Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:53

Ramil Rahiboğlu "Zorlanmış müstəqillik" (Hekayə)


(tragikomik hekayə)

- Salam əsgər!
- Salam!
- Necəsiniz?
- Sağ ol!
- Vətənə...
- ...Məhəbbət!
- Xalqa...
- ...Sədaqət!
- Düşmənə...
- ...Nifrət! Nifrət! Nifrət!

Tiqran Petrosyanın hər “razvod” öncəsi keçirilən bu hərbi salamlaşmadan zindeyi-zəhləsi gedirdi. Ancaq hərbi hissə komandirinin çıxışını sırada mıx kimi durmaqla dinləməli idi. Çünki, bu “razvod”, deyəsən, Ermənistanın müstəqilliyinin 20 illiyinə həsr olunmuşdu. Lakin il dönümünə hələ iki gün var idi. Buna görə də Tiqrana elə gəldi ki, bəlkə h/h komandiri qabaqdangəlmişlik etmək istəyib. Lakin, sonradan hər şey aydın oldu:

“Zabitlər, gizirlər, çavuşlar və əsgərlər! İki gündən sonra Ermənistanın müstəqilliyinin 20 ili tamam olur. Biz müstəqilliyi göydəndüşmə əldə etməmişik. Bu, bizim mübarizəmizin sayəsində olub. Bu gün Ermənistanın imkanı var ki, Dağlıq Qarabağın müstəqilliyini qoruyub saxlasın və bu müstəqilliyin tanınmasını təmin etsin. Lakin, çox təəssüf ki, Azərbaycanın dəyirmanına su tökən bəzi antimilli, azəripərəst müxalif qüvvələr Ermənistanın müstəqilliyinin 20-ci ildönümündə Yerevanın mərkəzində mitinq keçirmək sevdasına düşüb. Ermənistan Daxili Qoşunları belə qüvvələrin Ermənistanın sabitliyini pozmasına heç bir vəchlə yol verməyəcək! Sabahdan etibarən bütün əsgərlərimiz bir nömrəli döyüş vəziyyətində olmalıdırlar! Məzuniyyəti olanların məzuniyyəti, tərxisə düşənlərin isə tərxis olunması müəyyən bir müddətə təxirə salınır!”

H/h komandirinin sonuncu cümləsindən sonra gənc əsgərlər istisna olmaqla, bütün digər çağırışçılar pıçıltı ilə söyüş söyməyə başladılar:
- Bu mitinqi keçirənlərin anasını!..
- ...bacısını!..
- ...nəslini!..

Sanardın ki, bunların məzuniyyətini və tərxisliyini komandanlıq yox, müxalifət ləğv edib. Lakin Tiqranın aqressivliyi digərlərindən fərqlənirdi – o, əlində silah, öz millətinə güllə atmasını heç xəyalına gətirə bilmirdi.

Axşam düşmüşdü. Həmişə olduğu kimi, bu dəfə də bir saat televiziyaya baxmaq ixtiyarları var idi. Ələxsus da, Ermənistanın müstəqilliyinə həsr olunmuş sənədli film göstərirdilər. Filmin axırında Zaur Balayev ad-soyadlı Azərbaycan yazıçısının kitabından bəhs olunmağa başladı. Aparıcı Azərbaycanın müstəqilliyindən bəhs edən “Özünəqayıdış” adlı kitabdan seçdiyi bir cümləni sitat verməmişdən əvvəl, “bu, türk faşistlərinin etirafıdır” deməyi də unutmadı. Və nəhayət, kitabdan seçilmiş cümlənin kontekstdən çıxarılaraq səsləndirilməsindən sonra Tiqran qeyri-ixtiyari olaraq gülümsədi. Bu isə, onunla eyni çağırışdan olan əsgər yoldaşı Levon Mkrtçyanın nəzərindən qaçmadı:

- Nə gülürsən, dəli olmusan?!

- Levon can, dəli niyə oluram ki?!

- Bəs erməni əsgərinin baltalanmasına gülmək...

- Levon, bu, sənədli kitab deyil axı... Əgər Zori Balayan “Ruhumuzun Dirçəlişi” romanında yazıbsa ki, “əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar”, deməli, həqiqətən bizim əsgərlər belə şey edib?! Axı romanda qəhrəmanlar və onların etdikləri çox vaxt uydurulur?! Xüsusilə də, əgər bu romanı milliyyətçi birisi yazıbsa...

- Nə danışırsan sən?! Sənin qanında türk qanı yoxdur ki?! Bəlkə azəripərəstsən?! Bəlkə müxalifətçisən?! Tarixi Böyük Ermənistanın Qarabağ vilayətini satırdılar e, indiki müxalifətçilər! İndiki iqtidar olmasaydı...

- Eh, Levon, mən nə müxalifətçiyəm, nə də iqtidarçıyam. Bir də, türklər Türk Dünyası xülyası ilə yaşayırlar, biz də Böyük Ermənistan – bizim aramızda nə fərq axı?! Sadəcə, anlamaq lazımdır ki, vaxtilə Qarabağ Muxtar Vilayət olub, özü də ASSR-nin tərkibində. Bizim müstəqilliyimiz, sadəcə, həm azərbaycanlılara, həm də bizə baha başa gəldi. Belə verilişlər də yalnız bizim düşüncəmizi zorlamağa xidmət edir! Biz ağıllı olmalıyıq ki, düşüncələrimizin zorlanmasına imkan verməyək. Çünki, müharibəni axmaqlar başlayır, igidlər davam etdirir, ağıllılar qurtarır!

- Ağıllısan da sən?! Bu müxalifətçilərə görə mən məzuniyyətimdən olmalı idim?! ...onların var-yoxunu! O mitinqdə onların düz təpəsinə güllə sıxmasam məndən əclafı yoxdur!

- Eh, Levon... Bəs bayaq milliyyətçilik damarın tutmuşdu, noldu?! Hə, Levon, sizin milliyyətçiliyiniz elə bura qədərmiş...

Tiqran fikrini yekunlaşdırırdı ki, verilişdən dərhal sonra efirə gedən “Nöqteyi-Nəzər” adlı digər bir veriliş, deyəsən, yeni söhbətlərə rəvac verəcəkdi. Verilişin qonağı olan politoloq dedi:

- İki gün sonra müxalifətin keçirəcəyi mitinq tamamilə təxribatçı qüvvələr tərəfindən hazırlanıb. Bu, bizim müstəqilliyimizə qəsddir. Mən burda azəri barmağını görürəm.
Tiqran özünü saxlaya bilməyib qəh-qəhə ilə gülmək istədi, lakin, tərxis əsgərlərin bundan duyuq düşə biləcəyini nəzərə alaraq, birtəhər gülüşünü boğdu. Əsgər yoldaşı – Levon Mkrtçyan üzünü Tiqrana tutaraq soruşdu:

- Hə, buna nə deyirsən, Tiqran?!
- Nəyə? Mitinqin təşkilində azəri barmağının olmasına?
- Hə!
- Levon, bax, mənim iki əlimdə neçə barmaq var?
- Bu nə gic sualdı verirsən?! Əlbəttə on!
- Hə, bəs mənim on iki barmağım olsaydı, yəqin ki, bir az gülməli görünərdi, bir az da yazığın gələrdi, eləmi?
- Yəqin ki... Amma bunun söhbətə nə dəxli?!
- Bax, dəxli odur ki, mən bizim bu politoloqumuzun iki gün sonra keçiriləcək mitinqdə azəri barmağı axtarmağına da belə gülüşlə, ikrahla və yazığım gəlirmiş kimi baxıram. Levon bu cavab qarşılığında Tiqranı gözaltı süzdü və əsəbi formada başını buladı.

22:00-da şəxsi heyətə “yat!” komandası verildikdən sonra Tiqran yerinə uzanıb əzabverici düşüncələrə qərq oldu: - öz xalqıma necə zor tətbiq edə bilərəm axı mən?! Yox, etməyəcəm mən bunu, yüz faiz etməyəcəm! Bir çıxış yolu olmalıdır...
O, məzuniyyətinin kəsilməsi barədə heç düşünmürdü... Demək olar ki, bütün gecəni yarıoyaq-yarıyuxulu vəziyyətdə keçirdi...

Səhərin götü açılmamış bölüyə “qalx!” komandası verildi. Səhər yeməyindən sonra isə kəlpeysər bölük komandiri – Aşot Qriqoryan bölüyə tapşırıqlarını verdi:

- Bildiyiniz kimi, sabah vətən xainlərinin qarşısını almalı olacaqsınız. Hər halda, yəqin tərxisə düşənlər və məzuniyyəti olanlar istəməz ki, bu proses uzun çəksin?! Tiqrandan savayı bütün əsgərlər xorla cavab verdi:

- Elədirki var, yoldaş mayor!

- Hə, demək belə: hərə özünə təhkim olunmuş silahı götürür, əskilər paylanır, fırçanı silah yağına batırıb - çaxmağı, qaz porşenini, geriqaytarıcı mexanizmi və ən əsası lülənin içini tər-təmiz təmizləyirsiniz.

- Oldu, yoldaş mayor! Tiqran yenə də bu manqurtlaşmış xora qoşulmadı.

Müxalifətdən qisas almaq üçün alışıb-yanan əsgərlər silahı elə təmizləməyə başladılar ki, elə bil, vəhşi quşlar meyitlərin sümüklərini ətdən təmizləyirlər. Tiqran isə “Kalaşnikov” avtomatının çaxmağını əlində oynadaraq, sanki bu “oyuncaq”la öz məyusluğunu, qorxusunu paylaşırdı...

Gecə saat 02:00 idi. Bayırda külək üsyan edirdi. Küləyin qovaladığı qara buludların bir-birindən boşandığı yerdən ay boylanıb gecəni zülmətdən qoruyurdu. Tiqran isə dünənki kimi, yenə də mitinq barədə düşünürdü, yenə də çıxış yolu axtarırdı... Ancaq deyəsən, çıxış yolu özü onu tapmışdı!

Naryadlardan biri onu oyatmağa gəlmişdi:
- Tiqran oyan!
- Nolub?
- Yatmamışdın sən?!
- Yox, yuxum gəlmir. Nolub ki?
- Səni komandir çağırır!
- Niyə çağırır ki məni gecənin bu vaxtı?!
- Mən nə bilim?!
- Yaxşı, dayan paltarımı geyinim...

Tiqran formasını geyindikdən sonra ağır addımlarla bölük komandirinin otağına yaxınlaşdı. Qapını döydü. Komandirin səsi gəldi:

- Əsgər Petrosyan, yanıma!
Qapını açıb komandirə məruzə etdi:
- Yoldaş mayor, əsgər Petrosyan əmrinizlə gəlmişdir!
- Keç otağıma!
Komandirin sifətindəki zəhmdən hiss etdi ki, nəsə baş verəcək.
- Hə, Petrosyan... Eşitmişəm hərbi hissəmizdə müxalifətin bir cəsusu var?!
- Müxalifət?! Cəsus?!
- Hə, Petrosyan. Özü də, deyəsən, o cəsus hal-hazırda düz mənim qarşımda dayanıb!
- Cənab mayor, axı burda sizdən və məndən başqa heç kim yoxdur?!
- Əlbəttə yoxdur! Ola da bilməz! Çünki, o sənsən!
- Mən cəsus-zad deyiləm axı?!
- Eləmi?! Eşitmişəm, müxalifətin lehinə təbliğat-zad aparırsan?!
- Müxalifətin lehinə yox, xalqımın lehinə!..
- Hə, lap yaxşı... Özü də demisən ki, mitinqdə heç kimə əl qaldıra bilməzsən!
- Hə, demişəm! Mən dinc şəraitdə keçirilən mitinqdə öz xalqıma əl qaldıra bilmərəm! Xüsusilə də, əgər o mitinqdə haqlı tələblər səsləndirilirsə!..
- Tiqran... Tiqran... sən bilirsənmi ki, səni komandirin əmrinə tabe olmamaq maddəsi ilə iş gözləyə bilər. Hələ mən türk cəsusu, təxribatçı olmağı demirəm!
- Nə danışırsınız siz?! Nə türk cəsusu?! Nə təxribatçı?! Təxribatçı sizin kimilərdir ki, əsgərlərimizin məzuniyyətini kəsməklə onları sabahkı mitinqdə daha aqressiv olmağa meylləndirirsiniz! Bəsdirin xalqın beynini tabularnan zəhərlədiniz! Bəsdirin bizim düşüncələrimizi zorladınız!
- Hə, Tiqran can, indi əsl zorlanmanın necə olduğunu görəcəksən sən! Naryadlar yanıma!
- Yoldaş mayor, naryad Qukasyan əmrinizə gəldi!
- Yoldaş mayor, naryad Dəmirçiyan əmrinizə gəldi!
- Tutun bu əclafın qollarından! Möhkəm tutun!
- Oldu, yoldaş mayor!
- İndi bu müxalifətçimizin necə gəlin olmasının şahidi olacaqsınız!
- Buraxın məni!.. Nə edirsiniz?!. Əclaflar!..
- Hə, yaxşı arxan var!..
- Əclaflar!.. Buraxın məni!..
- Ahh!.. Iıhhm!.. ohhff!..
- Namussuzlar!!
- Hə, necədi?! Ohh... ıımm...
- Şərəfsizlər!!

Tiqran qolundan yapışmış çavuşlardan birinin kəmərindəki paslanmış süngü bıçağı qınından dartıb çıxararaq onu zorlayan komandirinin bədəninin müxtəlif nahiyələrini dəlmə-deşik etdi.

Qanı görən naryadların əli boşaldı. Var gücləri ilə qışqıra-qışqıra qapıya tərəf getmək istəyərkən, Tiqran onlara da bıçaqla zərbə endirdi. Artıq iş-işdən keçmişdi – bölük komandirini, çavuş və əsgər yoldaşını öldürmüşdü. Lakin, ani ruhi həyacan vəziyyətində törətdiyi bu qətldən peşman deyildi. O, intiqam almışdı!

Amma deyəsən, digər əsgərlər səsə oyanmışdılar. Tiqran dərhal bölük komandirinin cibindən otağın açarını çıxardıb, qapını bağladı.

Başqa çıxış yolu yox idi. O, son qərarırını verdi: intihar! Pəncərənin qarşısına gəldi... Özü-özüynən danışırmış kimi dedi: cinayətkarın milliyyəti olmur! ...və özünü 3-cü mərtəbədən yerə atdı!

Ertəsi gün dövlət televiziyasında Ermənistan prezidentinin fərmanı səsləndirilirdi:

“Müxalifətin güya dövlət müstəqilliyinin 20 illiyinin qeyd olunması münasibətilə keçirdiyi, lakin ictimai asayişin pozulmasına yönəldilmiş, müstəqilliyimizin zorlanmasına xidmət edən mitinqin qarşısının alınmasında, müxalifətin silahlı dəstəsinin zərərsizləşdirilməsində göstərdikləri rəşadət zamanı həlak olan Ermənistan Daxili Qoşunlarının N saylı hərbi hissəsinin bölük komandiri, mayor – Aşot Qriqoryana, çavuş – Vazgen Qukaysana, əsgər – Artur Dəmirçiyana və əsgər - Tiqran Petrosyana - Milli Qəhrəman adı verilsin!”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG