Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:34

Məmməd Araz "Kəndim balacasan, çox balacasan..." (Poema)
















Bu gecə gecənin nəfəsi qordu,
Bu gecə gecəmdən yuxunu qovdu;
Göyün yaxasını açmaq istədim,
“Ağ yolun” altınca qaçmaq istədim,
Axan bir ulduzu yedəkləyib mən
Yüyürmək istədim kəndimizəcən.
Ayıq itlərinin yanından ötüm,
Ələyim gecəni qumlu dən kimi.
Dərə-dəyirmana süzüm zülməti,
Yuyulsun, durulsun göz bulağında
Gecənin zülməti, gözün zülməti.
Gecə pərdəsini lay-lay çevirim,
Bəhrəli bağların üstünə örtüm,
Çayların, göllərin üzünə örtüm,
Körpəli evlərin üstünə örtüm.
Payıma düşəcək bir ovuc gecə
Götürüb yuyunum, götürüb içim...
Bir cığır istəyim qar adamından,
Dovşan ləpirini qurd ləpirindən
Ayırıb, ayrı bir səmtə çevirim.
Atlanam qonşunun qara damından,
Köhnə daxmamızı görəm yuxuda,
Kəhər atımızı görəm yuxuda,
Kotan nəğməsinə holavar qatam,
Çəpərdən üstümə qəfil su atan
O güləyən qızı görəm yuxuda.
Havadan asılı şəhər evləri,
Qışqıran, bağıran asfalt küçələr
Beləcə aylardan, illərdən bəri
Kəndimi yuxuma qoymur gecələr.
Didişən radio dalğaları da,
Axşamın dava-qan kinoları da
Qoymurlar yuxuma kənd yollarını:
Qoymurlar torpağa toxuna pəncəm,
Qoymurlar tapdaqsız yollardan keçəm;
Düyüb bu yolları yumaq düzəldəm.
Qatıb çeşnisinə göy göllərimi,
Təpəli, yastanlı yaylaq düzəldəm.
Çoban dostlarıma bağışlamağa
Çadır qayalardan papaq düzəldəm.
Bir gilə götürüb hər bulağından,
Gətirib evimdə bulaq düzəldəm...

Torpağın sirrinə qulaq söykəyən,
Sirrini torpaqdan gizləməyən kənd,
Əlinin ucunda əli yetməyən -
Göylərdən göy qızıl gözləməyən kənd!

Bilmirəm, nə təhər çatdısa gücüm
Dünyanı çiynimdən atdım bu gecə;
Səninlə bir anlıq görüşmək üçün
Sıxılıb qəlbimdə yatdım bu gecə...

Kəndim, balacasan, çox balacasan,
Adın yox dünyanın xəritəsində.
Atılıb qalmısan gözlərdən uzaq
Çaylı, baldırğanlı dağ dərəsində.

Bir əli düyçədə, bir əli yunda
Nənələr kimisən - başı qarışıq.
Babalar kimisən - nəvə toyunda -
Qazanı asılı, süfrəsi açıq...

Kəndim, balacasan, çox balacasan...
Sənin qayğıların yuxuluq deyil.
Mənim yuxularım yuxuya sığmaz.
Elə qorxular var, qorxulu deyil,
Elə qorxular var, qorxuya sığmaz.

Hanı kişnərtisi bulud dağıdan,
İldırım səsini batıran atlar?
Bir göz qırpımında tufanlı dağdan
Çobanlı dağlara aşan qanadlar?..

Min il bu yerlərə hünər daşıdı,
Bərəkət daşıdı at ayaqları.
Döyüş meydanında nərlər qaşıdı,
Atlar ayaqladı yad ayaqları.

Sən tutdun atını qonaq gələnin,
Şirin söz yeyildi duz-çörəyinən.
Ölkə var ölkəyə çörək göndərir,
Göndərir zəhərli söz, çörəyinən.

Nəhəng gəmilərə ölüm yüklənir,
“Orta mənzilli”dir ölümün adı.
Gör hökm-fərmanlar necə güclənib?
Ölüm də rütbəsiz, çinsiz qalmadı!

Kəndim, balacasan, çox balacasan...
Siyasət çayları boy verməz sənə.
Özləri bələdçi, özləri yazan
Göydələn şəhərlər hay verməz sənə.

... Səsində günəşin, selin tufanı,
Əkinçi qəzəbi kürsüyə çıxsa,
Çəkib cilovunu yeni dünyanın
Köhnə dünyamızın əlinə yığsa,
Çox döşdən açılar zəhərli sancaq,
Əsəblər, qəzəblər minməz raketə;
Qıymazsan bəşərin ürəyi sanca,
Qoymazsan dünyanı özündən gedə,
Sən öz dünyandasan, öz ağlındasan.
Əkinçi, biçinçi nağılındasan.
Döyüşçün - qırxınçı, döyüşçün - suçu,
Torpağa dən səpir əsgər - toxumçu.
Hər dərə döşündə bir sürü naxır,
Elə suyumundan “köhnəlik” yağır...

Kəndim, balacasan, çox balacasan,
Bu sonsuz kainat-ümmanda sənə
Qarışqa boyda bir qayıq versələr,
Ən nəhəng ulduza yan ala bilsən
Döşünə taxacaq bir parçasını;
Ən cırtdan ulduza yan al, qorxma sən
Döşünə yaxacaq işartısını;
Ulduz yağışına düşsən də, qorxma!
Gecə ay qışına düşsən də qorxma!
Ulduz yağışından,
Ulduz daşından
Bir keçi buynuzu sınmayıb hələ,
Ayın tərs üzünün qaraqışından
Bir çiçək ləçəyi donmayıb hələ.

Kəndim, balacasan, çox balacasan...
Kəklik fərəsinin sayına görə,
Bulud nərəsinin sayına görə,
Aylı gecələrin sayına görə,
Tozlu küçələrin sayına görə,
Bəlkə də dünyada birinci kəndsən.
Faşist yanğınında sevgisi yanan
Yetim qarıların sayına görə
Belə tox dayanan, məğrur dayanan
Zirvə-qalaların sayına görə.

Ballı pətəklərin sayına görə,
Yallı köpəklərin sayına görə,
Sağmal inəklərin sayına görə,
Bəlkə də dünyada birinci kəndsən.

Qartal qıyıltısı dumanı dəlir,
İnsan hikkəsinin sahili yoxdur.
Nə yaxşı mürgülü, lal dərələrin
Sellərdən qüvvətli sahibi yoxdur.

Nə yaxşı çox azdır balaca-harın;
Balaca süd sağa, yun yuya bilir.
Köhnə təbiəti balacaların
Əlləri daha çox qoruya bilir.
Kəndim, balacasan, çoxbalacasan.

Bu, oğul səsidir! Götür dəftəri:
Danışmaq da yükdür,
Susmaq da yükdür!
Böyük dünyamızın kiçik dərdləri
Böyük dərdlərindən daha böyükdür.
Kəndim - balacasan!
Çox balacasan!...


Pitsunda, oktybr, 1980

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG