Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:44
Mətanət VAHİDOVA

(Esse)

33 yaşındayam, ömrümün ən ölməli vaxtında.

Uşaq vaxtı həmişə “33 yaşımda ölmək istəyirəm, - deyərdim, - qocalıb ölmək istəmirəm.”

Deyirlər, cənnətdə hamı 33 yaşında olacaq, neçə yaşda öləcəyindən asılı olmayaraq.

Bəlkə, o vaxtlar bu nağılı eşidib inanmışdım. Bəlkə, bu yaşdan sonra artıq qocalacağımı düşünmüşdüm.

Hər halda, 33 yaşın ölmək üçün ən ideal yaş dövrü olduğunu sanmışdım.

Bəlkə, Həzrət İsaya bənzəmək istəmişdim nə iləsə.

Bəlkə, arxamca vaysınıb “yazıq cavan getdi, nakam getdi” deyənlər olsun deyə arzulamışdım bunu.

Nə bilim, mən nə bilim balaca qızcığaz nələri səbəb gətirib beləcə gənc yaşında ölməyi arzulamışdı.

İndi 33 yaşımdayam, ömrümün ölüm üçün ən ideal vaxtında.

Onda səbəblərim nə idi – xatırlamıram, indiki səbəblərim daha tutarlı.

Ömrüm uzunu həmişə bəxti gətirən adam oldum, bütün arzularım həyata keçdi; amma çox gec və bir az da başqa cür. Bir azmı?

Yox, tamamilə başqa cür. Mən yaşıl istədim, boz oldu – yaşılı sevərdim, bozu sevməli oldum. Amma rəngsiz qalmadı həyatım – fəqət bilmirəm, boz da rəngdirmi?!

Həyatımdan “razı” oldum həmişə, razı ola-ola da həmişə ölmək istədim. Heç vaxt anlaya bilmədim nədir məni ölümə bu qədər yaxın edən qüvvə.

Mən ki, ölümdən, ölümdən sonrakı həyatdan qorxuram. Nədən yaşamaq bu qədər mənasızdır mənimçün?

İllərlə axtardım bu sualın cavabını. Yalnız indi tapdım – 33 yaşımda.

Uşaqkən o qədər qorxdum ki... Bəzən bəlkə də ilk tanış olduğum duyğunun məhz qorxu olduğunu düşünürəm.

O üzdən nifrət edirəm qorxuya, o üzdən iyrənirəm qorxaqlardan, bəlkə də. Bəlkə elə o üzdən haqsızlıqlara başqalarından daha çox qarşı gəlirəm – qorxaq olmamaqçun, özümdən iyrənməməkçün.

Ətrafımdakı insanların nədən qorxduqlarını düşününcə inanmağa çətinlik çəkdiyim cavab buydu, bəlkə: insanlar həyatı çox sevdikləri üçün qorxaq olurlar.

Bir dəfə mənə həmişə döyüşə hazır əsgər kimi gərgin olduğumu dedilər.

Güldüm onda, çox güldüm. Haqlıydılar çünki; mən bir əsgərəm özümü tanıyandan bəri – cürətimin keşiyində. Qorxaq olmaqdan qorxdum həmişə, o üzdən qorxulara heç bir vəchlə yenilməmək oldu ən ümdə amalım. Fəqət...

Nə yazıq ki, bu gün, bu yaşımda qorxularım hər şeydən daha çox. Televizora baxmaqdan, radio dinləməkdən, qəzet oxumaqdan, küçəyə çıxmaqdan... qorxuram – mən hər şeydən qorxuram.

Hər yanda qarşı-qarşıya gəldiyim insan əməlindən törənən vəhşilikləri görə-görə özümdən qorxuram.

Onlar kimi, mən də insan adının daşıyıcısıyam, “bir gün mən də belə quduzlaşa bilərəm” deyə dəhşətli bir qorxu var içimdə - insan cildində canavar olmaqdan qorxuram.

Ətrafdakı bütün dəhşətlərə “əlimizdən heyfslənməkdən başqa nə gəlir ki?!” deyə-deyə təsəlli verməkdən başqa çarəmiz yox.

Bu çarəsizliyin gec-tez məni manqurtlaşdıra biləcəyindən, bir gün mənim də hər şeyə ifadəsiz nəzərlərlə baxacağımdan, artıq ürəyimin yerindən qoparcasına döyünməyəcəyindən qorxuram.

Bu çarəsizliyə qarşı içimdəki aqressiyanı bir gün, nəhayət ki, boğa biləcəyimdən qorxuram.

Səbr edə-edə çox səbrli olmağı öyrənəcəyimdən, bir gün axır ki, səbir daşına dönəcəyimdən qorxuram. Qorxularım çooox, o qədər çox ki...

Susa-susa, dözə-dözə həyatı elə bu cür sevə biləcəyimdən, ölüm mələyindən öncə həyatın məni öldürəcəyindən, mən ölmədən ruhumun öləcəyindən qorxuram. Öyrəndim bunu bu yaşımda: həyat ölümdən daha qorxulu.

O üzdən 33 yaş ömrümün ən ölməli vədəsi. Mən 33 yaşındayam...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG