Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:28

«Şeiri şairlər gözdən saldı»


Gənc şair Qismətin "Mərkəz" informasiya agentliyinə müsahibəsi. Onunla Cəlil Cavanşir söhbətləşib.

- İstəyirəm maraqsız bir suala cavab verəsən. Şair müsahibə verməlidirmi?

- Şair müsahibə verməlidir. Məsələn, elə şairlər var ki, onların irfani tərəfləri var. Şeirdəki bu qatları açmaq üçün onun danışmağına da ehtiyac var. Nəsr yazıldıqdan sonra onun haqqında resenziyalar yazılır, yazıçı özü istəməsə də, onun yazdıqları haqqında izahedici yazılar dərc olunur. Şeir isə emosiya və ovqat məhsulu olduğu üçün onun izahını şair verməlidir. Dünya şeirində bu nümunə var. T. Eliotun özü öz yazdığı şeirlərə şərhlər yazıb. Şair hiss edəndə ki, onun yazdıqları dəyərlidir, izaha ehtiyac duyur. Müsahibələrlə şair bir az da bu ehtiyacını ödəyir. Şair müsahibələrində şeirlərindəki məqamları, ştrixləri izah etməli, oxucuya bələdçilik etməlidir. Təbii ki, bu izahat “bu şeiri belə başa düşün” anlamında anlaşılmamalıdır.

- Sən özün ehtiyac hiss edirsənmi yazdıqlarını şərh etməyə?


"Belə qeyri-ciddi adamlardan sonra xalq arasında belə bir deyim də yaranıb: “Şair Səməd Vurğun idi.” Yəni ki, adamlar üçün artıq şairlik keçmiş zamanda olan bir anlayışdır."
- Bəzən. Bu o demək deyil ki, mən çox intellektual yazıram və bunun şərhə ehtiyacı var. Bəzən istifadə elədiyim obrazlar sistemi elə olur ki, onu mütləq oxucuya izah eləməliyəm. Hərdən yunan mifindən, Misir mifindən hansısa bir obrazı şeirə gətirəndə oxucunun bunu yanlış anlamaması üçün hansısa müsahibədə, essedə bunu izah eləmək məcburiyyətində qalırsan. Bu da çox cüzi hallarda olur.

- Şair yazdığını oxucuya hesablamalıdır, yoxsa öz daxili dünyasını yazmalıdır?

- Şair, ilk növbədə, içini yazmalıdır. İndi elə bir dövrə gəlib çıxmışıq ki, şairə münasibət birmənalı olaraq pisdir. Şairin obrazı insanların gözündə o qədər də yaxşı deyil. Şeir bir az da ikinci plana keçib. “Bütün dünya roman yazır” kimi bir fikir var. Biz bir az emosiyalarımızı bir kənara atıb praqmatik olmuşuq. Bu bir az da iqtisadiyyatla bağlıdır. Şeir kitabları hər zaman az satılır. Məsələnin marketinq tərəflərini, şeirin gözdən düşməməsi üçün şeirin reklamını, oxucuya sevdirilməsini də nəzərə almalıyıq.

- Əvvəllər şeirə kütləvi bir maraq var idi, indi isə bunun əksi müşahidə olunur. Nə üçün bizdə şeirə maraq bu qədər ölüb. Bu məsələdə şairlərin günahı varmı?

- Şeirin gözdən düşməsində şairlər günahkardır. Düzdür, biz həmişə günahı ictimai-siyasi dəyişikliklərin, cəmiyyətin üzərinə atırıq. Ancaq bunun birbaşa günahkarı şeiri yazanlar, yəni şairlərdir. Şair obrazını şairlərin özü gözdən salıb. Əvvəllər ən sevmədiyimiz şairin də obrazı oxucunun gözü qarşısında çox yüksəkdə idi. Sonradan bu hörməti şairlər özü itirməyə başladı. Çoxu düşünürdü ki, şair avara, bohem olmalıdır, şairin həyat tərzi elə olmalıdır ki, ondan mövzu çıxara bilsin. Şəxsiyyət məsələsi arxa plana keçdi. Şairin həyat tərzində elə məqamlar ola bilər ki, onu içindən keçirsin və yazsın. Ancaq bu o demək deyil ki, şair avara olmalıdır, düşgün həyat tərzi keçirməlidir, bohem olmalıdır və sair. Zatən bütün bunlar şairin həyat tərzinin içərisində var. Amma bu məqamlar şair şəxsiyyətindən önə keçməməlidir. Şairin bu obrazda təqdim edilməsində televiziyalarımızın da günahı böyükdür. Uzun illər təbliğat qalstuklu, ciddi görkəmli, amma şair olmayan “şair”lərin üzərində qurulması da şairlərin hörmətini, dəyərli obrazını gözdən saldı. O qədər qeyri-ciddi adamlara efirlərdə yer verdilər ki, insanlar bu obraza alışdı. Belə qeyri-ciddi adamlardan sonra xalq arasında belə bir deyim də yaranıb: “Şair Səməd Vurğun idi.” Yəni ki, adamlar üçün artıq şairlik keçmiş zamanda olan bir anlayışdır.

- Onda belə çıxır ki, şairlərimiz şeiri gözdən salıb?

- Şeiri şairlər gözdən salıb. Elə şairlərimiz var ki, onların kitabında çox dəyərli, hadisə sayıla biləcək şeirlər var. Ancaq onun həyat tərzi, obrazı elədir ki, onu oxucuya yaxşı şair kimi təqdim eləmək qeyri-mümkündür.

- Şeiri oxucu gözündə ucaltmağın, şeiri oxutmağın, sevdirməyin bir formulu mütləq olmalıdır. Səncə, nə edə bilərik ki, şeiri sevdirək?

- Məncə, KİV-lər, xüsusilə televiziya önəmli işlər görməlidir. Çox adi bir misal: insan televiziyada reklam olunan camaşır tozunu almağa üstünlük verir. Adamlar televiziyaya inanır. Televiziya isə bizdə tez-tez səhv edir, bu inamdan istifadə eləyib aldadır. Televiziyaya elə insanlar, elə şairlər çıxarılmalıdır ki, o insanlar şeiri sevdirə, ona maraq yarada bilsinlər. İnternet saytlarının da bu baxımdan rolu böyükdür. Elektron mətbuatın yaranmasından sonra hamı çap oluna bildi, amma bunun ən yaxşısını seçmək keçdi ikinci plana. Öz gündəliyinə, riyaziyyat dəftərinin arxasına şeir yazan və onu saytda çap etdirən adamın şeiri hansı məntiqlə seçilməlidir? Oxucu necə ayırmalıdır yaxşı şeiri? Burada görünür dəqiq bölgülər olmalıdır. Başqa ədəbiyyatlarda bu bölgülər cərəyanlara görə, “izmlərə” görə aparılır. Hər cərəyanın öz liderləri bilinir və fərqləndirilərək çap edilir. Ancaq bizim ədəbiyyatda hər şey həlməşikdir. Biz öz aramızda kimin hara aid olmasını, kimin nə potensialda olmasını bilirik. Ancaq ümumilikdə sərhədlər itib.

- Maraqlıdır, Qismət yazanda özünü hansı “izmin” içərisində görüb yazır? Ümumiyyətlə, yazı prosesində bunu düşünürsən, yoxsa içindən gəldiyi kimi yazırsan?

- Mən yazanda özümü hansısa “izmin” hansısa cəryanın içərisində görmürəm. Sadəcə oxuduqlarımdan, düşündüklərimdən sonra gedib çatdığım bir məqam olur. Ancaq mən şeirdə “izm”ləri şərti hiss edirəm. Bu bölgü nəsrdə daha aydındır, hansısa manifestasiyalar bəllidir. Ancaq şeir yazanda düşünmək mümkün deyil ki, mənim indiki ovqatım necədir. Şeir yazanda bilmək olmur ki, mənim ovqatım sürrealistdir, realist və ya posmodernistdir. Ancaq belə düşünüb yazanlar da var. Şeirdə söz özü adamı aparıb müəyyən yerə çıxarır.

- Sən yazanda söz daha çox səni hara aparıb çıxarır?


- Mənim şeirlərim modernizmə daha yaxındır. Daha çox forma xüsusiyyətlərinə görə forma oyunlarına getdiyim yerlərdə modernizmə yaxınam. Ancaq düşünürəm ki, hərəsindən bir az var. Bəzən çoxdan yazdığım, indi bəyənmədiyim mətnlərə baxanda görürəm ki, orada modernist elementlər də, həddindən artıq köhnə görünə biləcək simvolik elementlər də, özümə o qədər də yaxın hiss eləmədiyim sürrealist elementlər də var. Mən ümumiyyətlə yazanda bunları fikirləşməmişəm, sevdiyim şairlərdən, oxuduğum mətnlərdən gəlmə şeylər olub. Nə zaman ki, modernizmi oxuyub başa düşdüm, o zaman anladım ki, daxilən bura daha çox yaxınam...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG