Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:06
ÖLKƏ İQTİSADİYYATINA BÖYÜK ZİYAN DƏYİB

Yaponiya hökuməti zəlzələ və sunaminin ölkəyə vurduğu ziyanın məbləğini açıqlayıb. Təbii fəlakətdən ölkəyə dəymiş ziyan 185-308 milyard dollar arasındadır. Bu, tarixdə bir ölkəyə ən çox ziyan vurmuş təbii fəlakətdir.

Bu məbləğə ancaq yollara, evlərə, müəssisələrə və başqa infrastruktura dəymiş ziyan aiddir. Fukişima atom elektrik stansiyasında baş vermiş böhranın təsiri, yaxud elektrik kəsintisi nəticəsində dəyən ziyan daxil deyil.

Hökumətin makroiqtisadi analiz üzrə direktoru Fumihira Nishizaki deyib ki, elektrik kəsintisinin ölkə iqtisadiyyatına vurduğu ziyan olduqca böyükdür. Dəymiş ziyanla bağlı məbləğin yuxarı həddi Yaponiyanın ümum daxili məhsulunun təxminən 6 faizinə bərabərdir.

Yaponiya Bankının rəhbəri Masaaki Shirakawa parlament komitəsindəki çıxışında deyib ki, bu zəlzələ Yaponiya iqtisadiyyatının ümumi vəziyyətinə təsir göstərəcək. O deyib ki, bu təsir çox ciddi olacaq.

Yaponiya Milli Bankı İdarə Heyətinin üzvü Ryuzo Miyao isə dünyanın üçüncü böyük iqtisadiyyatını dəstəkləmək üçün lazım gəldikdə Milli Bankın lazımı addımlar atacağı vədini təkrarlayıb.

FƏLAKƏTİN TƏSİRİNİ AZALTMAQ ÜÇÜN...


Təbii fəlakətin Yaponiya iqtisadiyyatına təsirini azaltmaq üçün Milli Bank ilk günlərdə yenin daha da güclənməsinin qarşısını almaq üçün trilionlarla yen dövriyyəyə buraxmışdı.

Ötən cümə günü isə Yaponiya Bankı və Böyük Yeddilərin Milli Bankları möhkəmlənən yenin ixracdan asılı olan Yaponiya iqtisadiyyatına mənfi təsirini azaltmaq üçün valyuta müdaxiləsi etməyə razılaşıblar.

22 MİN ADAMIN ÖLDÜYÜ BİLDİRİLİR


Martın 11-də 9 bal gücündə baş verən zəlzələ və ardınca gələn sunami Yaponiyada böyük yaşayış məskənlərini yuyub aparıb. Təxminən 22 min adamın öldüyü və itkin düşdüyü bildirilir. 350 min insan evsiz qalıb.

Tokio və ətraf əraziləri elektrik enerjisi ilə təmin edən Tokio Elektrik Şəbəkəsi fəlakətdən sonra elektrik enerjisi istehsal edən mənbələrin 20 faizini itirib. Tokio və ətrafı Yaponiya iqtisadiyyatının təxminən 40 faizi deməkdir.

Dünyanın ən böyük avtomobil şirkəti olan Toyotanın 12 zavodu hələ də bağlıdır. Bu, bir günə 74 milyon dollar itki deməkdir. Bu onlarla, bəlkə də yüzlərlə Yaponiya şirkətlərindən ancaq birinin gündəlik itkisidir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG