Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 16:42

Şəkidə kəndli ilə icra nümayəndəsinin mübahisəsi


Şəkinin Baş Şabalıd kəndinin sakini İsrafil Məmmədsoy AzadlıqRadiosunun «Qaynar xətt»inə kəndin icra orqanlarından şikayət edib. Deyir ki, əkin-biçin, torpaq subsidiyaları mənimsənilir. Şikayətçi danışır:

«SUBSİDİYALAR MƏNİMSƏNİLİR»


«Kəndin icra orqanları Kənd Təsərrüfatı Nazirliyinə ümumi əkin haqqında məlumat verirlər, ancaq əkin-biçinin detalları barədə məlumat vermirlər. Məsələn, yazırlar ki, 1000 hektar əkin- biçin oldu. Halbuki, əkin heç 20 faiz getməyib. Bizim Sarıca adlanan sahəmizdə Qaxın, Zaqatalanın torpaqları var, yoxlama gələndə onların əkinlərini göstərirlər ki, guya bu bizim əkinimizdir. Beləliklə də, guya əkin planını yerinə yetirmiş hesab olunurlar. Tutaq ki, dövlətə 1000 hektar əkinin «svodkası» verilibsə, gerçəkdə bunun 20 faizi əkilir. Yerdə qalan 800 hektarı öz qohum- əqrabalarının üstünə yazaraq dövlətin əkinə ayırdığı subsidiyaları mənimsəyirlər».

«ONUN ADI GƏLƏNDƏ, MƏNİM ALLERGİYAM TUTUR»

Baş Göynük kəndinin icra nümayəndəsi Rza Cəlalov subsidiyaların mənimsənilməsi ilə bağlı İsrafil Məmmədsoyun ittihamlarına belə cavab verir:

«Bununla bağlı müxtəlif instansiyalara şikayət eləyib. Komissiya gəlib araşdırıb. Bir qohumumun da adında nə bir hektar da torpaq yazılmayıb, nə də subsidiya alınmayıb. Komissiya yerində baxıb, aktlaşdırıb. Onun (İsrafil Məmməsoyun - red.) bütün sözləri şərə, böhtana söykənir. Ümumiyyətlə, onun adı gələndə mənim allergiyam tutur».

«SU BULAĞININ XƏTTİNİ SÖKÜB SATIB»

İsrafil Məmmədsoy məktəblərə, bağçalara ayrılan vəsaitlərin icra nümayəndəsi tərəfindən mənimsənildiyini, hətta kənddəki içməli su bulağı xəttinin icra nümayəndəsi tərəfindən çıxarılıb satıldığını da deyir:

«Əvvəllər məktəblər təhsil şöbəsinin özündə maliyyələşirdi. İndi məktəblərin maliyyə smetası kənd icra nümayəndələrinə həvalə olunub. Məktəblərin təmiri, texniki vəsaitləri, yanacaqları, hamısını kənd icra nümayəndəliyinin maliyyəsindədir. Kənd icra nümayəndəsi məktəblərə, bağçalara ayrılan pulları mənimsəyib yeyir, əvəzində məktəblərdə uşaqlardan odun pulu, «mel» (təbaşir - red.) pulu, qəzet pulu yığırlar. Bundan başqa, kəndə körpü, yol çəkməkdənsə, sovetdən qalan 400 metrəlik, yüksək keyfiyyətli metal su xəttini, yəni işləyən bulaq xəttini söküb aparıb. Camaat da məcbur olub həmin su xəttinin yerinə rezin şlanq çəkib».

İCRA NÜMAYƏNDƏSİ İTTİHAMLARI RƏDD EDİR


Kənd İcra hakimyyətinin başçısı bu ittihamları da təkzib edir:

«Məktəblərin maliyyə smetasını maliyyə idarəsi tərtib edib verib bizə. Yanacağına, dəftərxana ləvazimatlarına – hamısına dövlət vəsait ayırır. Rayonda tender müqavilələri bağlanır. Ödəmələr də birbaşa olur».

O ki qaldı su bulağı xəttinin sökülməsinə, icra nümayəndəsi bildirir:

«Kənd əhalisi özü də bilir ki, biz kəndi içməli su ilə təmin etmək üçün iş adamlarına müraciət edirik. Özümüz cibimizdən vəsait qoyub iş görürük burda. Biz «turba» satmırıq, əksinə, «turba» alırıq».

PAY TORPAQLARI NECƏ PAYLANIB

İsrafil Məmmədsoy şikayətləri davam edir. Kəndlilərə torpaqların paylanmasındakı qanunsuzluqlardan danışır:

«Mən bu günə qədər də torpaq payımı ala bilməmişəm. Becərdiyim torpağımı başqasına icarəyə veriblər. Torpaq islahatı başa çatmasına baxmayaraq bu günə qədər də torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə camaata paylanmayıb. Niyə paylamırlar, ona görə ki, o torpağı icarəyə verib dövlətdən subsidiya alıb mənimsəyə bilməzlər, səbəb budur. 2009-cu ildə mən prezidentə yazandan sonra rayonda artıq icazə verildi, mən və bir neçə nəfər aldıq. Dövlət aktını alanda gördük ki, əl gəzdirib camaatın becərdiyi torpaqları bələdiyyəyə saxlayıblar, camaata kənddən 50 kilometr aralıda olan torpaq payı veriblər».

İcra nümayəndəsi Rza Cəlalov isə dedi ki, İsrafil Məmmədsoyun torpaq payının şəhadətnaməsi də, kadastr sənədi də özünə verilib. Ancaq o, «kəndliyə istifadəsində olan, yoxsa başqa yerdən torpaq verilib» sualına cavab vermədi.

AzadlıqRadiosu məsələni izləyir, yenilik olsa, xəbər verəcəyik.

Əgər buna oxşar problemlə qarşılaşmısınızsa, bizə yazın və "Qaynar xətt"ə zəng edin: 436 77 41

XS
SM
MD
LG