Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:46

Sumqayıtda məktəblilərin parad hazırlığı


Sumqayıtda məktəblilər mayın 6-da keçiriləcək, 10 may- keçmiş prezident Heydər Əliyevin ad gününə həsr olunan parada hazırlaşırlar. Mayın 4-də keçirilən son hazırlıq məşqləri Heydər Əliyev adına parkda təşkil olunub. Səhər saatlarından başlayan məşq saat 12-yə kimi davam edib. Bu müddətdə park yaxınlığındakı yollar bağlanıb, nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

PARADA HAZIRLIQ


Paradda iştirak edəcək şagirdlər deyirlər ki, hazırlıq məşqlərinə aprelin 1-dən başlayıblar.

«Hər gün 3-cü dərsdən sonra məşq edirik. İki saatdan sonra dərsə qayıdırıq, bəzən də bizi dincəlmək üçün elə məşqdən sonra evə buraxırlar. Hər məktəbdən 50 nəfər şagird paradda iştirak edir. Bizim də məktəbdən 50 nəfər iştirakçı var».

HEYDƏR ƏLİYEVİN AD GÜNÜ ÜÇÜN PARAD

Məşqdən qayıdan digər şagird Gülnaz Əliyeva öz geyimi ilə diqqəti çəkir. Gülnaz parada hazırlıqlardan danışır:

«Biz Heydər Əliyevin 88 illiyi ilə bağlı keçirilən paradda iştirak edəcəyik. Bu gün son məşqlərimiz idi. Əsasən məktəbdə, dərs vaxtı, birinci-ikinci saatdan sonra hazırlaşmışıq».

ŞAGİRDLƏR DƏRS VAXTI PARADA HAZIRLAŞIR

Bir aydan artıqdır davam edən məşqlər dərs vaxtına düşür. Amma şagirdlər deyirlər ki, məktəbin direktoru müəllimlərə parad iştirakçılarına qaib yazmamaq barədə göstəriş verib.

«Bu gün Azərbaycan dili, ədəbiyyat, fizika idi. Bu dərslərdə iştirak edə bilmədik. Gəldik parada».

«Bu gün səhər tezdən gəlmişik, dərs olmadı. Yəni, paradda iştirak edən şagirdlər dərsdən azaddırlar. Bizim bu gün coğrafiya, ədəbiyyat, az-dili, cəbr, vergi qanunu və bədən tərbiyə dərslərimiz var idi».

«BİZİ YOLA VERİRLƏR»

«Bizim direktor özü müəllimlərə tapşırıq verib. Parad iştirakçılarına müəllimlər qaib və aşağı qiymətlər yazmırlar. Belə də özləri bizi yola verirlər».

Şagirdlər deyirlər ki, elə parad geyimləri də məktəb direktoru tərəfindən tikilib.

HƏR BİR MƏKTƏB FƏRQLİ GEYİMDƏ...


«Göstəriş verilmişdi paltarların hazırlanması üçün şagirdlərdən məcburi şəkildə pul yığılmasın, ona görə də direktorun özü bizim üçün bu paltarları hazırladıb»

«Bizim paltarları direktorun özü hər şagirdi ölçüb, verib».

«Hər məktəbin geyimi fərqli olmalıdır. Rəngləri, forması, emblemi fərqlənməlidir».

Məktəblilərin parad hazırlığı ilə bağlı Sumqayıt şəhər Təhsil İdarəsi ilə əlaqə saxladıq. İdarədən özünü rəis müavini kimi təqdim edən, ancaq adını deməkdən imtina edən bir nəfər şagirdlərin dərs vaxtı hazırlaşmaları, hər məktəbdən 50 nəfərin məşqlərə cəlb olunması ilə bağlı məlumatları təkzib etdi:

«Parada hazırlaşan şagirdlərin sayı çox azdır. Ümumi şəhər üzrə 150-200 nəfər. Özü də bu məşqlər dərsdən sonra olur. Heç bir şagird də dərsdən yayınmır».
XS
SM
MD
LG