Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:48

Mətbuat Azadlığı Gününə aşağı reytinqlə


Mehman Əliyev
3 May - Beynəlxalq Mətbuat Azadlığı Gününü Bakıda bir qrup media təmsilçisi «Monitor» jurnalının altı il əvvəl qətlə yetirilən baş redaktoru Elmar Hüseynovun məzarı başında qeyd etdi. Elmar Hüseynovun qatilləri hələ də tapılmayıb.

«Turan» İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyir:

- Biz ənənəvi olaraq burda toplaşırıq, Mətbuat Azadlığı Gününü bu cür qeyd edirik. Son illərdi həmişə eyni simalar, eyni adamlar bura toplaşır. Hesab eləyirəm ki, bu, çox yaxşıdır ki, biz azad söz uğrunda mübarizəmizi davam etdiririk. Baxmayaraq ki, ildən ilə vəziyyət çətinləşir.

Azərbaycan 196 ölkə arasında 171-ci yeri tutub. Azərbaycan mediası 3 May - Beynəlxalq Mətbuat Azadlığı Gününü belə bir reytinqlə qarşılayır.

Mətbuat Şurasının sədri Əflatun Amaşov «Freedom House» təşkilatının hesabatına münasibət bildirərkən deyib ki, ölkə mediasının problemləri var, amma 171-ci yerdə dayanmasına səbəb ola biləcək qədər də vəziyyət pis deyil.

TÜRKİYƏNİN REKLAM MODELİ

Ə. Amaşov ölkə mediasının əsas problemini iqtisadi çətinlikdə görür və deyir ki, onlar hakimiyyətə bir neçə təklif veriblər:

- Zənnimizcə, reklam bazarını öyrənmək və genişləndirmək üçün tədbirlər görmək lazımdır. Türkiyədə belə bir təcrübə var ki, rəsmi reklamlar siyasi mənsubiyyətindən asılı olmayaraq qəzetlərdə yerləşdirilir.
Elçin Şıxlı
Biz bu təcrübəni öyrənmişik, bunun əsasında hazırladığımız təklifləri də Prezident Administrasiyasına təqdim eləmişik.

«...ELƏ CƏZALANDIRIRLAR Kİ»


«Azərbaycanda söz azadlığı var, amma onun uğrunda dayanmadan mübarizə aparmaq lazımdır».

Bunu isə «Ayna-Zerkalo» qəzetinin baş redaktoru Elçin Şıxlıdan eşidirik:

- Son zamanlar belə bir qənaətə gəlmişəm ki, söz demək istəyənin həmin vaxt ağzını yummasalar da, sonra onu qeyri-adekvat şəkildə cəzalandırırlar. Qəbul olunmuş qanuna sonradan elə əlavələr edirlər ki, demokratik qanun gəlib mürtəce halına düşür.

E. Şıxlı hesab edir ki, müşahidə olunan cəzalandırmalar jurnalistlərdə özünüsenzura hissini artırıb. Amma onun fikrincə, mətbuatın beynəlxalq reytinqlərdə aşağı yeri bölüşməsinin kökündə korrupsiya, rəqabətsiz mühit durur:

«Azərbaycanda hələ də qəzet biznesi yoxdur, sadəcə, qəzetlər çalınan havalara züy tutmağa məcburdur».

«OXUCU QƏZETİ GİZLİ OXUYURSA...»


Qənimət Zahid
«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid isə düşünür ki, ölkədə bir neçə müstəqil qəzetin çıxması söz azadlığının mövcudluğu kimi qələmə verilməməlidir:

- Bir ölkədə ki, müstəqil oxucu yoxdur, siz hansı media azadlığından danışırsız? Oxucu az-çox müstəqil, mövcud reallığa tabe olmayan qəzeti gizlicə oxuyursa, bu ölkədə media azadlığından danışmaq olarmı?

Baş redaktor bir neçə il əvvəl xarici radiostansiyaların FM dalğasına çıxışının dayandırılmasını, bəzi jurnalistlərə qarşı təqiblərin olmasını, hətta bir neçəsinin fiziki mənada cəzalandırılmasını xatırladır. O deyir ki, ölkə mediasının həm də iqtisadi çətinlikləri var, məsələn, reklam yoxdur, həm də jurnalistlər hakimiyyətin təzyiqi altında çalışmağa məcburdurlar.

YENİ MEDİANIN GÜCÜ ÇATACAQMI?

Bəs yeni media müşahidə edilən çətinlikləri dəf edib Azərbaycan media aləmində yeni dönəm yarada bilərmi? Q. Zahid hesab edir ki, hakimiyyət sosial şəbəkələrdə aktiv olanlara qarşı da təzyiq rıçaqlarını işə salıb. Üstəlik, hələ də vətəndaşların hər birinin sürətli internetə çıxışının zəif olması «on-line TV»lərin populyarlaşmasına mane olur. Q. Zahid deyir, nə qədər ki, ölkədə demokratik islahatlar aparılmayıb, bundan sonrakı 3 maylarda da Azərbaycan media azadlığı reytinqində geriləyəcək.
XS
SM
MD
LG