Keçid linkləri

Təcili xəbərlər

Sürücüləri əsgər kimi, əsgərləri bağban kimi Naxçıvan... (I yazı)


Əvvəllər Naxçıvana uçuşu əsasən köhnə, istismar müddəti ötmüş təyyarələr həyata keçirirdi. İndi göyərtəsində olduğumuz təyyarənin təzə və komfortlu olması diqqətimi cəlb edir. Təyyarə havaya qalxır. Stüardessa uçuş müddətinin 55 dəqiqə olması barədə elan verir. Mənsə, öz yerimi rahatlayıb Naxçıvanda həyata keçirməli olacağım işlər haqqında düşünürəm. Təyyarə rahat və səssiz olduğundan mürgüləyirəm.

Ucadan bir səs məni düşüncələrimdən ayırır

«Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam!»

Təyyarənin tavanından asılmış monitorlarda Heydər Əliyev haqqında çəkilmiş sənədli film göstərilirdi. Təxminən 15 dəqiqəlik film bitdikdən sonra filmi təkrar göstərməyə başladılar.

«GÖYÜN YEDDİNCİ QATINDA DA RAHAT YATMAĞA QOYMURLAR»

Yanımda oturan Soltan adlı orta yaşlı sərnişin stüardessadan başqa bir film qoymağı xahiş etdi. Stüardessa bildirdi ki, başqa filmə icazə verilmir.
Sərnişin:
- O zaman söndürün televizoru, yatmaq istəyirəm.
Stüardessa:
- Söndürmək də olmaz.
- Göyün yeddinci qatında da rahat yatmağa qoymurlar.

NAXÇIVANIN ŞAXTASI

Naxçıvanın qışı sərt olur. Lakin, havanın nəmişliyi az olduğundan buranın şaxtası Bakıdakı kimi adamın iliyinə işləmir..

Doğulduğum Şahtaxtı kəndinə gedəcəyəm. Həmin kənd Naxçıvan-Sədərək yolunun üstündə, Kəngərli rayonunda yerləşir.

Aeroportun taksi dayanacağına yaxınlaşıram. Taksi sürücüləri hamısı eyni geyimdə - yəni, onlar üçün nəzərdə tutulmuş kostyum, qalstuk və gödəkcədə sıra ilə düzülüb öz müştərilərini gözləyirlər. Taksilər də demək olar ki, hamısı eynidi - Naxçıvan Avtomobil Zavodunun istehsal etdiyi «Lifan» markalı avtomobillər.

Gözüm dayanacaqdan kənarada dayanmış köhnə tanışlarımdan birinə sataşır. (Burada onun adını çəkməyəcəm. Əlavə problemlərlə üzləşməsini istəmirəm) Həmin dostumun öz şəxsi maşınıyla «taksavatlıq» etdiyini bilirdim. Gizlincə mənə işarə verir ki, ona yaxınlaşım. Salamlaşdıqdan sonra maşınının harada olduğunu soruşuram. Deyir ki, maşını aeroportun çıxışında saxlayıb ki, polislər taksi fəaliyyətiylə məşğul olduğunu bilməsinlər.

GİZLİ «TAKSİ» SÜRÜCÜSÜ

- İndi vəziyyət dəyişib. «QAİ»lər imkan vermir işləməyə. Taksi işlətmək üçün həm, «QAİ»dən xüsusi göy nömrə almalısan, həm də Naxçıvanda istehsal olunan «Lifan» maşını almalısan. «Lifan» almasan, göy nömrə vermirlər. «Lifan»ı kreditə götürmək olur. Göy nömrəni isə «QAİ»də üç min manata satırlar. İki min manat düzəltmişdim, getdim, yalvardım nömrə vermədilər. Dedilər, üç mindən aşağı olmaz.

Naxçıvandan hazırladığım əvvəlki reportajlarımda bundan bəhs etmişdim. Ancaq rəsmi qurumlar belə iddiaları təkzib edirlər.

Dostum isə deyir ki, nömrə almağa pulu çatmadığından gizli şəkildə taksi fəaliyyətiylə məşğul olur. Onun maşınına otururuq. Məndən xahiş edir ki, yol polisi saxlayıb kimliyimi soruşsa, müştəri olduğumu bildirməyim:

-Maşında müştəriylə tutulanda 100 manat cərimə eləyirlər. Ona görə də kənarda dayanıb, ancaq məni tanıyan müştəriləri maşına dəvət edirəm.

Dostumun aeroportdakı dayanacaqdan kənarda durub məni gizli çağırmasının səbəbini indi başa düşürəm.

Naxçıvan- Sədərək magistral yoluna çıxırıq. Bu magistral yol Naxçıvan şəhərindən başlayıb, Sədərək gömrüyünə kimi uzanır. Geniş və rahat yolun hər iki kənarına yaşıllıq zolağı salınıb. Hər tərəf səliqəli və təmizdi. Mənzərə həqiqətən göz oxşayır.

ƏSGƏRLƏR AĞAC ƏKİRLƏR

Yol qırağında əllərində bel, ağaclara qulluq edən çoxlu əsgər görürük. «Taksi» sürücüsü izah edir ki, göz oxşayan yaşıllıq zolağı bu əsgərlərin əməyi hesabınadır:

-Bütün il boyu «lopatka» əllərindən düşmür. Buralarda su olmadığından yay uzunu əsgərlər bu ağacları xüsusi su maşınları ilə sulayırlar. Qışda isə onların dibini belləyirlər.

Birazdan mənzil başına çatırıq. Yaxşı dincəlib, sabahdan işə başlamalıyam.

Sürücüləri əsgər kimi, əsgərləri bağban kimi Naxçıvan... İkinci hissə

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
.
XS
SM
MD
LG