Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:38

Soruşacaqdım ki...


FEYZİYYƏ


“...Yaman ölməli gecədi...”
Vaqif Səmədoğlu

Uzaq Sibirdə çəkilmiş, təsadüfən tamaşaçısı olduğum bir videolentə baxanda xeyli gülmüşdüm:

Üç-dörd yaşlı bir qız balaca daşları itin qabağına atıb, “ye, ye” - deyə dirənmişdi.

Amma kamera, qabağına daş atılan o itə tuşlanan anda gülüşüm içimdə qırılmışdı:

İt öz aləmində qayğıkeşlik göstərən o qızcığazın atdığı daşları qoxlayandan sonra başını qaldırıb, dərin, məsum ifadəli gözlərilə onun üzünə baxırdı.

Qız, yəqin ki, itin utandığını düşündüyündən tez-tez “Ye, mən baxmiyam çi, ye, ye... ” - deyirdi. İt isə baxırdı, sakitcə, yazıq-yazıq baxırdı – bir daşa, bir də qıza...

...O gün sənə bu videolent haqqında danışmayacaqdım, amma deyəcəkdim ki, neçə vaxtdır, bir it, bir daş, bir qız getmir gözlərimin önündən.

O gün sadəcə bir-iki sualım var idi sənə, bir-iki kəlmə deyəcəkdim...

...Bircə soruşa bildim ki, əmi, heç bilirsənmi, bayram günləri qəbiristanlıq yollarında necə tıxaclar olur?

İnsanlar aylarla yada salmadıqları əzizlərini məhz bayramlarda ziyarət etmək üçün necə basabas salırlar o yollarda, bilirsənmi?

Niyə ölülər bayramlarda yada düşür, əmi?

Bircə bunu soruşa biləcəkdim səndən və çox danışacağımdan qorxub, tez də sağollaşacaqdım.

Halbuki soruşmaq istəyirdim: əmi, görəsən, qorxusu olan insan daha qorxuludur, ya qorxusu olmayan?

Deyəcəkdim ki, əmi, heç kimə demə, mən elə qorxuram ki özümdən, çoxdandı, qorxu hissimi salıb itirmişəm.

Dəqiq yadımdadır, qəbiristanlıqda nəm torpağı ovuc-ovuc sıxıb göylərdə nəsə axtardığım o ilk gündən sonra, hardasa elə oralarda itirmişəm qorxumu.

Bəlkə də deyəcəkdin ki, bala, neynək, qorxmursan, lap yaxşı! Amma mən də deyəcəkdim ki, yox e, əmi, heç elə şey olar?

Qorxusuz da yaşamaq olar? Axı insan nədənsə qorxmalıdı - nəyisə itirməyindən, nəyinsə məhv olmağından, kiminsə getməyindən, üz döndərməyindən...

Deyəcəkdim ki, mən heç nədən qorxmuram, amma bircə itlər məni sürəkli marıtlayanda qorxuram, onlar gözlərini gözlərimin içinə zilləyəndə bəbəklərində ətimin dişlərinin arasından necə sallandığını görürəm!...

Mən istəmirəm, əmi itlərin arzusu, itlərin yemi olmaq istəmirəm. Uşaqların daş atıb "yemləmək" istədikləri itlərdən qorxuram, əmi!

Görəsən, qorxuları düşüb itmiş insanların ətinin dadı necə olur?

Baxacaqdım ki, nəsə uzaqlaşıram əvvəldə verdiyim sualdan, onda yenidən deyəcəkdim ki, əmi, heç bilirsən, bayram günlərində məzarların üzərində necə süfrələr açılır: hər şey olur orada, hər şey...

Amma o süfrələr necə açılırsa, eləcə də qalır: nə gəlib onlardan bir tikə dadan olur, nə toz olmasın deyə yeməklərin üstünə süfrə salan.

Elə necə gətirilirsə, eləcə də qalır, düz gələn bayrama qədər. Axı adamların çoxu buralara bir də o biri bayramda gələcək...

Bir qələbəlik olur məzarlıqda bayram günləri, gəl görəsən!

Nə vaxtsa ilk dəfə qəbiristanlığa girib nəm torpağı ovuclayan anda gözləri göylərdə nəsə axtaran və qorxularını oradaca salıb itirən insanlar bəlkə bayramlarda məzarlara "qonaqlıq" verib, bu yolla, nəhayət, tapmaq, qaytarmaq istəyərlər itirdiklərini.

Amma məzarlar anlamaz ziyafətlərdən.

Eləcə şəkillər boylanar başdaşılardan, mehriban-mehriban baxarlar şəkillər, bəlkə baxışlarıyla nəsə deyərlər də...

Soruşacaqdım ki, əmi, sən Allaha inanırsanmı, sən cavab verməyə imkan tapmamış mənim yadıma uşaq vaxtı eşitdiyim nağıllar düşəcəkdi: orda divlər vardı, adamları bəsləyən, sonra da səhər, günorta, axşam onları udan divlər.

Yəqin deyəcəkdin ki, qızım, bunlar nağıldı, div nə gəzir həyatda, əslində div-filan olmayıb heç vaxt.

Mən razılaşmayacaqdım, "axı insanlar olmayan şeylərdən danışmayıblar heç vaxt", - deyəcəkdim.

Adamyeyən divlərin nağıl kitablarındakı təkgöz surətləri, təpəgöz halları gəlib dayanacaqdı gözlərimin qabağında.

Fikirləşəcəkdim ki, hər gün üç öynədə ikigözlü insan yeyən varlığın niyə bir gözü olsun?

O insanlar divin mağarasına necə düşüblər, niyə cütgözlü adamlar divin bircə gözünü dəsmalla bağlayıb “gözübağlıca” oynamayıblar onunla, niyə divi aldadıb qaçmayıblar, evlərinə getməyiblər... "Niyə, - deyəcəkdim, - niyə?

Sonra bir ara sənə heç nə deməyəcəkdim. Eləcə fikirləşəcəkdim, fikirləşəcəkdim...

Bir də görəcəkdim ki, bir mağaradayam, rütubətli, qaranlıq bir macarada. Orada bir div yatıb, adamdan başqa heç nə yemir, adam yeməsə, ölə bilər.

Görəcəkdim ki, insanlar qaçıb qurtulmaq istəmir, yeyilməkdən qorxmurlar, eləcə dizlərini qucaqlayıb oturublar, yeyilmək növbələrini gözləyirlər.

Onlara divin gözünü bağlamaqçün bir dəsmal uzadacaqdım, amma adamlar üzümə elə baxacaqdılar ki...

O baxışlar tanış gələcəkdi mənə, xatırlamağa çalışacaqdım və birdən yadıma həmin o videolentdəki balaca qız düşəcəkdi.

Sonra hər gün böyüyən qəbiristanlıqlar gələcəkdi gözümün önünə. Birdən çağıracaqdım: “Əmi!" Sən cavab verməyəcəkdin.

Sonra bir də: “Ay əmi!” Sənsə yorğun-arğın cavab verəcəkdin: “Nədi, qızım, nədi bala?"

Soruşacaqdım ki, əmi, Allah nəsə yeyir, görəsən? Yeyirsə, nə yeyir? Sən yəqin bir az duruxub, “bu qızın ağlı qaçıb” duyğusuyla fikrə gedəcəkdin, başını bulayacaqdın...

Cavabın gəlməsə də, biləcəkdim nə demək istədiyini.

Sonra da bu sözləri deyəcəkdim sənə: "Əmi, bax gör də, gör biz - insanlar nə qədər dəyərli varlıqlarıq, biz olmasaydıq, ac qalacaqdı..."

Sən də biləcəkdin, anlayacaqdın mənim nə demək istədiyimi...

Bütün bunlardan sonra durub pəncərəni açacaqdım, bir torpağa, bir göyə baxacaqdım, gecə saat 3-də.

Fikirləşəcəkdim, gedim əmidən soruşum ki, bizi yer yeyirsə, bəs niyə əllərimizi göyə açırıq?

Amma bilirəm, bunu da soruşsam, sən daha səbrini basa bilməyib deyəcəkdin ki, ay qızım, a bala, sənə nə olub bu gecə, sən nə deyirsən axı, niyə belə danışırsan?!...

Eh, Vaqif əmi! Bax, bunları yazacaqdım sənə o gecə Facebookda. Sənə demişdim axı, əmi, qaradinməz göründüyümə baxma, mən danışmağa başlayanda, çoox, lap çox danışıram, özü də deyəsən, qəliz danışıram yaman...

Yaxşı ki, demədim bunları, yaxşı ki, yazmadım bu sualları sənə.

Yaxşı ki, mən heç nə soruşmadan sağollaşdım, sən də “yuxuna itlər gəlsə, mənə deyərsən, mən onlara göstərərəm” - dedin. Vallah! Yoxsa soruşacaqdım ki...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG