Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:14

«Nə qədər elədim, pul götürmədilər»


Korrupsiyaya qarşı aşağılarda fəallıq və müqavimət olmayacaqsa, atılan addımlar da müsbət nəticə verməyəcək
Korrupsiyaya qarşı aşağılarda fəallıq və müqavimət olmayacaqsa, atılan addımlar da müsbət nəticə verməyəcək
«Gözəl, gözəl! Mənim uşağım Sumqayıtda əməliyyat olundu, 1 manat da almadılar. Daxilən rahat olmaq üçün pul vermək istədim. Nə qədər etdimsə, dedilər «yox ey, mümkün deyil»

Bakı sakini Soltan Babayev deyir ki, korrupsiyaya qarşı başlanan mübarizənin belə olacağına çox az inanırmış. Digər sakin Vüqar Səlimov isə deyir korrupsiyaya qarşı mübarizə başlamazdan əvvəl 400-450 manat pul istədikləri əməliyyatı Zərifə Əliyeva adına Göz Xəstəlikləri İnstitutunda pulsuz ediblər.

«Bir yerdə də pul almırlar. Özü də qorxurlar. Amma bu dövlət bunu sona qədər belə saxlaya bilsə, əla, saxlaya bilməsə, bir aydan sonra yenə əvvəlki vəziyyət olsa, onda heç, apar at!».

«GƏRƏK ONA KÖMƏK EDƏK, AMMA BİLMİRƏM NECƏ?»


Söhbətimizə müdaxilə edən Əhməd Axundov isə bildirdi ki, məsələnin sona qədər davamlı olması daha çox adamların özünün korrupsiyaya qarşı necə mübarizə aparmasından asılıdır:

«Tək prezident hər şeyi görmür. Bizik hər şeyi görən, biri-birimizin cibinə girən, bir-birimizi aldadan. Gərək ona kömək edək, amma bilmirəm necə?».

SAATLIDA PULSUZ VERİLMƏLİ OLAN EVLƏRİ SATIRLAR?

Həmsöhbətlərimin korrupsiyaya qarşı mübarizədən razılıq etdiyi vaxtda Saatlı rayonun Novruzlu kəndindən Mirabad Rzayev kəndlərindəki korrupsiya barədə yuxarılara yazdığına görə rayonda təqib olunduğunu iddia edir.
Kür daşqınlarından zərər çəkənlər üçün tikilmiş evlər
Deyir Novruzlu kəndinə gələn rayon icra hakimiyyətinin başçısına, polis rəisinə, prokurora Kür daşqınlarından zərər çəkənlər üçün tikilmiş evlərin rüşvətlə verilməsi barədə şikayət edib:

«Prokuror mənə dedi ki, sən sübut edə bilərsənmi evlər satılıb? Dedim «əlbəttə sübut edərəm». Çünki necə olur ki, adam var dörd oğlu var, hərəsinə bir ev verilib. Mənim iki oğlum var, biri də evlidir, bəs mənim oğluma niyə ev verilmir? Demək mənim pulum yoxdur ona görə, belə çıxır».

Bu çıxışından bir müddət sonra Mirabad Rzayevə martın 28-də Saatlı rayon Məhkəməsində olmaq barədə bildiriş gəlib.

«GƏLSİN MƏHKƏMƏ SÜBUT ELƏSİN Kİ, EV SATMIŞAM»


Onu Novruzlu kəndinin icra nümayəndəsi Oqtay Zülfüqarov məhkəməyə verib. İcra nümayəndəsi deyir ki, neçə illərdir Mirabad Rzayev onun haqqında yuxarılara olmazın şikayətlər edir. Evləri camaata pulla satdığını bildirir, o da bu məsələlər son qoymaq üçün məhkəməyə müraciət edib:

«Neçə illərdir, əsassız şikayətlər edir. Məni, rayon rəhbərliyini yersiz şantaj edir. Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, prezidentin saytına yazır. Hamısı da yalan. Dörd nəfərdən ibarət ailəyə iki otaqlı ev verilməlidir, onlara da o ev verilib. Burda mənim nə günahım var?
Vasif Mövsümov
Heç bir korrupsiyadan söhbət gedə bilməz. Hamının gözünün qabağında püşkatma yolu ilə evlər verilib. Bir adam narazı deyil, Mirabad Rzayevdən başqa. İndi gəlsin, məhkəmədə sübut eləsin ki, kənddə bir dənə ev satılıb. Ona başqa heç bir şey demirik».

Mirabad Rzayev isə deyir ki, xeyli vaxtdan bəri aralarında olan şəxsi problemləri icra nümayəndəsi dövlət işlərinə qatır.

«HƏLƏ GÖRÜLƏSİ ÇOX İŞLƏR VAR»

Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov isə korrupsiya ilə mübarizədə hələ xeyli problemlərin qaldığını bildirir. Onun fikrincə, yumurta ilə bağlı inhisarçı qrupların «kartel sövdələşməsi» aradan qaldırılsa da, digər iri inhisarçı qruplara qarşı hər hansı addım atılmayıb. Vasif Mövsümov hesab edir ki, sahibkarlığa qeyri-qanuni müdaxilələr aradan qalxarsa, korrupsiyaya qarşı mübarizədə daha müsbət nəticələrə nail olmaq olar.

Vasif Mövsümov deyir ki, vətəndaşlar korrupsiyaya qarşı mübarizəyə necə yardım etməklə bağlı hansısa kəşf haqqında baş sındırmamalıdırlar. Bunun yeganə yolu korrupsiyaya müqavimətdən keçir. Onun fikrincə, korrupsiyaya qarşı aşağılarda fəallıq və müqavimət olmayacaqsa, verilən fərman və sərəncamlar, atılan addımlar da müsbət nəticə verməyəcək.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG