Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:48
Leyla HƏSƏNOVA


Hər şey dadını, qoxusunu dəyişib.

Mən balaca olanda Bakı şokolad qoxuyurdu, dadı da acı idi.

Bu, sevdiyim acı şokoladdır..

Hər gecə yuxu gözlərimdən tökülüb, baxdığım yerlərə çizgilər çəkənə gədər səbirsizliklə gözlədiyim adam..

O hər zaman işdən gələndə mənə şokoladlar gətirirdi..

Uzun illər keçib Bakı şokolad qoxumayanı..

Bakı qocalıb, köhnəlib..

Bakıda zaman heç durmur, elə sürətlə keçib ki, artıq bütün izləri demək olar ki silib..

İzlər, üzlər, dadlar, qoxular hamısı o adamın gedişi ilə dəyişib.
Hər gecə yatmazdan öncə səbirsizliklə gözlədiyim adam şokolad qoxuyardı.

Gələrdi, gollarımı açıb boynuna elə sarılardım ki, sonralar bu şansın əlimdən alınacağını bilirmişəm kimi..

Sonra şokoladlarımı, saqqızlarımı, meyvə sularımı verərdi mənə..

Bayaqdan yuxusuz qaldığı üçün ovuşdurduğum gözlərim elə açılardı ki, sanki heç onlar deyil yuxu üçün darıxan..

Mən şokoladlarımı alıb yastığımın altında gizlədərdim, qardaşım görüb almasın deyə..

Sonra yemək yeyərdik. Onların söhbətləri, hərəkətləri, bir sözlə qarşımdaki mənzərənin gözəlliyinə qapılıb, bitirərdim yeməyimi..

Hüzur qoxuyurdular.. Yemək yeyilər, sonra günümü necə keçirdiyim barədə soruşardı məndən şokolad goxuyan adam..

Ananı incitmisən bu gün?

Mən: Yoooooo...

O: Afərin sənə.. Hərfləri öyrənək, sonra yataq?

Mən: Həəəə...

Tez dəftər qələmimi gətirərdim. Bağçada gələn dərs öyrənəcəyimiz hərfləri öncədən öyrənərdik.

Çünki o, hərfləri mənə bağçadan daha tez öyrətməyə başlamışdı..

O hərfləri göstərərdi, adlarını deyərdi, mən də yazardım..

Bu qısa gecə dərsindən sonra alnımdan öpərdi..

Bəzi həftə sonları xaric gecələri görüşdüyümüz üçün mənim günüm o gələndə yenilənirdi.

O çay içəndə mən də içərdim, yemək yeyəndə yemək yeyərdim..

Gecə günəşi çıxardırdım və onunla yaşayırdım gecənin günəşində..

Bəzən saçlarını darayardım.. Elə əyləncəli idi ki.

Sanki ikimiz də bütün günün yorğunluğunu bu saç darama fəsli ilə atırdıq üstümüzdən..

Mən dizimdəki yaraları, səhər qonşu uşağının qıvrım saçlarına tökmək üçün kibrit qabına doldurğum qarışqaları, o da mənim heç zaman bilmədiyim iş problemlərini unudardı..

Aramızda elə bir bağ var idi ki..

Mən onu qardaşıma, anama qısqanardım.. Onun məni onlara, onları da mənə əmanət edib gedəcəyini sonradan anlayacaqdım..

Bəzən qardaşım səs-küyümüzə yuxudan oyanıb gələrdi.

Hüzuru dadıb yenidən qayıdardı yerinə.. Biz isə səs-küyümüzə davam edirdik.

Gecə yatanda alnımdan çoxlu öpərdi, nağıl oxuyardı və mən o adamın şokolad qoxusu ilə yatardım..

Səhər oyananda yenə də axşam şokolad qoxuyan adamla yatacam deyə günə başlayardım..

O zaman Bakını ancaq məhəlləmiz biləcək qədər həm mən kiçik idim, həm də Bakı..

Bakı indiki kimi heç qarışıq deyildi. Nə kiflənmiş alma kimi qoxmurdu, nə də böyüdükcə kiçilmirdi, çirklənmirdi.

O zaman yıxılar yıxılmaz ağrıma doymadan tez dizimə baxardım ki,anam yıxıldığımı bilməsin, yoxsa həyətə düşməyimə icazə verməz.

Bu isə o zamanlar böyük dərd idi mənim üçün.

İndi kimsənin dizi qanamadığı halda hər kəs başı aşağı gəzir.

Elə ağırdır ki insanlar, sanki itirdikləri qiymətli əşyalarını axtarırlar.

Suçludurlar sanki. O zamanlar evdə oyun oynayanda, mən və atam bir, anam və qardaşım isə digər qrup olub iki qrup kimi oynayırdıq. Mən cığallıq edəndə atam məni qoruyardı, qardaşımı da anam qoruyardı.

İndi isə hər kəs sanki bir-birinin cığallıq etməsini gözləyir.

Cığallıq etməsə də, nə edib onu cığalçı kimi tanıdaraq yeməklərinə duz səpmək üçün fürsət gözləyir.

Rəngli olan Bakı indi qara və bozdur.

O zamanlar digər otaqda olan ağ-qara ekran televizorumuza bənzəyir.

Onun kimi itici, kəskin, haqsızların içində at oynatdığı hissi yaradır.

Gecələr də isti idi o zamanlar. Gecə gəldi, əyləncəli bir gecənin sonuna hər zamanki kimi çıxdıq, bir daha görüşə bilməyəcəyimizi bilmədən və doymadan..

Bunun fərqində deyildik. Biz bir-birimizlə əriyən şokolad kimi sağollaşdıq. Kədərsiz, ləziz, isti..

İndi nə Bakı şokolad qoxuyur, nə gözlərimi ovuşduraraq gözlədiyim şokolad qoxuyan adam, nə də cığallığa məruz qalanları qoruyanlar var..

İndi Bakı cibdə bitən narkotiklər, soyuducuda gumbara, garajda tank, bankada pulemyot, komputerdə saatlı bomba, insanların qara geyimlərindən dərd, kin, yazıqlıq, qalstuklardan rüşvət, anaların gözlərində hüzünlü baxış, gəlblərinin əzabı qoxuyur..

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG