlar. Mən o əvvəl tutulan gənclərdən artıq deyiləm ki? Tutulacağam, sonra çıxacağam. Dedim mən sənin yanına gəlməyəcəyəm axı. Dedi gəlmə.

- İndi getməyəcəksiniz yanına?

- Mənim uşağım heç siqaret çəkmir, tində qalan uşaq deyil. Gedəcəyəm. Mən fəxr edirəm ki, mənim elə övladım var... Əvvəl hamı mənə pis baxırdı ki, Cabbarın cibindən narkotik tapılıb. Gizlənirdim hamıdan. İndi onlardan eləsi var deyir ki, kaş sənin balanın yerinə mənim balamı tutaydılar. Fəxr elə ki, sənin elə oğlun var...

Şərhləri göstər

XS
SM
MD
LG