Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:25

Güclü bahalaşma, müharibə əlillərinin sosial problemləri və...


Mətbuat icmalı
Mətbuat icmalı
AZƏRBAYCANA GÜCLÜ BAHALAŞMA GƏLİR

«Yeni Müsavat» qəzeti Beynəlxalq Valyuta Fonduna istinadən yazır ki, «Hökumət təhlükəli inflyasiyanı dayandırmaq üçün korrupsiya ilə mübarizəni gücləndirməlidir»

Beynəlxalq Valyuta Fondu (BVF) bəyan edib ki, Azərbaycanda 2011-ci il üçün inflyasiya ikirəqəmli olacaq və azı 10 faiz təşkil edəcək. Fondun Bakı ofisinin rəhbəri Nadim İlahi «Reuters» agentliyinə açıqlamasında deyib ki, sürətli inflyasiya fonunda ölkədə indiyədək müşahidə edilən sürətli iqtisadi artımda da ciddi azalma baş verəcək.

Hökumətin birrəqəmli inflyasiya barədə proqnozları özünü doğrultmayacaq. BVF rəsmisi neftdən daxil olan valyutanın artması və dünyada ərzaq mallarının bahalaşmasını nəzərə alaraq hesab edir ki, Azərbaycan hökuməti öz maliyyə siyasətinə yenidən baxmalıdır.

Bu bahalaşma ilə paralel ərzaq mallarının qlobal bahalaşması ölkə üçün ciddi problemdir. Çünki Azərbaycan ərzağa olan tələbatının xeyli hissəsini idxal hesabına ödəyir.

N.İlahi deyib ki, BVF bu il Azərbaycanda iqtisadi artımın da gözlənilən səviyyədə olmayacağını proqnozlaşdırır. Missiya rəhbəri deyib ki, bu il Azərbaycanda iqtisadi artım son illərin ən aşağı səviyyəsində olacaq. N.İlahi Azərbaycan hökumətini tikintiyə icazə verilməsi proseduralarını yaxşılaşdırmağa, xarici ticarəti liberallaşdırmağa, korrupsiya və inhisarçılarla mübarizəni sürətləndirməyə çağırıb.

QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİ VƏ VETERANLARININ SOSİAL PROBLEMLƏRİNİN HƏLLİNƏ YÖNƏLƏN DAHA BİR LAYİHƏNİN İCRASINA BAŞLANILIR

«AzərTAc» xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə daha bir layihə hazırlanıb. Qarabağ Əlilləri və Veteranları Cəmiyyətindən «AzərTAc»a bildiriblər ki, «Qarabağ müharibəsi əlilləri və veteranlarının sosial problemlərinin həllinə dəstək» adlanan bu layihənin icrasına aprel ayında start veriləcək.

Dörd ay davam edəcək layihə Bakı və Sumqayıt şəhərlərində yaşayan əlil və veteranları əhatə edəcəkdir.

HÖKUMƏT İSTEFAYA GETMƏLİDİR


«Azadlıq» qəzeti hesab edir ki, «prezident İlham Əliyev «antikorrupsiya şousu» ilə fakt qarşısında qalıb».

Qəzet iddia edir ki, Azərbaycan hakimiyyəti İctimai Palatanın aprelin 2-nə təyin etdiyi mitinqdən narahat olub. Bu narahatlıq hakimiyyətin nəzarətində olan telekanallarda müxalifətə qarşı aparılan kampaniyadan aydın şəkildə sezilir:

«Bu kampaniyada diqqət çəkən məqamlardan biri də Azərbaycanda kütləvi aksiyalara ehtiyac olmamasının korrupsiyaya qarşı «mübarizə» ilə əsaslandırılmasıdır. Diqqət etsəniz, AzTV-nin «zəhmətkeşləri» tez-tez «korrupsiya və rüşvətxorluğa qarşı ciddi mübarizə aparılır, daha mitinqlər keçirməyə nə ehtiyac» fikrini vurğulayır. Bununla da cəmiyyətdə belə rəy yaradılmağa çalışılır ki, hakimiyyət insanları narahat edən problemləri həll etməyə səy göstərir, amma müxalifət «xarici qüvvələr»in təsiri ilə ölkədə aranı qarışdırmağa çalışır».

Qəzet yazır ki, əslində isə Azərbaycanda korrupsiyaya qarşı mübarizə getmir. Ərəb inqilablarından qorxuya düşən hakimiyyət Azərbaycanda da analoji hadisələrin baş verməməsi üçün Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin müəllifliyi və İlham Əliyevin xeyir-duası ilə şou hazırlayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG