Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:30

Keçmiş prezident qətldə əli olmadığını deyir


Ukraynanın keçmiş prezidenti Leonid Kuçma bildirib ki, jurnalist Georgi Qonqadzenin qətlində əli olmadığını sübut etmək üçün hətta “cəhənnəm əzablarına da dözməyə” hazırdır.

Kuçma bunu martın 23-də Kiyevdə - Ukrayna Baş Prokurorluğunun binası qarşısında deyib.

Onu prokurorluğa jurnalistin qətli ilə bağlı şübhəli şəxs qismində dindirməyə çağırıblar.

Müstəntiqlər martın 22-də elan ediblər ki, 72 yaşlı keçmiş prezidentə qarşı “vəzifə səlahiyyətlərini aşma” maddəsilə cinayət işi qaldırıblar.

Onlar şübhələnirlər ki,

Kuçma “vəzifə səlahiyyətlərindən” istifadə edərək “qanunsuz göstərişlər verib”

və bu son nəticədə Qonqadzenin qətlinə səbəb olub.

Prezident olarkən Kuçmanı kəskin tənqid etmiş Qonqadzeni 2000-ci ilin sentyabrında qətlə yetiriblər. Ay yarım sonra onun kəsilmiş başı və yandırılmış bədəni Kiyev yaxınlığında meşədə tapılıb.

Kuçmanın opponentləri və hüquq müdafiə qrupları bir audioyazıya əsasən onun məsuliyyətə cəlb edilməsini çoxdan tələb edirlər.

Həmin audioyazıda Kuçmanın səsinə oxşar bir səslə məmurlara Qonqadzenin “dərsini vermək” tapşırılır.

Həmin audioyazı Kuçmanın təhlüksəsizlik xidmətinin o zamankı əməkdaşı Mikola Melniçenko tərəfindən lentə alınıb.

Qonqadzeni anım mərasimi. Kiyevin İstiqlal meydanı, 2010-cu ilin 16 sentyabrı
Audioyazıdakının Kuçmanın səsi olduğu hələ təsdiqlənməyib, amma müstəntiqlər deyir ki, bunu dəlil kimi istifadə etmək olar.

Qonqadzenin arvadı Miroslava keçmiş prezidentə qarşı cinayət işinin açılmasını alqışlayıb.

“Bu onu göstərir ki, prokurorluq Kuçmanın Georginin qətli ilə bağlılığına dair yetərincə sübutlara malikdir. Ümid edirəm ki, prokurorluq peşəkarlıq göstərəcək və bu istintaqı başa çatdıra biləcək”.

Keçən il

Prokurorluq keçmiş daxili işlər naziri Yuri Kravçenkonu qətlin sifarişçisi adlandırmışdı

(Kravçenkonun meyiti 2005-ci ildə Kiyevin yaxınlığında tapılıb. Rəsmi versiyaya görə, o, intihar edib).

Rəsmilərin bildirdiyinə görə qətli icra etmiş keçmiş polis generalı Oleksiy Pukaç 2009-cu ildə günahını boynuna alıb və hazırda məhkəməsini gözləyir.

Amma Qonqadzenin arvadının vəkili bildirib ki, Kuçmaya qarşı cinayət işi çox gec qaldırılıb və o, bu cinayət işinin qətlin necə törədilməsinə tam aydınlıq gətirəcəyinə inanmır.

Amma Ukraynada bəziləri hesab edirlər ki, Kuçmaya qarşı cinayət işi əslində bir oyundur. Prezident Yanukoviç öz keçmiş müttəfiqi Kuçmaya rəsmən bəraət vermək və onun reputasiyasındakı ləkəni silmək üçün bu oyunu qurub.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG