Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:10

Gəncədə müəllimlərin məcburi xeyriyyəçiliyi?


«Direktor bizi yığıb deyir ki, maaşımızdan 2 faiz tutulacaq»
«Direktor bizi yığıb deyir ki, maaşımızdan 2 faiz tutulacaq»
Gəncədəki orta məktəb müəllimlərindən biri deyir ki, bu aydan maaşlarından 2 faiz tutulur. İşini itirməkdən ehtiyatlandığından o, adını çəkməyimizi istəmir.

Direktor müəllimlərə iclasda deyibmiş ki, bu, yuxarıların göstərişidir və yeni yaradılmış fond üçün yığılır. Pul məcburi verilməlidir.

Evdə müalicəyə ehtiyacı olan xəstə uşağı olduğunu deyən müəllimə narazılıqla onu da bildirir ki, onsuz da indiyədək məktəb direktoru maaşından qanunsuz olaraq 5-6 manat pul tuturmuş:

- Əvvəl 5-6 manat maaşımızdan tutulurdu. Təzə icra başçısı gələndən sonra direktor bizi yığıb deyir ki, maaşımızdan 2 faiz tutulacaq. Əlbəttə ki, istəmirik. Bu ay 2 manat tutuldu. Direktor dedi 2 manat edir, verməlisiniz.

- Könülü olaraq verdiz?

- Yox, dedilər vacibdir, verməlisiniz, maaşdan tutulur.

Gəncənin başqa bir orta məktəbində çalışan digər bir müəllimə də deyir ki, onlara da direktor maaşlardan 2 faiz tutulacağı haqda xəbərdarlıq edib. Direktor deyibmiş ki, tutulan faizlər şəhərin abadlaşdırılması işinə yönələcək:

«ƏLBƏTTƏ Kİ, BÜTÜN MÜƏLLİMLƏR BUNDAN NARAZIDIR»

«İndiyə qədər müəllimlərin maaşından 8-10 manat tutulurdu, qeyri-qanuni. Pedaqoji şurada elan olundu ki, müəllimlərin maaşından 2 faiz tutulacaq. Bu ay hələ ki, olmayıb. Əlbəttə ki, bütün müəllimlər bundan narazıdır. Çünki adını qoyublar ki, bir qismi şəhərin yaşıllaşdırılmasına veriləcək. Bunun üçün dövlət vəsait ayırıb».

Gəncə şəhər Təhsil İdarəsinin rəis müavini İsmayıl İsmayılov isə əvvəl bildirdi ki, heç bir məktəbə belə bir göstəriş verilməyib. Bununla belə, o, sonra qeyd etdi ki, Gəncədə yeni fond yaradılıb və digər müəssisələr kimi, təhsil işçiləri də xeyriyyə təşəbbüsünə qoşulur. Amma onun deməsinə görə,
İsmayıl İsmayılov
2 faiz yox, 1 faiz pul tutulacaq:

«TƏHSİL İDARƏSİ BELƏ BİR GÖSTƏRİŞ VERMƏYİB»


«Təhsil idarəsi belə bir göstəriş verməyib. Məcburi göstəriş verilməyib. 2 faiz söhbəti yoxdur, yalan deyirlər. Elmar müəllim iclasda dedi ki, cəmiyyətə belə bir yaxşılıq eləsək olmazmı? Fond yaranıb, hesab nömrəsi var, bankda şəhid ailələrinə, Qarabağ iştirakçısı ailələrinə. 1 faiz. Hansı kollektiv qərar çıxarırsa, könüllü çıxarır, yoxsa məcburi kim deyir ki?...Təkcə təhsil deyil ey, bütün müəssisələrdir».

GƏNCƏDƏ «ŞƏHİDLƏR FONDU» YARADILIB


«Müəllimlərin maaşlarından tutulan pullar hara gedəcək» sualımıza elə yeni fondun rəhbəri Almaz Aşurov cavab verdi. O, bildirdi ki, pul maliyyə idarəsi tərəfindən ianə etmək istəyən müəllimlərin maaşından kəsilib, birbaşa fondun bank hesabına köçürüləcək və ehtiyacı olan imtiyazlı ailələrə xərclənəcək:

«Müəssisə, idarə və təşkilatların kollektivləri Gəncə şəhərində «Şəhidlər Fondu»nun yaradılması ilə bağlı çoxsaylı müraciət etdilər. İclas oldu, iclasda müəssisə və təşkilatlar təşəbbüslə çıxış etdilər və Gəncədə «Şəhidlər Fondu» yaradıldı. İndiyədək ödəniş olunmayıb. Sənədləşmələr ləngidiyi üçün bu ayın axırından hamısı bank vasitəsi ilə ödəniləcək. Şəhidlərin abidələrinin üstü yenilənəcək. Bu pullar şəhid ailələrində yas, toy, nişan üçün, xəstələrin müalicəsi üçün xərclənəcək».

Gəncədə əlaqə saxladığımız məktəb direktorları isə müəllimlərdən pul yığmadıqlarını söylədilər. Gəncə şəhər İcra Hakimiyyətindən isə yeni fondun yaradılmasını təsdiqləsələr də, ora məcburi pul yığılması haqda deyilənləri təkzib etdilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG