Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:27

«Möhkəm yapış, papağından, başından...» (VİDEO)


Papağı ver, papaqçıya
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00
Direct-ə keçid

Bakıda budyonnı papaqlar yaxşı satılır

«20 yaşından bu sənətdəyəm. Gənclərin bu sənətə marağı yoxdur. İndi həm də gənclərin çoxu başıaçıq gəzir, ya da dəbdə olan papaqlar qoyurlar. Orta nəsil, bir də yaşlı adamlar papaq qoyurlar. Bu sənətin bizimlə - yaşlı papaqçılarla ölüb gedəcəyindən qorxuram».

Bakının mərkəzində bir atelyedə işləyən 75 yaşlı papaqçı Bəxtiyar Məmmədov papaqçılıq sənətinin unudulacağından narahatdır. Çünki şagirdi yoxdur. Deyir adam sənəti övladlarına, yaxınlarına öyrədər. Ancaq onun yaxınlarından, tanışlarından bu sənətə həvəs göstərən olmayıb.

PAPAĞI VER, PAPAQÇIYA...

İndi Bakıda tək-tük papaqçılar var. Ancaq Bəxtiyar Məmmədovdan fərqli olaraq Ramin Fərzəliyev cavan papaqçılardandır, təxminən 30-35 yaşı olar. Özü də papaqçı nəvəsidir. Deyir bu sənəti babasının əlinə baxa-baxa öyrənib. Günün birində görüb ki, artıq bu işi bacarır. Ramin quzu dərisindən olan papaqların materiallarının Türkmənistandan gətirildiyini deyir. Özü də bu material bir həftəlik quzuların dərisindən olmalıdır. Usta deyir ki, yaşlı quzuların tükləri uzun olduğundan ondan papaq çıxmaz:

«Görürsünüz, bu dərinin əsasən orta hissəsi papağın dairəsinə çıxır, bu hissə ortaya düşür. Qalan kənarları da üstünə gedir. Bir quzu dərisindən bir papaq çıxır. Qoyundan isə çoban papağı çıxır».

Ramin Fərzəliyev
Raminin papaqçı dükanında müxtəlif papaqlar var. Keçi, qoyun dərisindən hazırlanan, Buxara, burnu üçkünc papaqlar, müasir kepkalar. Ustanın dükanında 50 manatdan 150 manata qədər qiymətdə papaqlar var.

BAKIDA BUDYONNI PAPAQLARI YAXŞI SATILIR

Papaqçılardan fərqli olaraq Bakıda papaq satanlar isə çoxdur. Onlara daha çox İçəri şəhərdə rast gəlmək olur. Satıcılardan biri- Fərhad Nəcibov həm milli, həm də sovet dövrünü əks etdirən papaqlar, kepkalar satır. Deyir alıcılar daha çox sovet dövrünün papaqlarına, Budyonnı, pilotka, sovet ordusunun qış papaqlarına meyl göstərirlər:

«Sovet papaqları Moskvadan gəlir. Alıcılar da daha çox onlarla maraqlanırlar».

ARAQÇIN KSENİYADA, SOVET ƏSGƏRİNİN PAPAĞI ELÇİNDƏDİR


Bəs papaq alanlar kimlərdir? Bu gün şəhərdə 5-6 gənclə rastlaşdım. Onlardan biri – Bakıya turist kimi gəldiyini deyən Kseniya Uşkayeva araqçın almışdı.

Kseniya Uşkayeva
«Burda Azərbaycan xalqının milli koloritləri əks olunub. Ona görə bu, xoşuma gəldi».

Elçin isə 25 manatından keçib Sovet Ordusunun qırmızı ulduzunun əks olunduğu papağı almışdı:

«Mən sovet dövründə yaşamamışam. Ona görə bunu aldım. Tam ciddi deyirəm, gündəlik istifadə edəcəyəm».

Digər gənclər isə başlarına sovet əsgərinin «pilotka» tipli kepkalarını qoymuşdular:
«Bu papaqlar həm maraqlı görünür, həm də 9 may qabağıdır».

«Milli papaqları da, araqçınları da taxıb baxdıq, axırda bu pilotkaları aldıq. Ancaq qədim papaqlarla da maraqlanırıq».

CAVANLIQDA KEPKA, QOCALANDA PAPAQ

Milli papaqları isə Bəxtiyar usta demişkən, Bakıda daha çox yaşlılar qoyur. Elə 70 yaşlı Nəcəf Tağıyev kimi. O deyir ki, Buxara tipli papağı ilk dəfə 10 il əvvəl qoymağa başlayıb:

«Mən papağı qocalandan sonra qoymuşam. 60-dan sonra. Cavanlığımda kepka qoyurdum».

Yaşlı papaqçı Bəxtiyar usta deyir, hərənin öz zövqü var, kim necə istəyir, elə də papaq qoysun. Ancaq milli papaqlarla bağlı sifariş alanda daha həvəslə işləyir.

Bəxtiyar usta köhnə sənətinin yox olacağından narahat olduğu kimi dövrdən, zəmanədən də narahatdır. Tez-tez isə «Papaq» filmində səslənən bu misranı tez-tez təkrarlamağı xoşlayır:

«Möhkəm yapış, papağından, başından, başdan papaq alıb qaçan dünyadır...»
XS
SM
MD
LG