Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:10
Zamin HACI
"Yeni Müsavat" qəzeti

Azərbaycan Yazıçılar Birliyinin üzvü, qocaman şairimiz Nəriman Əyyubun yaradıcılığı hər zaman mənim diqqətimi cəlb eləmişdir. Xüsusən də onun general Bəylər Əyyubova - prezidentin baş cangüdəninə həsr etdiyi çoxsaylı şeirlər, o cümlədən “General” poeması ədəbiyyatımızda səmimiliyin, bədiiliyin, obrazlılığın zirvəsidir.

“Sədr işləyəndə Bəylər sağ əli,
Heydər hər yetənə etibar etməz.
Bəylər əmrini söylədi: - Bəli,
Heydər tənbəllərlə heç yola getməz".


Əgər mənim qarşımda Füzulinin, Nizaminin, Şekspirin, Ramiz Rövşənin kitabı olsa, bilsəm ki, Nəriman Əyyubun şeirləri 100 kilometr aralıdadır, qaçıb gedib onları oxuyaram. Azərbaycan ədəbiyyatında hələ belə fenomen olmamışdır. Daha bir sitat:

“Kürd Əyyub, xalam əri,
Cüt arvadı, cüt pəri
Arvadların nökəri
Siz deyin, hanı, dağlar?"

Ancaq bu gün Nəriman Əyyubun yaradıcılığına təzədən müraciət eləməyimin səbəbi onu oxucularıma tanıtmaq deyil, vaxtilə bu mövzuda çox yazmışam. Sadəcə, təzəlikcə görkəmli şairimizin əsərlərini oxuyarkən özümü çox pis hiss elədim. Sən demə, o boyda poemanın Bəylər Əyyubova heç bir təsiri olmamışdır, şairin əziyyəti de-fakto, de-yure batmışdır. Qədim zamanlarda şairin, sənətin hörməti var idi, bəylər, xanlar, padşahlar şairə hər misraya bir gümüş pul, villa, ən aşağısı kəniz-filan ənam edərdi. İndi isə sənətə hörmət yoxdur. Nəriman Əyyubun şeirlərində zəmanədən və Bəylər Əyyubovdan aşkar giley duydum. Buyurun, şairin “Vətən” adlı kitabından “Bəylər bəy” adlı şeirə baxaq (yeri gəlmişkən, şeirin epiqrafı da elə bu cürdür: “Bəylər Əyyubov cənaba”).

“Xalam nəvəliyi qalsın bir yana,
Bəs ulu qonşuluq hanı, Bəylər bəy?
Atanla bir kənddə gəldik cahana,
Yaxın qonşu idik tanı, Bəylər bəy.
Məktublar göndərdim, söz dedim sənə,
Qohumluğu dandın, dərd oldu mənə.
Dəyişən deyiləm, düşsəm də çənə,
Allah da dəyişmir qanı, Bəylər bəy".


Göründüyü kimi, şair burada hörmətli Əyyubovla qohumluğun bir xeyrini görmədiyini yazır. Halbuki buna imkanlar var imiş:

“Özünüzə qismət, iş yerlərin var,
Birini mənə tapşır, olammanam sar.
Etdiyin yaxşılıq qalar yadigar,
Qaynat mənə qızıl qanı, Bəylər bəy".

Ancaq şair arada xəbərdarlıq eləməyi də unutmur və fikrimcə çox düzgün edir:

“Ömür müvəqqəti olduğu kimi,
Əbədi deyildi vəzifə himi.
Kapitan qocalsa dayanar gəmi,
Gətir göz önünə o anı, Bəylər bəy".


Ümid edə bilərikmi ki, Əyyubov şairin bu xəbərdarlığından nəticə çıxardıb ona çörək verəcəkdir? (şeirin bir yerində bu məsələ belə işıqlandırılıb: “Məndən üstün tutdu nə qədər yadı, Yada bağışladı nanı Bəylər bəy”). Qətiyyən. Məlum olur ki, Bəylər Əyyubov nəinki bu qüdrətli poeziyadan nəticə çıxartmış, hətta quru şəklini də şairə qıymamışdır. Kitabda bu haqda “Soyuqdur” adlı şeirdə bəhs olunur:

“Mənə soyuq baxan Bəylər eloğlu,
Qohumluğumuzu danan, soyuqdur.
Atan Həsən ilə mənəm xaloğlu,
Məni yad sayağı sanan, soyuqdur".


Əgər burda yazılan doğrudursa mən utanıram. Necə ola bilər, sənin xala nəvənin əlində belə imkanlar ola, sən isə baxa-baxa qalasan? Vətən dağılmasın neyləsin? Özü də generalın rəhmətlik atası vaxtilə şairə çox qayğı ilə yanaşdığı halda! Sitat:

“Atan sevinirdi əlaçıyam mən,
Kotanlı kəndində öpürdü hərdən.
Kor fələk bizləri ayırdı birdən,
Mənə qarşı ürək donan, soyuqdur".


Ümumiyyətlə, şairin yaradıcılığında çağdaş dünya poeziyasının tələblərinə uyğun olaraq qohumluq əlaqələri xüsusi vurğulanır:

“Atam əcəm oğlu, anam kürd qızı,
Doqquz bacıların o idi ulduzu.
Bacısı oğlundan getdi narazı,
Yeganə xalasın danan, soyuqdur".


Gerçəkdən, yeganə xalasını danan soyuq bir adam dövlətçiliyimizin keşiyində dura bilərmi? Nəhayət bayaq qeyd elədiyim şəkil məsələsi:

“General şəklini göndərin barı,
Sözümü eşitməz insan, soyuqdur.
Şəkli istəmişəm mən dönə-dönə,
Bircə şəkilini qıymırsan mənə.
Xahiş etməmişəm məmurluq sənə,
Mənə qaynamayan o qan, soyuqdur".


Məncə, bu münasibət artıq poeziyaya hörmətsizliyin lap pis formasıdır. Adi şəkil nə şeydir ki, general onu şairə qıymır? İş istədi - vermədi, çörəyi yada yedizdirdi, heç olmazsa gərək general şəklini verəydi. Məlumatıma görə, dahi şairimiz Yevlaxda yaşayır, mən yerli icra hakimiyyətindən, rayon ziyalılarından xahiş edirəm, imkan daxilində Bəylər Əyyubovun bir şəklini tapıb Nəriman Əyyuba versinlər. Soyuq olmaq lazım deyil.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG