Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:33
Son dövrlər psixoloji problemləri səbəbindən küt baş ağrıları olan T. dünən axşam yeməyindən bir müddət sonra, divanda üstünü adyalla örtüb, uzanıb kitab oxuyan zaman pis vərdiş olduğunu bilə-bilə acgözlüklə burnunu eşdiyi, həm də saçlarını didişdirdiyi yerdə necə oldusa, qəfildən sol qolunun tərpənən dirsəyilə işıq düyməsinə toxunub onu söndürdü.

Qaranlıqda qalan gözləri həssaslıqla parıldayan T. -də səmti olmadığından ufuldayıb əziyyətlə sola doğru buruldu. Əlini dirsəyi dəyən yerə uzatdı ki, işığı yandırsın, amma işıq yanmadı.

Qısa bir aradan sonra çaşqınlıqla udqunan T. -nin şəhadət barmağı yavaşca geri, burnuna girdi.

O, qaralmış tavana və divarlara vəziyyətini dəyişmədən, beləcə baxmağa başladı. Yenə də bərəlmiş gözlərinə inanmadı.

Sonra yumruğunu həmin yerə təkrar ilişdirdi və o yeri (dördkünc qapağı) çatlatdı. Işıqsa yanmadı. Evi bir anda zülmət və rahatsızedici səssizlik bürüdü. Gözləri qaranlığa nisbətən alışana qədər bir müddət bilmədi neynəsin.

Nə baş verdiyini daha yaxşı anlamağa çalışaraq dikəldi və pərişanlıq içində evdə kimsənin olmadığını da bu zaman xatırladı.

Bu cür qəribəliyin bir mənasının olduğunu düşünərək sağına-soluna qaranlığın boşaltdığı otaqda bir qədər də baxdı. Gün ərzindəki hər hansı üzücü durumdan daha pis oldu indiki halı. Halbuki bir az əvvəl valideyinləri ilə gedə bilərdi. Sonra telefonunu əliylə axtarıb tapdı, gördü ki, o da sönüb.

Geri, yerinə tullayıb adyalı üstündən kənara itələdi. Daha böyük qorxu, əsəb və çaşqınlıq içində durub, heç nə görmədiyi üçün düzəni bəlli olmayan otaqda əlləriylə qaranlıq boşluğu yoxlaya-yoxlaya onu ətrafdakı əşyaların hesabına yarıb pənəcərəyə doğru addımladı.

Qarşı tərəfdəki binalarda da işıq sönmüşdü. Işıq adlı bir şey görünmürdü. Bir müddət gözünü uzaqlara zillədi, uzaqlardan da yalnız qaranlıq ona gözlərini zilləmişdi. Səbirlə valideynlərini gözləmək haqqında düşünsə də, bu fikirdən dərdə, qəmə batdı.

Pəncərəni açdı, amma yarıya çatmamış bağladı. Fikirləşdi ki, bütün işləri beləcə, yarımçıqdı. Evlərinin divarıyla qonşunun divarının arasına ilişib, çırpınan şeyi görmədi.

O biri otaqlardan da gedib baxdı, hər yanda sönmüşdü. Bütün qalan yerlərdən də baxdı, ətrafda iynə ucu boyda da işıq görmədi.

O, mətbəxə şam axtarmağa getdi, amma hansı siyirməni açdısa, zil qaranlıqdan başqa heç nə gözünə dəymədi. Əli hər yerdən üzüləndən sonra, masanın bir qırağına oturmaqçün keçəndə yemək yediyi boşqabı da salıb sındırdı. Yeməyin artığı döşəməyə dağıldı, amma o, “bunun nə zərəri” deyə düşündü.

Masanın bir qırağında oturub gözünü zülmətin sehrinə dikərək, orda şəhadət barmağını yuxarı qaldırıb, qaranlıqda görmə qabiliyyətini bir üsulla yoxlamağa çalışdı.

Bir neçə cizgi çəkdi; dairələr və içlərindən keçən müxtəlif fiqurlar. Amma çox diqqətli olsa da, çəkdiyi o qədər də mürəkkəb olmayan fiqurların birini də təsəvvüründə canlandıra bilmədi.

Onu bir az da olsa rahatladan bir fikir dişiylə dodağından tam ayrılmamış qabığı dartıb qoparan zaman gəldi ağlına. Istəməsə də qonşuya gedib şam istəmək. Daha çox qonşu qızının varlığına işarə edən bir fikir kimi istər-istəməz, bu, onu sakitləşdirdi.

O, bir az da yüngülləşdi. Yenə də, mehriban, əliaçıq qonşu qızı düşmüşdü yadına. Bir müddət onu düşündü. Amma yüngüllük duyğusu tezcə onu tərk etdi. “Şam”, – o, yenə də təkrarlayıb ah çəkməli oldu.

Çünki hələ də dodaqlarını dişiylə dartıb qaldığı yerdə, evdə başqa bir varlığın olmasıyla bağlı qorxu hissi içini bürüməkdən qalmırdı.

Yerdən yalnız iri qırıqlardan bir miqdar yığıb masanın üzərinə qoydu və başını qaldıran kimi, bu dəqiqə, həqiqətən də, arxasında kimsə varmış kimi, istər-istəməz arxaya dönməkdən qorxuyla masanın kənarlarından tutaraq durub qaranlığın ayrı bir girdabına, dəhlizə doğru getdi.

Dəhlizdə büdrəməməkçün yenidən əlini divara uzadandasa – bu zaman yenə deyinmədən keçinəmmədi, – başqa bir şey onu dəhşətə gətirdi, əli birdən-birə iri bir çatın içinə girdi. Düz üç dəfə uşağın hönkürməzdən əvvəlki səsiylə “yox” deyə inlədi.

Hətta səsin içində sezilən üsyan belə eşidilmədi. Belə olan tədqirdə başqa cür ola da bilməz. “Qorxu azaltmağa çalışdıqca çoxalan şeydir” , çarəsizcə çoxaldı və bunun sürətli fonunda, görünür, dərhal geri çəkilən barmaqlarını o, bilə-bilə yenidən ora toxundurdu.

Bu zaman bir ağrı dalğa kimi T. -nin qarın boşluğundan girib içinə yayıldı. Onu belindən bükdü. Üzü dəhşət ifadə edən halda qaçmaq istəsə də bacarmadı.

Bir yandan da o, hər iki əlini qəfildən yenə ora uzatdı.

Qapıya doğru qısılaraq barmaquclarını gəzdirib gördü ki, çat getdikcə böyüyür, yavaş-yavaş divar iki yana ayrılır, ordan ovxantılar tökülür, amma çox yavaş-yavaş. Hər yer bir az da qaranlıqlaşır. Ayaqları əsdi, sonra da bütün bədəni. Əllərini çəkib yerin tərpənib tərpənmədiyini hiss etmədən irəli getdi.

Xeyli zəyifləmiş halda pilləkənin qırağından tuta-tuta aşağı düşməyə başladı. Gözünü qırpmadan düşürdü, məmnun olmadan, elə bil ki, qaranlıq quyunun dibinə düşürdü və həmin dibdən, sanki, ona dözməyin acı qoxusu gəlirdi.

Düşə-düşə hörümçək tipli həşəratlarla boğuşur və elə bil, tarix səhifələrini keçirdi. Tez-tez sağ əlinin baş barmağını orasına-burasına sıxmalı olurdu. Pilləkənin tutacağını yalnız son saniyədə buraxdı. Dolabın bərabərində T. söyüb dayandı.

Qulaqları köhnə motor kimi uğuldamağa başlamışdı və yenicə yerində çönə-çönə gödəkçəsini geyinib xeyli ağırlaşmış vücudunu sürüyüb çölə çıxarmışdı ki, qüvvətli öskürək səsi eşitdi.

Səs bir də eşidiləndə T. ciyərlərindəki ağır havanı qovdu. Çöldə də heç bir şey görünmədiyindən hər şey bir-birinə bənzəyirdi. Kirpiklərini qaldırıb qara, soyuq təbiətə baxa-baxa havanın yağış sonrası qoxusunu aldı. Uzaqdan bir az da soyuq hava yaxınlaşırdı. Hardansa ayrı bir yerdən, daha çox şimaldanmı? Cənubdanmı? Bəlkə də, olmayan bir yerdən.

Topal adamlar kimi ayağını sürüyən T. düz yolunun üstündə olduğundan hiss edilib görünən bir təsadüf əsərinə çatıb üstünə işəməyə başladı. Bir it idi, yazıq heyvanın dərisi yığılsa da yerindən tərpənmədi, dözdü.

Sonra T. özünü həyətin o biri başında yan qonşuyla aralarındakı divarın dibinə verib qalanını orda işəməyi qət etdi. Bir az fərqli ağrı çəkməklə qorxusunu üstələmkçün belə elədi, həm də fikirləşdi ki, kimsə qəfildən həyətə girə bilər. Amma dözəmmədi yarıyolda, gedib-gələn damlalar qıçlarından süzüldü, onda o, sağa-sola tüpürdü. Itin bədəninin bir tərəfi artıq bərk üşüyəndəsə, hasarın üstüylə qaçıb yerə sıçrayan pişiyin səsinə diksindi. Qorxudan yana əyildi.

Və yenə də bayaqkı öskürək səsi bir daha və indi daha bərk eşidildi. Yeganə səssə bu deyildi. Hər tərəfdən səslər gəlməyə başladı. Elə bil ki, insanlarla heyvanların birgə güruhu idi. T. -də özündən qopan səsin qarşısını alammadı və nəhayət, onun gözü, elə bil ki, rəng gördü. Rənglər çoxalıb, gedib-gəlib rəqs etməyə başladılar. Bir ələ, qola, üzə çevrildilər.

***

Artıq çox yaxın bir nöqtəyə baxan gənc qız nişanlısının səsini eşitdi.

– Eşidirsən? Nişanlısının yastıqdan sürüşüb düşmüş nəm başını geri yastığa çəkə-çəkə gözü qızarmış qız anasından soruşdu. Bayaqdan bəri bir-birilərinə heç bir söz deyə bilməmişdilər. Indisə dedi.

– Gördün, anacan, eşitdin?

Sonra hadisələr nə cür axmağa başladı? Bir an sonra T. -nin başı ayılmağa qarışan vaxt qapı açıldı. Qonşu qadın xəstə, narın bir görkəmdə qapını bağladı. Qadının on dörd, on beş yaşlarında bir qızı vardı yanında. T. yumruqlarının hesabına dikəlməyə çalışsa da bu onda alınmadı. Iri döşləri bir az da qabarmasın deyə qadın ona doğru əyiləndə qoluyla saxladı.

Bir anlıq ayılmanın zəif şüuru altında T. -nin onlara toxuna bilməkçün ürəyi titrədi. Dilənçiliklə özündə güc tapıb özünü birtəhər ona sıxdı. Çalışdı ki, qadın bir az da onun üstünə otursun. Qadın özü də hiss etmədən ağzında nəsə gəvəzələyən T. -nin hərarətdən çatlaq-çatlaq olmuş dodaqlarına, az gözəlliyi qalmış üzünə baxa-baxa təsirli diliylə nəsə deyə-deyə arxasının bir qismiylə ona toxunaraq çarpayının qırağında oturdu. Bu ana qədər T. heç bir üzvünü hiss etməmişdi.

Indisə hər şey öz yerini aldı. Adamlar bir səs eşitdilər ondan, sonra yenə bir sərsəm səs.

Amma o, bundan faydalandıqca vücud gücünü də sürətlə itirməyə başlamışdı. Nəticə pis görməyin daha betər nəticəsi oldu. Balaca qız çəkinə-çəkinə diqqətlə baxırdı. Bu dəfə onun anası T. -nin başını yastığa çəkəndə T. güc-bəlayla şam üçün gəldiyini deyə bildi.

Qadın ümidsiz bir iniltini kədərlə dinləyərək baxışları getdikcə daha da uzaq və dalğın olan T. -nin son gücünü tamam itirib başının ağrısından ah çəkməsiylə eyni vaxtda, yenə də nəsə pıçıldadı. Yəqin ki, rənglər yenə itib gedirdilər. “Ev uçur” – T. kəsik-kəsik səslə dedi. Sonra yenə şam istədi.

“Şam” – ana ən ağlagəlməz reflekslə bu səsi hardansa, yaşamağa haqqı olmadığını düşünə-düşünə özünə dağ çəkdiyi bir yerdən alıb ərini səslədi. Sonra yenə səslədi. Bir azdan əlində yanan şamla nişanlısı qayıtdı. Qızın gözlərindən yaş gilələlənirdi, ovcunu T. -nin alnına apardı. T. -də kirpiklərini qaldırıb baxdı.

Görünür, Tanrının göstərişiylə əlini şama doğru uzadanda da, qızın barmaqlarından yapışdı, sonra əli yavaş-yavaş ordan üzüldü. Qız səksəndi və şam əlindən düşdü. Əyilib şamı götürəndə qonşu qadın onun üzünə elə qəribə baxdı, qız hər şeyi onun gözlərindən oxudu. – Bir az tələs. – Qadın dedi. dərhal dikəlib qaçanda qızın ayaqları tutuldu. Sonra qadın T. -nin əlini əlinə aldı.

***

Ciyərləri səmtindən başını qaldıran həkim T. -nin üzünə və qalxıb enən sinəsinə bir qədər də baxdı, sonra başıyla otaqdakılara işarə elədi. Hamı çıxdı, kiçik qız qaldı. T. -nin dodaqları daha çox titrəməyə başlamışdı.

Qızın da dodaqları qaçırdı, gözləri dolmuşdu. Qız ona yaxınlaşdı, amma çox yaxınlaşmağa cəsarət etmədi, hətta həkimin əşyalarını itələyib onun böyründə uzanmaq istədi.

Qız qəfil bərkdən hönkürdü.

T. -nin kirpiklərindən süzülən yaşlar ordaca ilişib qalmışdı. Ağrının şiddətindən nəfəsi təngidi. Son nəfəsini verməməkçün çırpındı. Bundan əvvəl həkim boynunu əyib adamların qulağına bir neçə kəlmə dedi. “Yoox” deyə kimsə hayqırdı. "Yoox" – mətbəxdə alnını masanın qırağına çırpan ata zarıdı.

Gözlənilən xəbər yayıldı. "Bütün bunların hamısı doğrudurmu?" "Əlbəttə ki, doğrudur!". "Bilmirdim, yox, yox mən də bilmirdim" – qohumlar bir-birinə ötürürdülər. Adamlar sürətlə həyətə doluşdular. “Sakit ol, narahat olma” kimsə yavaşca böyründəkinə dedi. Sonra bu olay da unuduldu və nöqtə.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG