Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:25

Gökbey Uluç "Gönüldən oxuculara" (Hekayə)


Ağıldan Gönülə

Gönül bağlı bir evdir. Nə gözəl ki onun bir qapısı var. Aç o qapını! Açmazsan sevgi içəri necə girər? Sevgi, soylu bir xanım kimidir.

Qapını sındırmasını gözləyə bilməzsən. Ya qapını döyməsini gözlə ya da açıq qoy. Ancaq, diqqətli ol.

Qapını açıq görüb oğurluq eləmək istəyən ola bilər. Evdəki qutsalı, gönlünü oğurlaya bilər, işığını, gücünü ala bilər.

Qorxma! Al o oğrudan qutsalını ancaq qapını buna görə bağlama. Belə eləyir bəzi insanlar: Gönül evinə bir dəfə oğru girəndə, bağlayır qapısını, torpağa basır özünü...

Bəziləri isə evdə yoxdur. Qapını bağlayıb gəzməyə getmişlərdir. Gecələri də qayıtmazlar. Şorgözdür onlar. Getdikləri yerdə ancaq qonaqdırlar. Qonaqlar başqa bir evdə nə qədər rahat ola bilər ki?

Görgüsüzlər vardır bunlarla yanaşı, qapını açmayanlar. Gələnin paltarlarını bəyənməzlər, dilənçi deyərlər onlara.

Bir stekan suyu çox görərlər. Qorxma! Ver! Çünki yanlış bilirsən, bu evdəki qutsal bulaq, qutsal sudur. Verməklə qutarmaz, artar, daşar.

Daşarkən evi pozmaz, yeniləyər, böyütər. Sarayda yaşamaq varkən, dərmə çatma barınağı seçmək dəlilikdir.

Gönüldən Ağıla

O günüsü qapım döyüldü. Vəcimə olmadı. Yəqin uşaqlardır dedim. Ancaq ərtəsin gün yenə döyüldü, qapını açmağa qərar verdim. Bir dilənçi gördüm. Nə istəyirsən dedim. Bir stekan su dedi.

Yanaşmadım, nəyə görə ona suyumdan verim ki? İçəri qayıtdım. Gördüyüm mənzərə məni çaşdırdı, otağımın ortasında yerləşən bulaq daşmaya başlayıb, yerləri islatmışdı. Ayağım islanınca təz gəri qayıtdım.

Gedən dilənçinin dalından səslənib çağırdım. Yardım istədim. Bulağın ətrafını çevirməzsək evimi su basacaq dedim. Mənimlə gəldi. Ancaq çox daha pisi oldu, bulaq daha gur çağlamaya, daşmaya başladı.

Suyun qabağını almaq olmurdu. Ürəyim qorxuya düşərək sürətlə döyünməyə başladı. Əşyalar su içində qaldı, balaca olanları üzürdü belə. Dilənçiyə baxdım, hər şey onun ucbatından olmuşdu.

Tələsik mətbəğə gedib təmiz bir stekan aldım. Bulaqdan doldurub ona təqdim elədim. İçən kimi bulaq duruldu, sakitləşdi. Tanrım! Yoxsa bu odu?

Gönüldən Dilənçiyə

Ay Dilənçi! Denən görüm kimsən sən? Niyə geçirsən yolumdan, niyə gəlirsən evimə?

Mən bir bağbanam, qardələn yetişdirirəm: Ümid Qardələnləri. Onlar yazda doğular, yayda göyərər, payızda solar, qışda da ölüb yox olarlar, qarların altında eləcənə. Toxumların yenidən göyərməsi üçün Gönül Suyu gərəkir.

Onu axtarıram. Gönül Suyu əsasdır. Onu içən ölü dirilər, suvarılan toxum kök salar. İndi toxumlar gözləyir suyunu. Üstlərini basmış olan qarı dəlib keçmək, doğulmaq üçün.

Hardan bilirsən ki, mənimki Gönül Suyudur? Zəhərlənməsini istəyirsən yoxsa toxumlarının, Öd Suyumla!

Ödündə yığdığın zəhərli suyu verərsən, özün arınarsan ancaq qardələnləri öldürərsən. Gönlündəki suyu verərsənsə həm özün arınar həm də ümidlər göyərər.

Bağçanda yalnızca olaraq quru tikanlar gördüm, zəhərləyibsən öd suyunla! Sənə qardələnlər verəcəyəm, suyunun əvəzinə. Ay Gönül, sən dəlisən! Çiçəkli bağçanı otlağa tərcih edərək.

Gönüldən Bağbana

Daha öncə beləncinə böyük bir bağça görməmişdim. Çaşdım, bağçanın böyüklüyünə görə yox, içindəki quru otlardan ötrü.

Bir bağbanın necə olar da belə bir bağçası olar? İrəlilədim daşlı yoldan. Sevindim gördüklərimə, baş vermiş, göyərmiş qardələnlərə. Verdiyim Gönül Suyuymuş demək diyə pıçıldadım öz özümə.

Açan olmadı qapını döyəndə. Gözlədim. İkinci dəfə döyəndə də açan olmayınca arxamı dönüb getmək istədim. Dəyəndə gözlərim, gülümsündüm qardələnlərdən ötrü. Üçüncü dəfə döydüm qapını. Kimsən? / Mənəm Gönül. / Necə də qorxulusan belə! Bir stekan suya görə məni izləyirsən? / Mənə söz vermişdin, qardələnlərdən verəcəkdin. Onları istəməyə gəldim, sən bir daha gəlməyincə... Söylə nəyə görə gəlmədin bir daha? Niyə açmırsan qapını? / Qorxuram səndən. / Qorxun nədəndir? Evimə girib suyumdan içdin, tanıdın məni. / Qorxum o biri su verənlər kimi olmağındandır, səni tanımıram. / Eləsə gözlükdən bax mənə, qulaq da as, sözlərim var sənə:

Tanrı bir toxumdan iki ruh yaratdı. Birini qadına, o birini də kişiyə büründürdü. Yer üzündə bu iki ayrı ruhun bir-birlərini tapıb toxumları yenidən quraşdırmasını insanlar əşq adlandırdılar.

Ağla qara, varla yox kimi bunlar da bir-birlərinin bütünləyicisidir. Bədbinsə biri, nikbindir o birisi. Bir arada olunca xoşbəxt olar ikisi.

Bağbandan Gönülə

Düz deyil sözlərin! Daşardı bulağım, görəndə səni gözlərim. Oğurlandı qutsalım, bağlıdır artıq qapım.

Vurulanda qapıya kilit, yox olmuşdu aradakı keçit. Səhvə düşdüyümü dərk eləyincə arxamı döndüm, düşdüm yola. Dözə bilmədim, solmuş qardələnləri gördüyümdə. Damcı damcı düşdü, yanaqlarımdan süzülən gözyaşları.

Dirildi içlərindən biri, ruhdan gələn səmimiliyi içərək. Əyildim, aldım göyərən ümidi kökündən. İkinci dəfə yaşamaq istəyənə bu haqqı verməliyəm dedim.

Daşlı yolu qutaran kimi arxama baxdım, quru otları gördüm yenidən, yox olan ümidlərin gözə görsənən şəkilləriydi onlar.

Ürəyimdə hiss etdiyim ağrı yol getməyimi əngəllədi. Dayandım. Sağ əlimlə ürəyimi sıxdım, sol əlimdəki qardələn göyərməyə başladı yaxşıca.

Ağrı dözülməz olanda tikə tikə elədim köynəyimi. Ağ bir işıq gördüm, gənişləyən dərim üstündə. Böyümüşdü ürək, güclənmişdi demək. Düzünü demişdi Ağıl.

Ağ Anadan Gönülə

Qaçdım, dayanıb gözləmədən. Sürətləndi ayaqlarım, nəfəsim kəsilmədən. Ağaclı yollardan, sarp qayalardan keçdim.

Gözəl çiçəklər gördüm, üstündə sevimli böcəkləri olan. Çatdım gölün qıyısına, dayandım orada. Ürəyimə baxdım, nəfəs almağıma, bu qədər yolu qaçmağıma necə də yardım etmişdi, yolda saxlamamışdı. Böyümüşdü ürək, güclənmişdi demək.

Ağ Göldə qızıl qayıqda gəzənləri gördüm. Süddən əmələ gəlmişdi bu göl, yalnızca xoşbəxt insanlar ola bilərdi burada.

Əyildim gölə, içmək istədim südündən. Birdən gəri çəkildim, ağzım turşudu. Acısını çəkdim uzun müddət. Yenidən sınamağa qorxdum, qayıtmaq istədim ancaq Ağ Ana çıxdı göldən, gülümsünürdü incədən.

Qulaq as dediklərimə, bu göldən yalnızca sevən içər, xoşbəxt olan içər. Bədbəxt olan da qıcqırmış süd içər.

Nəyə görə gəldin buraya? Nəyə görə bədbəxtsən? Tanrıdan sevgi istəyəndə, onun bir möcüzə yaradıb gönlünü sevgi ilə doldurmasını gözləyirsən yoxsa? Qəhrəman olmaq istəyəndə, səni bir iki saniyyə ərzində böyük bir ordunu öz başına qalıb gələn qəyri-adi biri etməsini umursan? Səhv edirsən!

O, qəhrəman olmaq istəyənə qəhrəmanlığını göstermesi üçün bir şəriat yaradar, sevgi istəyənə sevgi yox, seve biləcəyi birini göndərər. Göndərmədi sənə? Niyə sevmirsən onu? Ola biləcək hər duyğu, hər güc sənə verilib. Giləylənəcəyinə istifadə etməyi öyrən.

Bağbanın Ölümü

Ağ Ananın sözləri ox kimi saplandı ürəyimə. Durdum ayağa, baxdım önümə. Dayanmadan qaçdım yenə ölümünə...

Axırda dayandım, nəfəs aldım bağçanın qabağında. İyrənc bir iy vardı. Çaşdım, qorxdum da! Sürətlə içəri girdim, keçdim daşlı yoldan, qıraqlarında quru otları olan. Qapını döydüm, açan olmadı. İy daha iti olmuşdu, medəm bulanırdı.

Eləyəcək nəsə qalmamışdı, qapını sındırmalı oldum, axırda sındırdım. Qapı açılan kimi çölə çıxan iti iy, bayıltdı məni. Anca iy çəkiləndə özümə gələ bildim.

Ayağa durub evə girdim. Gördüyümə inanamayıb içdən qışğırdım: Bağban ölmüşdü! İyi evi bürümüşdü.

Qutsalını, sevgisini itirən ölürmüş demək. Gönül qapını döyəndə açmaq gərək!

Günün bütün mövzuları

XS
SM
MD
LG