Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:46
(Roman. Jurnal variantı)

“Allahdan qorxun. Həqiqətən, Allahın əzabı şiddətlidir!
Allah zalimləri daha yaxşı tanıyandır!”
Quran, "Əl-Maidə" surəsi, 2-ci, 58-ci ayə.

“Ey insan, doğrudan sən elə düşünürsən ki, Allahın məhkəməsindən qaça bilərsən?”

Bibliya, Müqəddəs Apostol Pavelin Romalılara müraciəti, fəsil 2, 3, səhifə 189.

“Ey insan oğlu, onu bil ki, pislikləri yerin üstündə edirsən, amma əməllərinin cavabını yerin bətnində verəcəksən!”
Tövrat, 5-ci surə, 7-ci ayə.

I FƏSİL

Aydın

"Üçüncü minilliyin başlanğıcında İlahi ruh xoşbəxt qəlbə əbədi olaraq SÖZÜ görmək imkanı verəcək. " Bu fikir ürəyindən keçəndə təyyarə artıq havada qəddini düzəltmişdi. Bakı - Frankfurt-Mayn - Çikaqo reysiylə gedəcəkləri məmləkətdə onun bir böyrəyini və qara ciyərinin bir hissəsini yanındakı Bəy Qasıma köçürəcəkdilər. (Bəy təyini çox adamın adından sonra gəlsə də Qasımda bu məsələ əksinə idi və bunun da bir uzun tarixi var idi...)
Aydına ömrü boyu qorxu hissi yad olmuşdu, hər halda, ona elə gəlmişdi ki, heç nədən qorxmur. Ancaq indi havada, itirdiyi Xocalı, uşaqlıq illərinin kecdiyi ev, türmədəki oğlu Orxan və onu qurtarmaq üçün verəcəyi altı yüz min dollar, anasının, arvadının gözləri yadına düşəndə, nəsə, ona ömrü boyu yad olan bir hiss kecdi qəlbinin dərinliklərindən... İlıq gicitikan suyunda çimirdi, gözləri key-key uzaqlara baxsa da, yarı huşdaydı, keyimişdi. Qəribəydi, elə bil yad planetdən gələn gözəgörünməyən varlıqlar onun namusuna toxunub, özlərinə məxsus olan bir forma və məzmunda təhqir edib getmişdilər. O, nə yatmışdı, nə ayıq idi. Nəhəng, sonsuz qatı dumanlığın arxasında get-gedə közərən, parlaqlanan, pardaxlanan, bir az da qürubu xatırladan SÖZü görürdü. Görürdü ki, uşaqlıq illəridir, altı-yeddi yaşında tay-tuşlarıyla çayda cimirlər, qumda güləşirlər, o, hamının kürəyini bir-bir yerə vurur... Kimsə deyir ki, uşaqlar, gəlin görək kim ən uzağa işəyər... O, yenə birinci oldu...
O vaxtdan qırx bir il keçmişdi. Ömründə ilk dəfə çoxdan unutduğu o günlərdəki o qəribə yarışın qələbə anlarında, görüntülərində idi. Beynindən keçən də o idi ki, böyrəyinin birini satandan sonra o cür yarışda həmişə axırıncı olacaq... Ürəyində özünün özünə gülməyi tutdu. Və bu gözəgörünməyən gülüş onu 90-cı ilin 20 yanvar gecəsinə apardı. (Bir gün əvvəl onun ad günüydü - otuz yaşı tamam olmuşdu.) Qoşunlar şəhərə girəndə Aydın dostlarıyla Salyan kazarması tərəfdəydi. (Ayağında təzə bahalı italyan ayaqqabısı varıydı.) Gülləbaran başlayanda yaxınlıqdakı BTR-dən açılan atəşdən yanındakı arxitektor dostu Irşad başından yaralandı. Güllə 1
sağ gicgahından dəyib, başın o biri tərəfindən çıxmışdı. Aydın onu qucaqladı. Əlləri, əyni qan idi. (O vaxtdan on altı il keçsə də, təyyarədə kəmərlə bağlandığı oturacaqdan qeyri-ixtiyari sıçramaq istədi...) O gecədəki ölüm-itimdən keçib səhərə yaxın evlərinə çatdı. Evdə gördü ki, ayağında ayaqqabısının bir tayı qalıb. Səhəri gün gecə olduqları yerə gəldi. Yol boyu gördüklərindən nəfəsi təngiyirdi, havada qurğuşun ağırlığı varıydı. Asfaltda gecədəki dəhşətlərin izləri - qan ləkələri, gölməcələr, yolun ortasında kəsik qolun yanında ağlaşan qadınlar, kişilər... Birdən gözlərinə gecə itirdiyi ayaqqabısının tayı sataşdı - içərisində bir cüt qərənfil və yanında iki qadın, bir cavan oğlan... Qadınlar ayaqqabı tayına baxıb ağı deyib ağlayırdılar, oğlanın gözləri dolmuşdu. Tanımadığı bu qadınlardan biri: balam vay, vay, - deyib üzüqoylu ayaqqabı tayının üstünə düşdü. Bu qan-qadanın içində necə də qəribəydi Aydın, sözlə deyiləsi deyildi. Ürəyindən ayaqqabısının tayını götürmək keçirdi. Ömründə belə gözəl və bahalı ayaqqabı geyməmişdi. Ançaq bu iki addımlıq məsafə dünyanın ən keçilməz keçidiydi sanki. Onu nəinki Aydın, heç kim, heç kim keçə bilməzdi...
Düz on altı il sonra da həmin qərib ovqatdaydı, həmin tanış havadaydı - şirinlə acının ürəkbulandıran qarışığında, ağlamalıyla gülməlinin heç birinnən olmayan havasında...
Uzaqlarda, çox-çox uzaqlarda qalan, illərlə yada düşməyən bu xatirələr hardan gəlib ürəyimi döyəcləyir indi, - deyə Aydın öz-özünə deyindi.
Ali məktəb illərində Politexnik Institutunun axşam bölməsində, ikinci kursda oxuyanda Sovetskidəki kirə həyət evinin qapıbir qonşusu Kubra yadına düşdü. Bu dul qadın, kənddən iki il əvvəl şəhərə gəlmiş Aydından düz 23 yaş böyük idi. Aydın kirayədə kiçik qardaşı Faiqlə qalırdı. Neçə vaxtıydı ki, axşamın qaranlığında dərsdən evə dönəndə, sağa-sola boylanıb, Kubranın evinə girərdi Aydın. Axşam 10-dan sonra qapının çəftəsi açıq olardı. Gecə saat 12-yə qalmış həyətlərindəki bu qapıdan gizlicə çıxıb öz qapılarını döyərdi Aydın. Bir neçə dəfə Kubra ona gecəni qalmağı təkid eləsə də, o, fizika təmayüllü orta məktəbdə oxuyan kiçik qardaşından narahat olduğu üçün bu yalvarışlardan qəti imtina eləmişdi. Bu gizli görüşlərin hər gün qəribə sonluğu olurdu. Aydın qapıdan çıxanda Kubra ona bir iri plitka şokolad verirdi. Və bu görüşlərin ən gözlənilməz, cansıxıcı, belə deyək ki, təhqiramiz dəqiqələri, saatları bundan sonra başlayırdı.
Sovet dövrünün ozünəməxsus ənənələrindən biri, ildə bir dəfə bütün müəssisələrdə "qanvermə" kampaniyalarının keçirilməsi idi. Aydın iki dəfə "könüllü" qan vermişdi. Hər dəfə qolundan sarğı açılandan sonra, yataqdan duranda ona bir plitka şokolad vermişdilər. Nədənsə hər dəfə Kubranın Aydına verdiyi iri plitka şokolad ona qanvermə mərasimini xatırladırdı. Və qəribə də olsa, iki ildi kənddən şəhərə gəlmiş on doqquz yaşlı gəncə bu şokolad məsələsi təhqiramiz gəlirdi. Aydına elə gəlirdi ki, bu dəfə də "könüllü" qan və ya "can" verdiyi üçün ona bir plitka şokolad verirlər. Elə bil ki, onu adi dillə desək, zorlayırlar, sonra da, eldə deyildiyi kimi, hərif yerinə qoyub şokoladla könlünü alırlar. Hər dəfə o, öz dünyasında təhqir olunurdu və bu təhqirlər yığılıb dözülməz olanda bir neçə aydan sonra Aydıngil o kirə evindən gizlicə köçüb getdilər. Kubra bir gün səhər gördü ki, qonşunun kirayənişinləri yoxdular...
Bu şokolad məsələsi heç özü də bilmədi Aydının yadına haradan düşdü. Nəsə bədənində və başında əzginlik hiss elədi. Deyəsən, azca mürgüləmişdi. Gözlərini açanda ona yaxınlaşan stüardessanı Kubraya bənzətdi, ona elə gəldi ki, xəstəxanadadı: böyrəyinin birini, qaraciyərini götürüblər, Kubra da ona şokolad plitkası uzadır... Bir az da gözlərini açdı. Artiq stüardessa onun bərabərində idi. O, Kubra deyildi, gənc, gözəl qız idi. Sağa döndü, Bəy Qasım yanındaydı...

II FƏSİL

Bəy Qasım

Embrionun inkişafında dördüncü aydan sonra, üzdə burun dəlikləri gözlərin yerində, gözlər balıqlardakı kimi az qala qulaqların yerində olur. (Qəribə mənzərədir: burun dəlikləri gözlərdən "baxır", qulaqlardan gözlər görünür...) Sonrakı aylarda yavaş-yavaş gözlər gəlir öz yerinə, ona görə də burun ehmallıca sürüşür aşağıya. Adətən embrionun inkişafı belə gedir. Bəy Qasımda elə bil bu gediş o, ana bətnində olanda, dördüncü, beşinci aylardan ləngiyib dayanmışdı. Gözlər bir-birindən çox, lap çox aralı düşmüşdülər. Eynək taxsaydı, bəbəklər arası məsafə 100 millimetrdən çox olardı.
Deyilənə görə, anası Qasıma hamilə olanda, atası kənddə hamının tanıdığı Qəhbə Kimyaya kəbin çörəyi veribmiş... Və bu olay da neçə illərdi kənd camaatının dilindən düşmürdü... Bəlkə də Qasımın gözləri (ana bətnində dörd aylıq olanda) anasının keçirdiyi həyəcanlardan qulaqlarından göz yuvalarına gələn yolda ləngimişdi. (Uşaq vaxtı tay-tuşları ona Qurbağa Qasım deyərdilər, böyüklər Kələ Qurbanın oğlu Qasım...)
Ömründə heç zaman duymadığı, tanış olmadığı əhvaldaydı Aydın. Yanındakı Bəy Qasıma baxanda, yadına yırtıcı balıq düşdü - balaca balıqları yeyən, dombalan sulu gözləri bir-birindən çox aralı balıq...
Yadına başqalarından fərqli bir adəti də düşdü Aydının. Uzun illərdi o, içtimai yerlərdəki tualetlərdə üstündə əlil arabası şəkli olan otağa girərdi. (Ora o birilərindən həmişə az istifadə olunduğundan daha təmiz və çox vaxt da boş olurdu. Və bir də Aydını özünə də aydın olmayan, izaholunmaz bir hiss çəkirdi ora. Öz-özüylə tək qalanda çox şeyin dərininə gedib, özündən soruşsa da, buna varmamışdı.)
Birdən ürəyinə damdı ki, bəlkə taleyi əvvəlcədən yazılıbmış - qalacağı tək böyrəkli, yarımçıq ciyərli şikəstliyi beləcə ona əyan imiş.
Bəy Qasım son illər uçağa bilet aldıranda arxa cərgələrdə, yola yaxın oturacağı tapşırardı. Hətta bir-iki saatlıq uçuşlarda da dəfələrlə tualetə getməli olurdu. Bu dəfə də böyrəklərinin sancısı qasıqlarına vuranda, yerində qurcuxub ayağa durdu. Tualetdə qapını cəftələyəndə sancılar bir az da artdı. Gözünün qabağına Damcılı bulaq gəldi - uşaqlıqdan cox sevdiyi Damcılı bulaq. Indi damlalar düşdükcə böyrəklərindən belinə sancı-yanğı şığıyırdı, dolurdu, aşağıdan yuxarıya ağrılar onu xəncər kimi doğrayırdı. Ağrılara başqalarından daha dözümlü olsa da, o, bu dar tualetdə bayırda eşidiləcək səslə zarıdı. O, işəmək, rahatlanmaq istəyirdi, ancaq damlalar şırnağa cevrilmirdilər, damlalar birləşmək istəmirdilər... Suda sönməyən fişəngin şivəni kimi ağrılar bir az da yanıqlı və həyasızlıqla onun bütün vücuduna yayılırdılar. O, bu darısqal tualetin divarına söykəndi, gözləri, huşu qaraldı... Ona elə gəldi ki, neçə illər əvvəlki keyf məclislərindən sonrakı gecələrin birindədir. Bir azdan yuxuya gedəcək, sabah bu ağrı-acılar keçəcək.
Huşu aydınlaşdıqca, güzgüdə özünü, gözlərinin altındakı suluqları gördü... Vaxtilə cox, lap cox içdiyi spirtli içkilərə görə özünü qınadı. Amma o dəqiqə fikirindən yayındı. Çünki onunla bərabər bəlkə də daha cox içənlərin böyrəklərinin bu hala düşmədiyini xatırladı. (Qasım günahkar axtarırdı, axtarırdı tapa bilmirdi.)
"Bir dəfə olduqca hazırcavab, böyük sənətçimiz Habil Kaman və dostları Filarmoniya bağındakı çayxanada bir çay süfrəsində əyləşiblərmiş, əsasən, musiqiçilərdən ibarət məclisə bir dəfçalan gəlir. Dəfçalan anadangəlmə ağır kəkələyənmiş. Salamdan dərhal sonra Habil müəllimdən soruşur:
- Bu prostatın iltihabı, kəsilib götürülməsi əməliyyatı nə olan şeydir? Sizə nə olmuşdu ki? Allah şəfa versin, şükür Allaha, indi lap yaxşısınız.
Bu iki cümləni ürəkləri çəkə-çəkə, təxminən beş-altı dəqiqəyə tələffüz edir. Məsələn, son sözü: yyyyyyy-aaaa-xxx-şşşş-ııı-ssss-ııı-nnnnn-ıııııı-zzzzzz.
Habil müəllim dəfçalanı diqqətlə dinləyəndən sonra qayıdır ki, sən necə danışırsansa, mən də o cür... Hamı şaqqanaq çəkir..."
O gecəki məclisdə Qasım da şaqqanaq çəkib gülmüşdü. Indi o, göyün yeddinci qatında bu əhvalatdan ilk dəfə Təngəaltına boylanan uşaq kimi vahimələndi...
Haradansa yadına orta məktəbdə oxuduğu illərdən bir xatirə düşdü. (Qasım yay tətilində bibisigilə qonaq gəlmişdi.) Səkkiz, ya doqquzuncu sinifdə oxuyardılar. Gəncədə el arasında "Tekstilni" deyilən yerə yaxın çəkillik var idi. Tut yetişəndə uşaqlar ora tut yeməyə gedərdilər. Qəpik-quruşdan qumar da oynayardılar (kartla ya aşıqla). Yaxın məhəllədə - "Sukonnuda" atadan yetim, adına Səmə Səlim deyilən, iyirmi dörd-iyirmi beş yaşlarında bir oğlan da olardı oralarda. Ancaq o, uşaqlara qoşulmazdı, tut yığıb yeyərdi, doyandan sonra alt köynəyini çıxarıb, bir tərəfini düyünləyib - torbasını doldurardı...

Tut yeməkdən, xırda qumardan doyan uşaqlar Səlimlə məzələnərdilər. Ağlı beş yaşında, özü iyirmi beş yaşında olan oğlana anasıyla, nə bilim nəylə bağlı suallar verərdilər, hırıldaşardılar...
Ancaq bir gün Qasım bu şit zarafatlardan cox-cox fərqlənən bir hərəkət elədi. Olar-olmaz qəpik-quruşunu uduzan kimi yaxınlıqdakı ağacdan tut yeyən Səlimi yanına çağırdı:
- Səlim, otur aşağı ağzını aç.
Səlim sakitcə oturdu, ağzını açdı. Qasım doqquz nəfər tay-tuşunun gözlərinin qabağında... işədi Səlimin ağzına.
Səlim qışqırdı:
“Ajıdı, ajıdı...” və qaçdı.
Uşaqlar gülüşdülər. Onlardan biri Qasımın üstünə yeridi:
- Alçağın biri, alçaq!
Uşaqlar araya girdilər...
Uzun illərdən bəri ilk dəfəydi ki, bu hadisə Bəy Qasımın yadına düşürdü; Divara söykənib səssizcə zarıyan, işəyə bilməyən Qasımın...
Birdən tualetin qapısı döyüldü və bu səs onu xəyallardan ayırdı. Qapını açanda uzun növbə gördü. Stüardessa sərnişinlərin xahişi ilə qapını döyübmüş.
Qasım oturacağına qayıdanda, birdən salonda zəng çalındı. Zəngdən diksinən kimi oldu. Bu zəng onu yaxın keçmişinə apardı.
Bir dəfə o vaxtlar Lenin sarayı adlanan konsert salonunda prezidentin iştirakıyla hansı bayrama görəsə tədbir keçirilməliydi. Adətən, belə gecələrin ikinci hissəsində tanınmış müğənnilərin, aktyorların ifasında konsert olurdu. Qasıma ömründə ilk dəfəydi ki, işdən dəvətnamə vermişdilər, tapşırmışdılar ki, sənədlə gəlsin. Sarayın giriş qapılarının girəcəyində aeroportdakı çərçıvə-yoxlama qapıları qoyulmuşdu. Qasım "qapı-çərçivədən" keçəndə indi təyyarədə diksindiyi zəngdən çalındı. Qasımı geri qaytardılar. Saatını, kəmərini, cibindəki xırda pullarını çıxartdırıb, yenidən çərçivədən keçirtdilər. O səs təkrar çalındı. Qasımı qaytarıb pencəyini, ayaqqabısını, qalstukuna taxılmış sancağı çıxartdırıb, təkrar qapıdan keçirtdilər, yenə qapının mübarək zəngi calındı. Yoxlayıcı əlindəki çubuq-dəyənəyi Qasımın dalında-qabağında, ayaqlarında, qollarında, hətta başında gəzdirdi. Çubuq-dəyənəyin üstündəki işıq yenə yandı, zəng çalındı. Qapıdan keçəcək adamların növbəsi böyümüşdü. Qasım pərt olmuşdu, üzü pul kimi yanırdı... Mühafizənin rəisini çağırdılar. Birdən Qasımın yadına düşdü, az qala qışqırdı:
- Metal dişlərim!..
(Ehtiyac üzündən Qasımın alt, üst dişlərinin əksəriyyətinə ucuz metal diş qapağı taxılmışdı.)
Nəzarətçi çubuğu Qasımın ağzına yönəldəndə işığı yandı, zəng calındı. Bu zəng hamının üstünə ilıq su çilədi. Qasım dərindən köks ötürdü. Ömründə ilk dəfə, belə deyək ki, öz əzasından - ağzındakı dişlərindən iyrəndi, nifrət elədi - kimə, nəyə heç özü də bilmədi.
Qonşuları Matan xalanın erməni əsirliyindən azad olunan qızı evlərinə dönən gün, gedib qarnındakı iyrəndiyi balasını abort elətdirdiyi yadına düşdü. (O qonşu qızı bu həyəcanlı, ağrılı dəqiqələrdə xəyalına bacısının şəklində gəldi.) O an ürəyində and içdi ki, ağzındakı bütün gümüşü-metal dişlərini çəkdirəcək... O gecə sarayda tamaşaçılardan birinin gözlərinin qarşısında səhnədə bir diş həkimi - əlində kəlbətin və bir ginekoloq varıydı... (Qasımın metal dişləri və qonşu qızın bətnindən ayrılan döl...)
Bu gözəl, böyük təyyarə birdən ildırımlı gecədə yağışa düşüb araba kimi silkələnib, çalxalanmağa başladı. Sərnişinlərin əksəriyyətinin üz-gözündə həyəcan işartıları yanıb-sönürdü. Yerində vurnuxanlar, bir-birindən nəsə soruşanlar da var idi. Hava gəmisi böyük bulud kütləsinin içindən keçirdi.
Aydın əvvəllər də təyyarədə belə anlar yaşamışdı. Həmişə biruzə verməsə də ürəyinin döyüntüləri artmış, həyəcan kecirmişdi. Həmin anlarda o, yadına həyatının insanlara xeyirxahlıqlarla dolu məqamlarını salmağa çalışar, özünü iki tərəfdən sakitləşdirərdi... Ancaq bu dəfə o, zərrə qədər də olsun həyəcanlanmadı. Bəlkə də onun taleyinin son həyəcanları, elə o təsadüflərdəki vəziyyətinə bərabər idi... Aydın tövrünü pozmadan təyyarənin salonundakı insanlara baxırdı. Sol sırada ikinci oturacaqda oturan altmış beş-yetmiş yaşlarında, qulaqları başına görə xeyli böyük olan, bayaqdan yanındakılarla ucadan danışan kişi - qonşuları Həsənağaya oxşayırdı.
Həsənağa uzun illər “Azərittifaq”da müfəttiş işləmişdi. Kefi saz, damağı çağ, yeyib-içən, deyib-gülən bir kişi idi. Son illər “Azərittifaq” qeyr-rəsmi, Həsənağa rəsmi təqaüdə çıxmışdı. Kim onunla yol yoldaşı, ya həmsöhbət olsaydı, mütləq qəribə bir zarafatı ömürlük yadında qalardı.
Məsələn, danışırdılar ki, bir gün Həsənağa kişi dost məclisindən evə kefi saz gələndə görür ki, arvadı geyinib evdən çıxır. Soruşur ki:
- Arvad, xeyir ola, hara gedirsən?
Arvad deyir ki:
- Xəbərin yoxdu? Qonşumuz Zöhrənin əri Famil ölüb, gedirəm ağlaşmaya.
Həsənağa da qayıdır ki:
- Ay pəhmətliyin qızı, ağlamaq istəyirsən (sağ əliylə göbəyinnən aşağını göstərərək) elə öz ölünü agla da, daha başqasını niyə ağlayırsan...
Onun ciddi, ya zarafatla dedikləri qonum-qonşunun, dost-aşnanın dilinnən düşmürdü.
Həsənağanın uşaqların arasında ləqəbi "Ded Maroz" idi. O, evə xüsusi əhvalda - dəm gələndə qulaqlarına kimi qıpqırmızı olardı. Bu əhvalında Yavər Kələntərlinin radioda hərdən səslənən mahnılarından bir parçanı ucadan, avazla oxuyardı:
Iki gəmi gəlir
dımdıx-dımdığa,
Yükü çatılıbdı
biri şabalıda, biri fındığa.
Təyyarə bələdçiləri təkərcikli arabada yemək gətirirlər:
- Nə içəcəksiz?
Bəy Qasım:
- Su, adi su.
Aydın dilləndi:
- Qırmızı şərab.
Qasım qeyri-ixtiyari, bir az da ucadan:
- Yox, yox. Sən də su iç.
Aydın tərs-tərs Qasıma baxdı. Mavigözlü təyyarə bələdçisi nəzakətlə Aydına tərəf azca əyilib, astadan:
- Xəstəsiniz, həkimlər icazə vermir?..
Araya qəribə sükut çökdü. Aydın başını, göz qapaqlarını ağır-ağır qaldırdı:
- Mənə qırmızı şərab verin!
Yemək yeyilib bitincə, adi su və qırmızı şərab içilincə, elə bil bir ömür keçdi. Heç biri bu uzundan-uzun zaman kəsiyində bir kəlmə də kəsmədilər. Qasımın içdiyi su cecə dadırdı, Aydının şərabı - dağ su. Aydının xəyalı oğlu Orxanın yanındaydı - həbsxananın dar, soyuq kamerasında... Qasımın fikri yanındakı əmanətində - Aydının sol böyrəyində, qaraciyərində...
Aydının bir adəti varıydı: qanı qara olanda ömürlüyündən, ya oxuyub-eşitdiklərindən yadına bir şey salar, fikrini dağıdardı. Bir az fikirləşdi, birdən yadına ali məktəb illərindəki qrup yoldaşı Qoja Fazil düşdü. Fazil tələbə yoldaşlarından təxminən on-on bir yaş böyük idi, danışanda azca kəkəliyirdi, üzü çopur, gözünün biri azca çəp və mayıf idi. Danışırdılar ki, uşaq vaxtı karbid partladıb üz-gözünü yandırıbmış, elə o vaxtdan da bir az qəribəlikləri varıymış. Yeddi il ərzində hər il universitetdə qəbul imtahanlarından kəsildiyindən, tikintidə qara fəhlə işləyibmiş. Son üç ildə Inşaat Mühəndisləri Institutunun gecə şöbəsində təhsil almış, lakin buranı da yarımçıq qoyaraq, nəhayət, özündən on yaş kiçik tələbələrlə - Aydıngillə birlikdə, el arasında deyilən kimi, "hüquqa" girib arzusuna çatmışdı. Tələbəlik illərinin hər günündən Fazilnən bağlı gülməli rəvayətlər varıydı. Yazsaydın, kitab bağlamaq olardı.
Universiteti bitirib rayona təyinat alan Fazil, sovet dövrünün qanunlarına görə, gənc mütəxəssis kimi evlə təmin olunmalı idi. Fazil işə başlayandan altı-yeddi ay ərzində əlaqədar təşkilatlara ayaq döyməkdən yorulur, amma ona çatası mənzildən xəbər çıxmır ki, çıxmır. Axırda bezib rayonun birinci katibinin qəbuluna düşür. Bu görüşdə bir neçə adamın yanında onların arasında qəribə bir dialoq olur. Fazil deyir ki:
- Yoldaş katib, bir diplom sizdə, biri məndə. Bax deyirəm ha, əgər mənə ev verməsəniz diplomun ortasını deşib keçirəcəm şeyimin başına, fır-fır fırladacam.
Katib də Fazilnən eyni kənddəniymiş, Fazili uşaq vaxtından tanıyırmış. Deyir:
- Fazil, şey sənin, diplom sənin, get neynirsən elə...
Daha oralarda nələr olur Aydın bilmir. Ancaq hər dəfə bu əhvalat yadına düşəndə, şaqqanaq çəkib gülərdi. Bu dəfə yüngülcə qımışdı, qımışdı deyəndə ki, dodağı qaçdı. Sonra bu təbəssümün yerini ağır bir hava aldı. Fikrinin yel qanadlı atları hər an uzaqlara çapan, özündən qəribə, gülməli rəvayətlər, bəzən şit zarafatlar quraşdıran Aydın bu dəfə əldən yerə düşən termos kimi içinə tökülmüşdü... Yarıyuxulu gözünün ucuyla Bəy Qasıma baxdı. Qasım onun gözlərinə qulaqları kəsik, yırtıcı çoban iti kimi göründü. Aydın üstünə cuman iti daşla, ya nəsə bir şeylə vurmaq istədi. Ətrafda heç nə yox idi, əlini atıb bir böyrəyini ona daş kimi atdı... və qışqırıb yuxudan oyandı.
Qasım bir az hövlnak soruşdu:
- Nə oldu?
Aydın:
- Heç, yuxu görürdüm.
Bir-iki dəqiqə də keçdi, Aydın heç cürə yadına sala bilmədi ki, o nə vaxt yuxuya gedibmiş, bu gördüklərinin hansı yuxuymuş, hansı həqiqət...

III FƏSİL

"Gəncizədi Fərzəli kişi"

Dünən - yola çıxmamışdan əvvəlki gecə yuxuya gedə bilmirdi Aydın. Səhərə yaxın yenicə yatmışdı ki, saatın cır səsi onu oyatdı. Yuxuda dayısı Gəncizədi Fərzəli kişini görürdü. Qəribəydi, Yəhərçi Qazaxlar kəndində düz iyirmi doqquz il əvvəl dünyasını dəyişmiş Fərzəli kişi ilk dəfə idi onun yuxusuna girmişdi.
Fərzəli kişinin qəribə taleyi varıydı. Birinci arvadından doqquz il uşağı olmamışdı. Ikinci evliliyindən iki oğlu varıydı. Böyük oğlu Eyyubun toyu günü qız evindən gəlini götürüb kəndlərinə qayıdanda, sürücü qoyun sürüsünün qəfil yola çıxdığını görüb əyləci basır, bəyin gicgahı maşının pəncərəsindəki kiçik vintə dəyir. Bəy yerindəcə keçinir. Toy matəmə dönür, vay-şivən qopur... Fərzəli kişi uca səslə bağırır:
- Heç kim ağlamasın! Heç kim... Şəfibəyli kəndindən düşmənim Kutais kişinin oğlu Həmidi toy günü vurmuşam. Bu matəm mənimdi. Heç kim ona şərik ola bilməz! Allahım mənə öz böyüklüyünü göstərdi bu dünyada. Heç kim ağlamasın... Allahım mənə toy tutub, indi mən oynayacam.
Çalğıçılara him elədi:
- Çalın!
Araya dərin, ağır sükut çökmüşdü. Çalğıçılar qayaya, daşa dönmüşdülər. Zəhmi dağ çatladan, lay divar Fərzəli kişi silahını çəkdi:
- Çalın!
Qara zurna haray təpdi... Fərzəli kişi qol götürüb oynadı. Hamı yerində donmuşdu, heç kim yerindən tərpənmirdi, nəfəslər təngimişdi. Fərzəli kişi oynaya-oynaya dövrə vururdu... Arvadı Zibeydə xala, bacısı Bilqeyis yana-yana durmuşdular. Birdən Zibeydə xala qəşş eləyib, daş kimi yerə dəydi. Gəlin duvağını başından yerə atdı. Yaxındakılar hərəkətə gəldilər... Bir an sonra Fərzəli kişi də ildırım vurmuş palıd kimi üzü üstə yerə dəydi. Gözlərində yaş yoxuydu, rəngi kömür kimi qaralmışdı...
Gəncizədi Fərzəli kişinin bəy oğlu Eyyubu atasının arzusuyla qəbiristanlıqda, düz yol kənarında dəfn elədilər. Insanlara görk olsun deyə...

...Dörd il sonra Fərzəli kişinin ikinci oğlu Yaqubun toyu idi. Oturduğu yerdə çəliyinə söykənmişdi. Dağ cüssəsindən heç nə qalmamışdı, yumağa dönmüşdü. Ortalıqda oynayanlar on-on beş yaşlarında uşaqlarıydı. Böyüklər özləri bu toyda olsalar da, xəyalları o toyda idi - Eyyubun toyunda...
Xeyli keçmişdi, gəlini də gətirmişdilər. Fərzəli kişi gözlərini bir nöqtəyə dikib, yerindən tərpənmirdi. Heç kim ürək eləyib ona bir söz deyə bilmirdi. Qabağında çayı buza dönmüşdü. Çalğıçılar iki dəqiqə idi ki, ara vermişdilər. Bu neçə saatda Fərzəli kişi ilk dəfə dilləndi:
- Çalın!
Bu söz ağızdan çıxar-çıxmaz üzüqoylu aş nimçəsinə sərildi. Mağar lərzəyə gəldi. Fərzəli kişinin gözlərində yaş yoxuydu. Bacısı Bilqeyis ağı deyirdi:
- Gözünün yaşı quruyan qardaşım hey!.. Toyu vaya dönən qardaşım hey!!!
Qəribəydi, toy başlayandan mağara, insanların bağrına dolan ağırlıq bir göz qırpımında harasa uçub getmişdi... Hamı yüngülləşmişdi elə bil...
Aydın təyyarədə, göyün yeddinci qatında, şər vaxtı belə ağır əhvalatı xatırladığına görə ürəyində özünü danladı. Gicgahlarını ovuşdurdu. Ancaq neyləyəydi, özü çağırmamışdı. Taleyinin dönərgəsində Fərzəli dayısı qəfil gəlmişdi yuxusuna.
Bayaqdan Bəy Qasım Aydının yuxuda dediyi tək-tək, bir az anlaşılmaz sözlərdən diksinib öz aləmindən ayrılır və yenə də beynini didən suallara qapılırdı. Necə oldu ki, bir vaxtlar buz baltası kimi möhkəm olan bədənində iki böyrəyi çürüməyə başladı. Inadkar, tərbiyəsiz uşaqlar öyüdə, sözə tabe olub yola gəlməyən kimi, heç bir bahalı, nadir dərmana tabe olmadı böyrəkləri Bəy Qasımın. Indi onların ikisini kəsib atıb, yerinə Aydının bir sağlam böyrəyini tikəcəkdilər. Üstəlik, qara ciyəri də ona xəyanət eləmişdi. Aydına verəcəyi pul heç gözündə deyildi. Nəydi ki, Qazaxdan o tərəfə gizlicə ötürüb satdırdığı on beş-iyirmi vaqon benzinin pulu...
Və birdən yadına düşdü ki, bu alver təzə başlayanda, benzini əl kanistrlərində keçirdərdilər o tərəfə. (Sonradan yavaş-yavaş benzin maşınlarında və nəhayət, qatarlarla daşıdılar.) Bir dəfə Qasım necə oldusa, böyük maşının çənindən benzini rezin boruyla sovurası oldu. Borunu ağzından aralamaqda azca ləngidiyindən, benzin ağzına və bir xeyli də qarnına getdi. (O vaxtlar onun adı Qasımıydı, benzin vaqonlarla gedəndə dönüb oldu Bəy Qasım.) Bəy Qasımın indi ağlına gəldi ki, içalatını, böyrəklərini bəlkə o vaxt udduğu benzin çürütmüşdü? Ha fikirləşdi, başqa səbəb tapmadı.
Hə, bir də yadına düşdü ki, uşaq vaxtı qonşularında Tamara müəllimə yaşayırdı. Tək, dul qadın idi. Cavanlığında ərdə olmuşdu, əri Hitlerin davasından qayıtmamışdı, uşağı olmamışdı. Sinni olsa da, yanaqları qıpqırmızıydı, iri badamı gözləri, xoş danışığı varıydı. Adına kənddə Tamoşka deyərdilər. Bütün kənd bilirdi ki, Tamoşkaynan Qasımın dədəsi, əlqərəz... Bu üzdən Qasımgilin evində tez-tez söz-söhbət, dava-dalaş olardı. Deyilənə görə, kişi çoxuşaqlı evin olan-qalanını Tamoşkagilə ötürərmiş. Qasımın dədəsi gecələr divar dibiynən xısın-xısın Tamoşkagilə buyurardı. Bir axşam Qasımgildə yenə dava-dalaş olmuşdu. Hətta iş o yerə çatmışdı ki, anası Qasımın üç əmisini evə çağırtdırmışdı. Qasımın onda olardı on beş-on altı yaşı. Səhər dədəsi işə gedəndə, dalınca yavaşca həyətdən çıxdı. Nə görsə yaxşıdı. Kişi o tərəf-bu tərəfə boylanıb girdi Tamoşkagilin həyətinə. Qasım da götürüldü kişinin dalınca, həyətə girəndə dədəsiylə Tamoşkanı qol-boyun gördü. Həyətdə təndir qalanmışdı. Ağ, yumru kündələr təndirin yanında, örtüyün üstünə düzülmüşdü. Qasım ağ kündələri ayaqlayıb əzə-əzə, "qəhbə, qəhbə" deyə-deyə, dədəsinin qorxusundan yüyürüb, qonşunun çəpərindən aşdı. Arxasınca Tamoşkanın:
- Böyrəklərin çürüsün, bu çörək səni tutsun! - Qarğışını eşitdi. Bir də dədəsinin "sənin südünü..." söyüşünü.
Ağlına gəldi ki, bəlkə də Tamoşkanın qarğışı tutub onu...
Birdən yadına düşdü ki, ağrılar belindən başlayır, artır-artır, elə bil ki, kimsə onu sinəsinə qədər təndirə sallayır. Ağrılar yanğıyla qarışır və dözülməzliyə gedir. Böyrəkləri sancdı. Tez cibindən dərman çıxarıb atdı. Nehrədə qatıq-su calxanan kimi, ağrı yandıra-yandıra köks qəfəsinə qədər qalxıb, belindən aşağı düşdü, elə bil dizlərinə süzülüb yenidən geriyə döndü və bu minvalla hər dəfə azca köpü alındı. Üç ildi ki, Qasımla doğmalaşan ağrılar ondan əl cəkmirdi... Səssizcə ufuldadı. Dönüb gözucu Aydına baxdı. Aydın yenə mürgüləyirdi, rəngi-rufu yerindəydi, əhvalı anlaşılmazıydı, elə bil ki, öz dünyasındaydı. Qasım elə baxdı ki, zəndi hiss olunmasın. Ancaq ürəyində olanların heç mində biri bu baxışda əks olunmamışdı. Əslində Aydına olan münasibət ayrı, çox ayrı idi. Bu münasibət arvadının öz bahalı qədim üzüyünə olan münasibətindən də artıq idi. (Qasım bu üzüyü inişil iki vaqon benzinin puluna almışdı.)
Belindəki sancılar Isgəndəriyyə mayakı kimi daima: "mən-mən, burdayam", - deyirdi Qasımın. Əlləri belində yadına çoxdan, lap çoxdan - uşaq vaxtı nənəsinin danışdığı bir əhvalat düşdü.
Nənəsi danışırmış ki, Qasımın ulu babası - Qasım kişinin yetmiş beş yaşında gözləri tutulur. O vaxtlar Əbrəqunus kəndində məşhur bir el həkimi Molla Səftər varıymış. (O vaxtlar həkimə dəllək də deyərmişlər. Dəlləklər sünnət edərmişlər, boğaz basarmışlar, zəli qoyarmışlar, başdan həcəmət alarmışlar, xülasə, çox şey bacararmışlar.) Bu Molla Səftər heç kimi, heç nəyi görməyən Qasım kişini əyləşdirir taxtın üstünə, oğlanlarının, qardaşının yanında ucadan: "Yahu!", - deyib, qəfildən yumruğuyla onun gözünün üstünə zərbə endirir. Zərbədən... xəstə qarşısında duranları görür, sevincindən hönkürür...
Nənəsi danışarmış ki, Qasım kişinin qardaşının o basalaxda məşhur bir atı varıymış, adı da Tərlan. Qardaşı o atı çəkir Molla Səftərin altına. Bu hadisə və bəxşeyiş uzun illərdi ki, dildə-ağızda dolaşırdı. Qasım kişi gözlərinə dünya işığı qayıdandan sonra düz iyirmi altı il yaşadı. Hətta nənəsi danışırmış ki, ikinci arvadından bir oğlu da oldu. Bu oğlanın nəvəsi lap son zamanlara kimi VVAK deyilən idarədə (Ali Attestasiya Komissiyası) işləyirmiş. Deyilənə görə, çox zirəng imiş - puluynan istənilən cızma-qaranı təsdiq elətdirirmiş.
Xülasə, Bəy Qasımın bu hadisə yadına düşəndə, ürəyindən keçdi ki, kaş Molla Səftər sağ olaydı, Qasım kişinin neçənci nəvəsi Bəy Qasımın kürəyinə, ya nə bilim belinə bir yumruq vurmaqla onu bəladan qurtaraydı. Onda ona at nədi, "Cip" bağışlayardı, üstündə də bir milyon dollar. Keçdi ürəyinnən, ancaq özü də gördü ki, ürəyinnən keçənlər nağıla bənzəyir, özü də təzə yox, çoxdan, lap çoxdan söylənilmiş nağıla...

IV FƏSİL

Çaqqal Ayaz

Təyyarənin buludların arasında qorxunc silkələnməsindən xeyli sonra, Aydının könlünə elə bil bir matəm kövrəkliyi dolmuşdu. Yaxın-uzaq ölüləri gözlərinin önündən bir-bir gəlib keçirdi. Növbə Çaqqal Ayaza çatanda, Ayaz dönüb dayandı, zəndlə Aydının düz gözlərinin icinə baxdı. O, o biri dünyaya düz qırx iki gün əvvəl köçmüşdü. Gözlərinə inanmadı, Ayazın başındakı parikin əvəzinə qəribə tüklər bitmişdi. Tük deyəndə ki, mal şotkasına oxşayırdı bu tüklər - kənddə ona qaşov deyirdilər. Gözlərində qəribə ifadə varıydı Ayazın: qəzəb, üzrxahlıq, yalvarış, hamısı da qatqarışıq. Şirin, turş, acı meyvə şirələrini bir-birinə qarışdıranda alınan ürəkbulandıran dad kimi... Çaqqal Ayaz zəndlə, bir neçə saniyə Aydının gözlərinin içinə baxdı-baxdı və gözdən itdi. Adətən, gözlərini gözdən çəkmədən üç-dörd aylıq körpələr baxırlar. Ancaq bu qırx doqquz yaşında dünyasını, ömründə üç dəfə dinini, minlərlə dəfə vədini dəyişmiş məşhur oliqarx - Aydının dost-doğma bibisi oğlu Çaqqal Ayaz idi.
Çaqqal Ayaz Rusiyanın narkobaronlarından biri idi. Son illər beynindəki bəd xassəli şişə görə Amerikada cərrahiyyə əməliyyatı keçirmişdi. Aldığı süa müalicəsindən qara, gur saçları tökülmüşdü, parik gəzdirirdi. Çox qəribəydi, bahalı pariklərinin hamısı uğursuzuydu - xoruzun quyruğu kimi onu satırdı. Uğursuz qrimli aktyora oxşayırdı. Ləqəbini biznes fəaliyyətinin əvvəllərində xalq arasında "vor zakon" adlandırılan, qanuni oğrulardan biri vermişdi. Və dərhal da bu ləqəb elə bil ilahidən pərçimlənmişdi adına.
Qəribə şakərləri varıydı. Məsələn, Qarabağ müharibəsinin qızğın vaxtlarında iki təyyarə erməni dost-tanışını Rusiyadan öz hesabına Bakıya gətirib gəzdirmişdi. (Səfirlikdən viza almaq, onların mühafizəsini təşkil etmək və sairə və sairəni dəf edərək.) Qəribəydi... Rusiyanın və təbiidir ki, Azərbaycanın ən varlı adamlarından olan Ayazın atasını ermənilər cəmi dörd il əvvəl Ağdamın yaxınlığında xüsusi amansızlıqla qətlə yetirmişdilər. Və bu da çox qəribəydi ki, uşaqlıqdan bir yerdə böyüyüb, bir-birinə qardaş deyən dayıoğlu Aydın biboğlu Ayazdan (Bakını gəzməyə gətirdiyi "dostlarına" xərclədiyindən çox-çox az) borc pul istəyəndə ki, böyrəyini, ciyərini satmasın, o, əsirgəmişdi...
Elə həmin vaxtlar Çaqqal Ayaz Bakıda bir məscid, bir kilsə və sinaqoqu ən yüksək səviyyədə təmir elətdirmişdi. Və onların açılışına da aeroflotun "TU-154"-nü kirayələyib, böyük bir dəstəylə uçub gəlmişdi...

V FƏSİL

Qasımın və Aydının ölüm serialları

Bir-birindən xəbərsiz olsalar da, Allahın əmriynən Bəy Qasım da Aydın kimi xəyalında ölüm və ölülər serialına baxırdı. On səkkiz yaşında Tambov türməsində yatanda, dustaqlar iş vaxtı meşədə bir satqını gözlərinin qabağında elektrik mişarıyla (düz böyrəklərinin üstündən) iki yerə bölmüşdülər... Qasım bu mənzərəni görəndən sonra düz üç gün çörək yeyə bilməmişdi. Uzun illər keçsə də, hər dəfə mişar səsi eşidəndə, hətta ekranda görəndə əti ürpəşirdi...
Bəy Qasımın oğlu Bəkir də bir iliydi ki, türmədə yatırdı. Aydınnan fərqli, oğlunun türməyə vəsadətini özü vermişdi. Aydınnan fərqli onu oradan çıxarmaq üçün nəinki hər hansı orqanını, heç toyuğunu da satmağa Bəy Qasımın ehtiyacı yoxuydu. Tanıyanlar bilirdi ki, Bəy Qasım bu məmləkətin beş-on zənginindən biridir. Hal-qəziyə belə olmuşdu ki, Qasımgil Irandan meyidin qarnında narkotiklər keçirəndə, bizim sərhəddə ilişmişdilər. Qasım da böyük xərc-xəsarətdən sonra oğlu Bəkiri öz yerinə türməyə saldırmışdı. Bəkirə də demişdi ki, darıxma, cəmi bir ilə səni oradan çıxardacam, mən düşsəm, əl-qolum bağlanar, işlər müşgülləşər. Bu əhvalatı qəzetçilər dil-ağıza salmasaydılar, heç o da tutulmayacaqdı. Bir də ki, türmədə Bəkirə bir şərait, cah-cəlal yaratmışdılar ki, gəl görəsən. Hətta bir dəfə Bəkirə ürək-dirək vermək ücün qayıtdı ki: "Oğul, bu sənin şəraitin, o da mənim. Sən yaşında olanda Tambovdakı günlərim getsin gəlməsin. Şükür, oğul, şükür elə bu günə."
Bu sözün üstündən Bəkir heç nə demədi, bir az da duruxan kimi oldu. Bu cavabsızlıq Qasımı hövsələdən çıxartdı, pörtən kimi oldu: "Odur bax, xalan oğlu Islam Moskvada fizikadan elmlər doktoru olub, gəlib Akademiyada işləyir. Altında Allahın "zapı"sı da yoxdur, axşamlar Ayna oğlu Məhərrəmin saunasında kisə çəkir. Hələ heç qonşumuz Həsən müəllimin oğlu Nadiri demirəm, o cürə başdı uşağıydı, indi elmlər namizədidi, "Elit"də liftdə işləyir, adam daşıyır... Maşallah, sənin altında üç dənə inomarka..."
- Ata!
Bu bir az əsəbi deyilmiş söz Bəy Qasımı dayandırdı. Qazdan ayıq Bəy Qasım bu dəfə də söhbətin mövzusunu lazım olan tərəfə dəyişdi:
- Oğul, böyrəklərim axır vaxtlar cox incidir məni. Uşaq vaxtı qoyuna gedəndə o qədər nəm torpaqda yatmışam ki, altını indi çəkirəm. (Söhbət bu yönə düşdüyündən Bəy Qasım içindəki ağırlıqdan bir yüngüllük hiss elədi...)
Təyyarə bələdçisinin arxa sıradakı sərnişinə nəsə deməyi Qasımı bir anlıq xəyalının bu xoşagəlməz səhnəsindən ayırdı. Ancaq dərhal sonra gözlərinin önünə üç-dörd ay əvvəl "Səyahət" verilişində gördüyü hansısa vəhşi Afrika xalqının həyatından bəhs edən bir film gəldi: "...Anadangəlmə lüt-üryan qara dərili qəbilə. Qəbilə başçısı bəzəkli bir taxtın üstündə oturub. Görüntüdəki adamlardan fərqli, başında rəngbərəng muncuqlardan, şüşələrdən, rəngli metallardan düzəldilmiş tac var. Ölümə məhkum elədiyi zavallını meydana gətirirlər. Meydanda maye dolu çəllək var. Filmin aparıcısı izah edir ki, çəlləkdəki maye papaya ağacının qabığı çərtilərək yığılmış şirəsidir. Bu şirənin damlasının yüz dəfə durulaşdırılmış məhlulundan "papain" fermenti hazırlanır. Papain iynələri ilə həkimlər bədəndəki çapıq toxumalarını əridirlər. Və birdən ani sükutu tam-tamların və müxtəlif alətlərin döyüş musiqisi pozur. Qəbilə başçısı işarə edir. Ölüm hökmü kəsilmiş gənci bir necə adam bir ğöz qırpımında çəlləyə tullayır. Kütlə bağırır. Çəlləyin dibində insan skeleti görünür. Bütün yumşaq toxumaları bir anda əridən bu maye dumduruydu - göz yaşı kimi..."

Birdən Qasım sudan çıxan qaz kimi başını o yan-bu yana çevirib silkənməyə başladı. Elə bil başına daraşan qara-qura fikirlərdən silkənirdi: "Aydın, Aydın", - çağırıb, Aydını dümsüklədi...

***

Aydının da əhvalı yuxusuna dolmuşdu. Nəfəsi gördüyü yuxudan - olmuş əhvalatdan təngiyən kimiydi. Alnında tər puçurlamışdı. Bu tər qorxudan çox xəcalət təriydi, nə zamansa bu torpaqda yaşamış həmkəndlisinə görə (o, milliyyətcə alman olsa da). Bəy Qasımın dümsüyündən ayılanda son səhnədəydi - yol ayrıcındakı qəbirdə... Gördüyü yuxunun əvvəli beləydi ki, Hitlerin davasından əvvəl Səmkirin Georqsfeld kəndində (sonrakı Leninkənd, indiki Çinarlı qəsəbəsi) almanlar yaşayırdılar. O kənd cənnətin bir guşəsi idi, görənlər bilir. Parkında böyük ağaclar boyda qızılgül kolları bitirmişdilər - ətri uzaqdan vururdu adamı. Parkın içərisində teatr binası, rəqs meydançası, nadir nəhəng ağaclar, əlvan güllər, insan əliylə nazlanmış, süslənmiş, forma və məzmun daşıyan, nağıl-ağıl süjetlərinə çevrilən cənnət varıydı. Şənbə-bazar günləri kəndin adamları çımər, ətirlənər, ən gözəl paltarlarını geyinər, bu gözəl parkda istirahət edərdilər - canlı musiqi, nəğmələr, rəqslər, könül söhbətləri... Uşaqların sevincinin həddi-hüdudu olmazdı... Kəndin yolları geniş, evləri nizamlı, küçələrin hər iki tərəfindən dumduru su axardı, hər on addımdan bir hər iki tərəfdə armud ağacları, hər yüz addımdan bir qovaq və ya şabalıd ağacları varıydı. Şabalıdlar, armudlar çiçəkləyəndə bir aləm olardı. Bütün evlərin yola baxan üzündə, çəpərin həyət səmtində əncir ağacları əkilmişdi. (Yerinə görə bir mənası da bu idi ki, küçədəki toz ənçirin böyük, enli yarpaqları tərəfindən udulsun, tutulsun, həyətə keçməsin.) Yay axşamları hər evin yola baxan enli səkisi və maşın yolu hər iki yüz addımdan bir çəkilən bulaq suyu krantlarından axan sərin su ilə çilənərdi, süpürülərdi. Həyətlərdə və bayırda olan krantların suyu yerin dərin qatlarıyla dağlardan çəkilən kəhrizlərdən gəlirdi. Yayda sərin, istəkanı tərlədən, qışda mülayim, içməli. Almanlar yüz neçə il öncə kəndə dağlardan yerin dərin daşlı süxurlarıyla üç belə kəhriz çəkmişdilər. Deyilənlərə görə, böyük zəhmət bahasına başa gələn və ümumi uzunluğu iyirmi yeddi kilometr olan bu üç kəhrizin hər metrinə bir Nikolay qızıl onluğu xərcləmişdilər. O vaxtki dəyərlərlə bu çox böyük pul idi. Evləri kürsülü, divarları qalın, hər evdə mütləq royal olardı. Evin zirzəmisi dərin və sərin, böyük şərab çənlərinin saxlanc yeriydi. Xülasə, bu abad, gözəl kəndin düzgün, zəhmətsevər, qeyrətli, ağıllı sakinləri varıydı.
Bir gözəl, bar verən ağacın hansısa meyvəsini qurd yeyib iylədən kimi, bir adlı-sanlı nəsil səcərəsindən bir dəli-şəppəli peyda olan kimi, qocaların dediyinə görə, bu kənddən də bir alçaq çıxmışdı. Hal-qəziyə belə olmuşdu ki, bu kəndin bir biqeyrəti öz doğmaca qızının namusuna toxunmuşdu. Və sonra intihar eləmişdi. Yazdığı vəsiyyətə görə, onu iki yol ayrıcında - qəbiristanlığın dikində basdırmışdılar. (Kəndin qurtaracağında, çayı körpüdən keçib Şəmkir şəhərinə gedən yolla, böyük dəmiryol dayanacağına gedən yolun haçalandığı yerdə.) Vəsiyyətdə inadlı xahişlə yazılıbmış ki, hər yoldan ötən mütləq bu qəbrə tüpürsün ki, gələcək nəsillərə görk olsun...
Aydının yadına düşdü ki, uşaq vaxtı oğlanlar hava qaralanda oradan keçəndə, o başdaşına işəyərdilər...

davamı

Günün bütün mövzuları

XS
SM
MD
LG