Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 23:02

Liviya olayları Azərbaycan siyasətçilərinin baxışında


İsa Qəmbər
BMT qətnaməsi koalisiya qüvvələrinə Liviyada «dinc əhalini müdafiə etmək üçün bütün vacib addımları atmaq» mandatı verdikdən sonra ABŞ, Britaniya və Fransa təyyarələri Qaddafi qüvvələrinə məxsus hədəfləri vurmağa başlayıblar.

Liviyanın dövlət televiziyası isə 1 milyondan çox insanın silahlandırılacağını bildirir.

Azərbaycanın siyasi dairələrində hesab edirlər ki, Liviya liderinin müqaviməti uzun sürməyəcək.

Müsavat Partiyasının başqanı İsa Qəmbər deyir ki, Qaddafi bir diktator tipidir. Ancaq diktatorların də çoxlu oxşar cəhəti olduğu kimi, fərqlilikləri də var. Onun fikrincə, Qaddafi bütün reallıq hissini, hadisələrə adekvat reaksiya vermək imkanını itirmiş bir diktatordur. O, öz xalqına qarşı dəhşətli cinayətlər törətməklə yanaşı, prosesin gedişinə də əngəllər törədir. Bununla belə, İsa Qəmbər hesab edir ki, Qaddafinin taleyi bütün diktatorlara Hüsnü Mübarəkin, Bin Əlinin taleyindən daha artıq nümunədir ki, demokratik proseslərin qarşısını almaq mümkün deyil. İsa Qəmbər deyir ki, öz azadlığı uğrunda mübarizə aparan xalqa qarşı tətbiq edilən heç bir zorakılıq, repressiya bu prosesi dayandıra bilməz:

«TƏƏSSÜF Kİ, DİKTATORLAR BELƏ HADİSƏLƏRDƏN NƏTİCƏ ÇIXARTMAĞA MEYLLİ OLMURLAR»

NƏZƏR YETİR
«Təəssüf ki, diktatorlar, avtoritar liderlər belə hadisələrdən nəticə çıxartmağa meylli olmurlar. Onlara həmişə elə gəlir ki, özləri də, idarə etdikləri ölkə də fərqlidir və taleləri də fərqli olacaq. Amma hər dəfə də yanılırlar. 2010-cu ilin sentyabrında BMT Baş Assambleyasının toplantısında ABŞ prezidenti Barak Obama açıq şəkildə dedi ki, öz xalqına zülm edən avtoritar liderlər, öz hakimiyyətlərini süni şəkildə uzadan dövlət başçıları da azadlığın və azad dünyanın düşmənləridir. Bu, çox aydın bir mesaj idi. Ağıllı adamlar hələ o zaman bu mesajdan öz hesablarını götürməli idilər. Təəssüf ki, yalnız çox ciddi qarşıdurmalardan, itkilərdən sonra diktatorlar, avtoritar liderlər nə baş verdiyini anlamağa başlayırlar. Hər halda, mən ümid edirəm ki, bu hadisələr bir çox avtoritar liderlərə, diktatorlara dərs olacaq».

İsa Qəmbər əlavə edir ki, əslində, dünya Liviyada baş verənlərə müdaxilə etməyə məcburdur. Çünki bir diktatorun öz xalqını kölə vəziyyətində saxlayıb, sonra da öz haqqını tələb etdiyi üçün repressiyalara, qətliamlara başlamasına uzun müddət dözmək olmaz.

İsa Qəmbərin fikrincə, dünyanın buna indiyədək dözməsi təəccüblü idi. Müsavat başqanı hesab edir ki,
Əli Kərimli
BMT səviyyəsində belə bir qərar verilməsi düzgün addımdır.

AXCP sədri Əli Kərimli isə deyir ki, Qaddafi Şimali Afrikadakı ərəb liderlərinin hamısından daha qəddar hərəkət etdi. Əli Kərimlinin fikrincə də, belə bir vəziyyətin 1 ayadək cavabsız davam etməsi onu göstərir ki, bu cür məsələlərə reaksiya baxımından beynəlxalq sistem hələ də təkmil deyil. AXCP sədrinə görə, Qaddafinin nümunəsi göstərir ki, bəşəriyyət hələ də öz xalqının qanına susayan, psixi cəhətdən pozuntusu olan, öz vəzifəsindən və var-dövlətindən ötrü minlərlə insanın canına qıyan belə adamlardan hali deyil. Halbuki, belələrini durduracaq işlək mexanizm olmalıdır:

«HƏTTA BU QƏDƏR QƏDDAR, DƏLİ VƏ QANİÇƏN OLMAQ DA HAKİMİYYƏTƏ ARTIQ TƏMİNAT VERMİR»

«BMT-ni bu qərarı verdiyinə görə yox, gecikdirdiyinə görə qınamaq lazımdır. Və xüsusilə bu qərarın verilməsinə mane olan dövlətlər öz məsuliyyətlərini hiss etməlidirlər ki, onların qərarsızlığına görə minlərlə dinc liviyalı həyatını itirdi. Bu baş verənlərdən hər kəs özü üçün dərs götürməlidir. İlk növbədə, Qaddafi düşüncəsinə malik olan hansısa dövlət başçıları qalıbsa dünyada, onlar anlamalıdırlar ki, hətta bu qədər qəddar, dəli və qaniçən olmaq da hakimiyyətə artıq təminat vermir. Dünya dəyişib. Və dünyanın yeni şərtlərinə uymaq lazımdır».

Əli Kərimli deyir ki, son günlər Azərbaycanda bu hadisələr Qərbin neft maraqları ilə əlaqələndirilir, cəmiyyətin təsəvvürünün yanlış istiqamətə yönəldilməsinə cəhd edilir. Onun fikrincə, təəssüf ki, bu yanlış tezislər özünə tərəfdarlar tapır.

AXCP sədri hesab edir ki, bu hadisəni, baş verən humanitar faciəni insanlara düzgün izah etmək lazımdır. O, əmindir ki, Qaddafi hakimiyyətdən salındıqdan sonra cəzalandırılacaq. BMT-nin qərarını yerinə yetirən müttəfiqlər isə Liviyada siyasi proseslərə qarışmayacaqlar. Əli Kərimli düşünür ki, bu məsələni Liviya xalqı özü həll edəcək. Koalisiyanın bu addımları sadəcə, Liviya xalqını ağır artilleriyadan və hava hücumundan qorumaq üçündür.

«DAHA PİSİN QARŞISINI ALMAQ ÜÇÜN BU ADDIMI ATDILAR»

Azərbaycan rəsmiləri hələ ki, bu məsələ ilə bağlı münasibət bildirmirlər.

Mübariz Əhmədoğlu
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu isə düşünür ki, Qərbin Liviyaya müdaxiləsi nə neft maraqları, nə də Qaddafinin özünün dediyi kimi «İslamı məhv etməyə yönələn xaç yürüşü»dür. Əksinə, onun fikrincə, bir vaxtlar Qərb neft maraqlarına görə Qaddafinin bəzi cinayətlərini bağışlayıb.

Politoloq deyir ki, Liviyaya hava hücumlarının mahiyyətində heç demokratiya maraqları da dayanmır. Onun fikrincə, BMT-ni bu addımı atmağa sadəcə, Qaddafinin davranışı təhrik edib:

«Qərbdə sadəcə, belə bir qorxu yarandı ki, Qaddafi artıq Tunis və Misir inqilabları nəticəsində meydana çıxmış Liviya xalqını məhv edəndən, o inqilabçıları yerində oturdandan sonra Qərbin qarşısında daha kəskin tələblər qoyacaq. Ona görə daha pisin qarşısını almaq üçün bu addımı atdılar».

Mübariz Əhmədoğlu hesab edir ki, vəziyyətin bu şəkil almasına təkcə Qaddafi səbəb olmayıb. Onun fikrincə, 20-30 il əvvəl Qaddafinin davranışı yeganə davranış sistemi idisə, indi artıq bu, bir çox yerlərdə yoluxucu xəstəlik kimi yayılıb.

Mübariz Əhmədoğlu deyir ki, bu məsələdə kimin haqlı, kimin haqsız olması uzun müddət dartışıla bilər. Amma fakt budur ki, Liviya hadisəsində daha pis vəziyyət proqnozlaşdırılırdı.

Şərhləri göstər

XS
SM
MD
LG