Keçid linkləri

Təcili xəbərlər

Dünyada nə qədər «qeyri – ciddi təşkilat» var?


Freedom House və Amnesty İnternational təşkilatlarının emblemləri
Freedom House və Amnesty İnternational təşkilatlarının emblemləri
«FREEDOM HOUSE» NECƏ «QEYRİ–CİDDİ TƏŞKİLAT» SIRASINA QOŞULDU

Hakimiyyət rəsmiləri «Freedom House»u da «qeyri – ciddi təşkilat» sırasına qoşdu. Bu hakimiyyət rəsmilərinin növbəti obyektiv tənqidə «tutarlı cavab»ı oldu. Bircə onu deyim ki, bu il həmin təşkilatın yaranmasından 70 il keçir və bu qədər müddət fəaliyyət göstərən, hesabatları bütün dünyaya yayılan, bir ölkə tərəfindən deyil, əksər ölkələr tərəfindən diqqətlə izlənən təşkilata belə münasibət heç də yüksək politoloji dünyagörüşnün nəticəsi deyil.

Ən azı bu səbəbdən ki, onun büdcəsi 60 – 80 faiz ABŞ Dövlət Departamentinin qrantı hesabına formalaşır, himayədarlar şurasında ABŞ-ın keçmiş səfirləri, eləcə də yüksək rütbəli sabiq məmurları təmsil olunub, 2005-ci ilə qədər təşkilata MKİ-nin sabiq direktoru C.Vusli başçılıq edib və indi də bu funksiyanı sabiq prezident U.Taftın kötücəsi həyata keçirir. Prinsipcə, siyahını davam etmək olar. Amma mən güman etmirəm ki, hakimiyyət rəsmiləri də bu bilgiləri əldə etmək üçün acizdirlər. Onlar da çox güman ki, bütün bunları bilirlər və əsas o səbəbdən dilxordurlar ki, indiyə vaxta qədər bu təşkilata yol tapa bilməyiblər və onu neytrallaşdırmağın üsulunu tapmayıblar.

Daha bir detalı qeyd edim ki, «Freedom House» yeganə beynəlxalq təşkilatlardandır ki, artıq bir neçə ildir ki, Azərbaycanı «qeyri–azad» ölkələr qrupuna aid edib və bu mövqeyini israrla davam etdirir. Dünyada nə qədər qeyri – hökumət təşkilatı var, bunu heç kim bilmir, saysız – hesabsızdır! Bu qədər böyük şəbəkənin içindəcə öz sözünü deyə bilmək və özünü təsdiq etmək heç də asan məsələ deyil. Əsas diqqət çəkən detal da budur – Azərbaycan rəsmilərinin qiymətləndirməsinə rəğmən «Freedom House» 70 il ərzində bunu bacarıb.

CİDDİ SİYASƏTİN ÖZÜ NECƏ OLUR?


Bəlkə də əvvəlcə bu suala cavab vermək lazımdır. Çox nadir hallarda həmin beynəlxalq təşkilatlar fövqəl – yeni informasiya verirlər, onlar sadəcə hamı üçün bəlli olan, ən azı siyasi prosesləri izləyən insanların bildikləri faktları təsdiq edir və buna qiymət verirlər. Əslində hər şey olduqca sadədir. Bəzən onlar bu faktları hətta bir qədər yumşaldaraq, ümumi ifadələrlə keçinərək təqdim edir və haqlı da olaraq müxalif düşüncəli insanların gileyinə məruz qalırlar.

Ciddi siyasət əsasən balans tələb edir. Balans nədən ibarət olmalı və nəyi nəzərdə tutmalıdır? Sadəcə, neqativ hallarla bahəm, pozitiv məqam da öz əksini tapmalıdır. Ciddi siyasətin fəlsəfəsi budur! Amma Azərbaycanı təmsil edən hakimiyyət rəsmiləri heç vaxt balansla kifayətlənmirlər, bu onlar üçün azdır, onlar sadəcə bütün neqaiv halların ört – basdır edilməsini və müxalifətin, eləcə də müstəqil insanların mövqelərinin tamamilə nəzərə alınmamasını tələb edirlər. «Qərəzsiz siyasət» deyəndə də məhz bunu başa düşürlər. Çox qəribədəir. Məsələn, Rusiya mətbuatında, əksər siyasi adamların leksikonunda beynəlxalq təşkilatların «qərəz»i haqda fikirlərə az təsadüf etmək olur. Balans onları əsasən qane edir.

Amma Azərbaycanda tamam başqa mənzərə müşahidə edirsən – daim ittiham, daim qınaq, daim «obyektivliyə» çağırış! Bunlar belə zənn edirlər ki, əgər bu 18 il ərzində bir neçə bina tikiblərsə, iki–üç körpü inşa ediblərsə, bütün dünya bunları vəsf etməlidir! Absurd deyilmi?

Mən hələ həmin tikililəri bir tərəfə qoyuram, onu qeyd etmək istəyirəm ki, ölkənin sosial – siyasi arxitekturası bərbad durumdadır! Hətta belə bir detala diqqət çəkmək istəyirəm ki, hamı son vaxtlar ərzində Çində inşa edilmiş tikililəri, bu ölkənin iqtisadi sıçrayışlarını yüksək qiymətləndirir. Amma heç kim Çin demokratiyası haqda danışmır, bu ölkədə insan haqlarının vəziyyətindən vəcdə gəlmir, çünki bu ölkə avtoritar ölkədir!

KİÇİK SÖZARDI

Bəli, tutaq ki, hamı qeyri – ciddidir, qərəzlidir... Lap elə Avropa Şurası, elə «Freedom House», elə «İctimai Palata» da! Bəs sonrası? Bunu qəbul etsək, jurnalistlərin həbsinə son qoyulacaqmı? Məhbəs həyatı yaşayan insanlar azad ediləcəkmi? Ölkədə demokratik seçkilər keçiriləcəkmi? Əgər hər şey bu «etiraf»dan keçirsə, bunu etmək olar! Amma dərd burasındadır ki, bütün yazılanlar olanların, baş verənlərin sadəcə adekvat inikasıdır.

Bir vaxtlar bu ölkədə M.Cəlil, M.Ə.Sabir eyni reaksiya ilə qarşılaşırdılar! Onlar olan geriliyi və mövhumatı yazırdılar! Amma qınanırdılar, təqib olunurdular!.. Bəlkə əsr dəyişməyib? Elə həmin mövhumat və həmin nadanlıq bu gün də yaşayır?..

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG